FATIMƏ (S.Ə) BÜTÜN QADINLARDAN ÜSTÜNDÜR
  • Başlıq: FATIMƏ (S.Ə) BÜTÜN QADINLARDAN ÜSTÜNDÜR
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 18:55:14 1-9-1403


FATIMƏ (S.Ə) HACƏRDƏN ÜSTÜNDÜR

Ən üstün və dəyərli məscid Məscidül-həramdır. Kəbə isə Allah hərəmi və bütün məscidlərin qibləsidir. Həzrət İbrahimin (ə) xanımı Hacər Kəbənin yanında torpağa tapşırılıb və Allah-Taala da müsəlmanlara əmr edib ki, Hacərin qəbrinin ətrafında dolansınlar. Amma həzrət Fatimənin (s.ə) məqam və dərəcəsi hətta şərəf evində yatan Hacərdən belə üstündür. Çünki o dörd behişt qadınlarından biridir. Həmin dörd qadınlar isə bunlardır: Məryəm, Asiya, Xədicə, Fatimə. Bundan əlavə əhli-beytin iftixarlarının varisi, Adəmdən (ə) başlayaraq İbrahimə (ə) çatan, İsa və Musanı (ə) da ehtiva edib Məhəmməddə (s) tamamlanan bir nəslin davamçısıdır Həzrət Fatimə (s.ə).

Atasının ölüm yatağı yanında

Peyğəmbər (s) xəstələnmişdi, başı həzrət Əlinin (ə) sinəsi üstündə idi, əli ilə onun əlindən tutmuşdu. Fatimə (s.ə) də Peyğəmbərin (s) yatağının yanında oturub ağlayırdı. Atası gözlərini açıb həzrət Fatiməni (s.ə) ağlayan gördükdə ona belə buyurdu: "qızım, mənə Quran oxu". Fatimə (s.ə) də Qurandan bir neçə ayə oxudu. Əslində peyğəmbər (s) həyatının son anlarında qızının səsini eşitmək istəyirdi. Peyğəmbər (s) dünyadan köçərkən evini qəm və matəm bürümüşdü. Atasının vəfatından kədərlənən Fatimənin (s.ə) bədəninə sanki ağır bir zərbə endirilmişdi. Hələ bir neçə saat keçməmişdi ki, o, daha bir zərbə aldı: ərinə qarşı törədilən cinayət, Həzrət Fatimeyi Zəhra (s.ə) əvvəlki kimi yenə də fədakarlıqla ərinin qəsb olunmuş haqqını müdafiə edirdi. Belə ki, hətta bir gün Bəni haşim və ənsardan olan qadınlarla birgə atasının məscidinə gəlib xəlifənin hüzurunda fövqəladə, təsiredici bir xütbə oxuyaraq sözlərini açıq-aşkar bəyan etməsi oradakıların hamısını ağlatmışdı. Amma onlardan qayğı görmımişdi. Sanki, onların üstünə soyuq su ələnib, zillət tozu qonmuşdu. Həzrət Fatimə (s.ə) əsəbi və narahat bir şəkildə gəlib Əliyə (ə) dedi: "Nəyə görə haqqını müdafiə etmirsən?" həzrət Əli (ə) Fatimənin cavabında belə buyurdu: "Atanın adının məscidlərdə ucalmasını istəyirsənmi? Atanın hədəflərinin olmamasını istəyirsənmi?" Fatimə "bəli" dedi. Onda Əli (ə) sözünə davam etdi: Əgər onların istədiyi kimi mən də qılınca əl aparsam, atanın və ərinin zəhmətləri puça çıxar, hamımız məğlub olarıq" Həzrət Fatimə (s.ə) heç bir söz danışmadı və öz mübarizəsini sükut etməkdə gördü. Necə ki, 25 il müddətində susaraq məzlumluğunu əməli ilə aləmə car çəkərək nümayiş etdirən əri həzrət Əli (ə) kimi.

Həzrət Fatimənin (s.ə) şəhadəti

Həzrət Fatimə (s.ə) artıq hər şeyi əldən verdiyini və Əli (ə) üçün bir iş görə bilmədiyini dərk etmişdi. O var qüvvəsi ilə çalışırdı ki, xilafət binasının təməli çürümüş ağacların vasitəsilə qoyulmasın.

Artıq yaşaya bilmirdi Həzrət Fatimə (s.ə) vaxt keçdikcə yaradanına qovuşmasını səbirsizliklə gözləyirdi. Nəhayət, hicri ilinin cəmadius-sani ayının üçüncü bazar ertəsi günü, atasının vəfat etdiyi ildə uşaqlarını öpüb onlarla vidalaşdı. Daha doğrusu vidalaşdırdılar. Bütün nəsillər bilməlidirlər ki, Peyğəmbərimizin (s) qızı Xanım Zəhra (s.ə) öz əcəli ilə ölməmişdir. Onu və hətta bətnindəki, hələ dünyaya gəlməmiş Möhsününü belə xəyanətkar zalımlar şəhid etdilər. Çünki Xanım Zəhra öz atası və həyat yoldaşının qəsb olunmuş haqqını müdafiə etdiyi üçün o xəyanətkarlar tərəfindən ölümünə səbəb olacaq şəkildə yaralanmışdır. Bəli o gecə Zəhra bütün ailəsi ilə vidalaşdı:

Yeddi yaşı olan Həsən (ə) ilə,

Altı Yaşı olan Hüseyn (ə) ilə,

Beş yaşı olan Zeynəb (ə) ilə,

Üç yaşında olan Ümmi Gülsüm ilə,

Axırda isə həzrət Əli (ə) ilə vidalaşdı. Nə çətin idi o vida anları! Fatimə (s.ə) qüsl etmək üçün su istədi. Allah ilə görüşə getdiyi üçün təzə paltar geydi. Sonra isə üzü qibləyə tərəf uzandı və gözləməyə başladı. Bir az sonra gözlərini yumub dünyadan köçməsi ilə Əlinin (ə) evində yanan bir şamı söndürdü.

Əli (ə) Fatimənin (s.ə) vəsiyyətinə əməl edərək ona özü qüsl verdi və kəfənləyib dəfn etdi. Amma qəbrinin yeri gizli qalmalı və heç kimin xəbəri olmamalı idi.

Artıq Əli (ə) tənha idi. Həzrət Fatimənin (s.ə) qəbrinin yanında oturub Peyğəmbərin (s) qəbrinə xitabən dedi: "Ey Allahın peyğəmbəri, mənə tapşırdığın əmanəti sənə qaytarıram. Başıma gələn bütün əhvalatları qızın sənin üçün olduğu kimi danışacaqdır. Bütün suallarını ondan soruş. O, hamısını sənə deyəcəkdir".