BABILIK VƏ BƏHAILIK
  • Başlıq: BABILIK VƏ BƏHAILIK
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 9:27:32 5-10-1403


BABILIK VƏ BƏHAILIK

Allahın adı ilə

Babilik və bəhailik təriqəti hicri tarixlə 1260-cı, Miladi tarixlə 1844-cü ildə İranda yaranmışdır. Təməli "Bab" (qapı) Mirzə Əli Məhəmməd Rza Şirazi tərəfindən yaradılan bu firqənin hədəfi azdırıcı fikirlər yaymaqla həqiqi İslamı, onun Müqəddəs şəriətini aradan aparmaq və yeni bir din yaradaraq bütün dinləri öz "Babilik" əqidəsi ətrafinda birləşdirmək olmuşdur.

Belə bir təriqətin təməlinə zəmin yaradan əsas amillər həmin illərdə İran cəmiyyətinin dini düşüncə və biliklərindən uzaq düşməsi, həmçinin, onların ifrat həddə çatmış sadəlövhlüyü idi. Digər tərəfdən İran şahının apardığı zülm və təvazökar siyasətdən əziyyət çəkən camaatın onları bu çətinliklərdən xilas edə biləcək şəxsin zühurunu gözləmələri də "Mehdiçilik" pərdəsi altında hərəkata başlayan Mirzə Əli Məhəmmədə babilik ideyasını yaymaqda böyük imkanlar yaratdı.

Tədricən bu təriqət imperializm siyasəti yeridən Rus çarlığı, İngilis imperatorundan maddi yardım və dəstək almaqla İranda geniş şəkildə yayılmağa başladı.

Mirzə Əli Məhəmməd Şirazi əsasən "Şeyxiyyə" kimi bəzi yollarını azmış təriqətlərin fikirlərindən təsirlənmişdi. O, "Şeyxiyyə" təriqətinin banisi Şeyx Əhməd Əhsaninin davamçılarından biri olan Seyid Kazım Rüştünün şagirdi olmuşdur. Əvvəlcə Mirzə hicri 1257-ci, miladi 1841-ci ildə (17 yaşında)İranın Buşəhr şəhərində Seyid Kazım Rüştünün tələbələrindən biri ilə görüşüb onun fikirləri ilə yaxından tanış olur. Bu fikirləri son dərəcə müsbət qəbul edərək onunla razılaşan Mirzə Əli, Seyid Kazım Rüştünün məhz özündən dərs almaq üçün İraqın Kərbəla şəhərinə yollanır. Orada Seyid Kazımla yaxından tanış olduqdan sonra "Şeyxiyyə" təriqətinin ideologiyasını dərindən öyrənməyə başlayan Mirzə bir daha bu firqənin irəli sürdüyü bir çox fikirlərin onun istəkləri ilə uyğun gəldiyinin şahidi olur. Xüsusilə, zühuru gözlənilən on iknci İmam həzrət Mehdi (ə)-ın məsələsi Mirzə Əli Məhəmmədin ideyaları ilə üst-üstə düşürdü. Məhz bu səbəbdən, öz fikirlərini gələcəkdə həyata keçirmək üçün oxumaqla yanaşı, o, fəallaşaraq digər tələbələrdən fərqlənmək və "Şeyxiyyə" alimləri arsında hörmət qazanmağa çalışırdı. Demək olar ki, çox qısa bir müddətdə Mirzə Əli öz istəyinə nail olur. Bir il ərzində o, "Şeyxiyyə" alimləri arasında kifayət qədər nüfuzlu bir insana çevrilir. Hicri 1258-ci il, miladi 1842-ci ildə, "Şeyxiyyə" təriqətinin başçısı sayılan Seyid Kazım Rüştünün vəfatından sonra Mirzə Əli Məhəmməd onun yerinə həmin təriqətdən başçı seçilir.

Doğrudur, bu sahədə təhsil almağa yeni başlamış 17 yaşlı gəncin bir il ərzində bu dərəcədə fəallaşıb birdən-birə "Şeyxiyyə" təriqətinin böyük Şeyxlərindən önə keçməsi və cəmi bir il maariflənmə ilə bu təriqətin başçısı seçilməsi olduqca təəccüb doğuran bir məsələdir. Lakin İslam dininin parçalanmasında maraqlı olan və daim bu çirkin məqsəd üçün çalışan şər qüvvələrin bu işdə böyük rolu olmasını unutmaq olmaz. Ümumiyyətlə, İslamın firqələrə parçalanıb zəiflədilməsi istiqamətində aparılan bu və digər proseslərin inkişafına, İslama düşmən kəsilmiş qüvvələrin hər hansı bir yolla kömək göstərməsinə inanmaq bəlkə də düşüncəsizlik olardı.

İki ildən sonra- hicri 1260-cı, miladi 1844- cü ildə isə Mirzə özünü "Bab", yəni İmam Mehdi (ə)-la əlaqə saxlamaq üçün vasitə, qapı kimi tanıtdırır və "Şetxiyyə" təriqətinə mənsub olan bir çox insanları öz ətrafına toplayır. Qeyd edək ki, Mirzə, "Mehdiçilik" ideyasını "Sufiyyə" və "Şeyxiyyə" təriqətlərindən öyrəndiyi qaranlıq və şübhəli təlimlər (biliklər) əsasında qurmuşdu.

Uzun müddət qəlbində bəslədiyi fikirlərini, nəhayət, yaranmış əlverişli imkandan istifadə edib açıq şəkildə elan etməyə başlayan Mirzə Əli Məhəmməd əvvəlcə özünü İmam Mehdi (ə)-ın canişini kimi tanıtdırır, sonra isə on ikinci İmamın özü olduğunu bildirir. Qəlbində zərrə qədər Allah xofu olmayan və islamın parçalanıb zəifləməsi istiqamətində çalışan bu xəyanətkar insan, hətta daha sonra Peyğəmbər olduğunu və yeni din gətirdiyini də iddia etməkdən çəkinmədi.

Tarixdə qeyd olunur ki, şiə məzhəblərinin alimləri Mirzə ilə elmi müzakirələr apardıqdan sonra o, bir müddət öz batil fikirlərini yaymaqdan çəkinir və hətta bir neçə dəfə Şiraz məscidində camaatın qarşısında tövbə edərək şəxsi ideyalarından uzaqlaşdığını bildirir. Lakin dinini, imanını dünyasına satan Bab yenidən öz azğın fikirlərinə qayıdaraq fəaliyyətə başlayır. Növbəti dəfə isə, artıq o hökumət orqanları tərəfindən həbs edilərək Maku şəhərinin "Cəhrit" qalasında zindana salınır. Bu təzyiqlərə baxmayaraq, Bab xürafat dolu fikirlərini yaymaqdan çəkinməyib, hətta yeni kitablar və məktublar yazaraq öz tərəftarlarına göndərir. Belə bir təbliğatın, zəhərli fikirlərin yayılması nəticəsində ölkədə bir qədər qarışıqlıq, müsəlmanlar arasında çaşqınlıq və ikitirəlik yaranır. Bu problemlərin qarşısını almaq üçün İran hakimi, nəhayət, Mirzə Əli Məhəmmədə güllələnmə hökmü verərək Təbriz şəhərində, böyük bir insan kütləsi qarşısında onu edam etdilər. Bu hadisə hicri tarixilə 1850-ci ildə Babilik təriqətinin yaranmasından 6 il sonra baş verir.

Bab edam edildikdən sonra qacar hökuməti, onun fikirlərini yenidən geniş şəkildə yaymağa cəhd edən davamçılarına qarşı tədbir görməyə başlayır. Onlar Babın şagirdlərindən biri Mirzə Hüseyn Əlinin başçılığı ilə. Rusiyanın Tehrandakı səfirliyinə gedib sığınacaq istəyirlər. Səfirlik onları himayə edərək xüsusi nümayəndə ilə Bağdada göndərir.

Babilər İraqda bir müdət bərqərar olub möhkəmləndikdən sonra yenidən fitnəfəsad və təfriqələr yaymağa, camaata qarşı təvazökar əməllər törətməyə başlayırlar. Bu hadisələrdən sonra onlar din alimləri tərəfindən ciddi etirazlara məruz qalırlar. Təhlükə ilə qarşılaşdıqlarını görən babilər əvvəlcə İstanbula, oradan isə Ədirnəyə köçməli olurlar.

Tədricən başçılığı ələ alan Mirzə Hüseyn Ədirnədə bir neçə saxta sənədlər düzəltməklə özünü Babın təmsilçisi adlandırır. Daha sonra isə babilər oradan da köçüb fələstin şəhərində məskunlaşdılar. Babilərin böyük etimadını qazanmış Mirzə Hüseyn bu imkandan yararlanıb Əkkə şəhərində yeni bir iddiasını elan edərək güya babın, həqiqətdə onun gələcəyini hazırlayan, zühuruna şərait yaradan bir şəxs olduğunu bildirir.

Bunula da o, babilərə özünü təriqətin ən üstün şəxsiyyəti, ən əsas lideri kimi tanıtdırmaq istəyirdi.

Sonradan özünə "Bəhaullaha" (İlahi nur) ləqəbi götürən Mirzə Hüseyn Əli babiləri tamamilə öz təsiri altına salaraq "Bəhailik" adı ilə məşhur olan yeni bir firqə yaradır. (tarixdə qeyd olunur ki, bir müddət sonra o, hətta Peyğəmbərlik və daha sonra Allahlıq da iddia etmişdir).