İMAM ƏLI (Ə)IN QOŞUN SƏRKƏRDƏLƏRINƏ GÖNDƏRDIYI MƏKTUBLARINDANDIR
İmam Əli əleyhis-salamın qoşun sərkərdələrindən olan iki nəfərə (Ziyad ibn Nəsr və Şüreyh ibn Haniyə) göndərdiyi məktublarındandır. (Həmin məktubun mətni belədir:)
Malik ibn Haris Əştəri sizə və sizin tabeçiliyinizdə olanlara başçı və əmir təyin etdim. Beləliklə, onun əmrinə qulaq asıb itaət edin və onu (özünüzə) zireh və sipər edin. Çünki o, süstlük (bacarıqsızlıq), büdrəmək (səhvə yol vermək), həmçinin çeviklik və cəldlik ehtiyat və ağıllılığa daha uyğun sayılan yerdə asta tərpənmək, asta hərəkət etmək daha yaxşı olan yerdə isə tələskənlik etmək qorxusu olan adamlardan deyil. (Malik Allahın razılığını əldə etmək üçün çalışaraq heç vaxt süstlüyə yol verməz, bihudə sözlər danışaraq yersiz bir iş görməz.)
İmam Əli əleyhis-salamın Siffeyn müharibəsində düşmənlə (Şam qoşunu ilə) qarşılaşmamışdan qabaq öz qoşununa olan tövsiyələrindəndir (ki, onda onlara qələbə yolunu göstərib və onları qadınları incitməkdən çəkindirib).
Onlar (Şam qoşunu) sizinlə döyüşə başlamayınca siz müharibə etməyin (müharibəyə başlamayın). Çünki Allaha şükr olsun ki, sizin dəlil və sübutunuz var. Sizin, onlar döyüşə başlamayınca onlarla müharibəyə başlamamağınız da, onlara qarşı olan digər bir sübut və dəlilinizdir. Buna görə də əgər (onlar müharibəyə başlayaraq sizi də döyüşə vadar etsələr və) Allahın əmr və istəyi ilə (onlar meydandan) qaçmaq və məğlubiyyətlə üzləşsələr, qaçanları öldürməyin, acizləri yaralamayın, yaralını öldürməyin, qadınları hətta sizin şərəfinizi söysələr və başçı və böyüklərinizə nalayiq sözlər desələr belə, (onları) incitməklə təhrik etməyin. Çünki onların güc, can (iradə) və ağılları zəif və süstdür. Bizə (Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – zamanında) əmr olundu ki, onlardan əl götürək, halbuki onlar müşrik idilər. (Deməli, zahirdə İslamı qəbul etdiklərini bildirsələr, mütləq onlara toxunaraq incitməkdən çəkinmək lazımdır). Cahiliyyətdə kişi bir qadını daş və ya çomaq ilə vursaydı, buna görə onu və övladlarını məzəmmət edərdilər.