Adı: Әli
Ləqəbi: Hadi və Nəqi
Künyəsi: Әbülhəsən
Atası: Həzrət imam Məhəmməd Təqi (ə)
Təvəllüdü: Hicri 214-cü il
Imamlıq müddəti: 34 il
Ömrü: 40 il
Şəhadəti: 254-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mötəz tərəfindən şəhid oldu.
Məzarı: Iraq, Samirra şəhəri.
TӘVӘLLÜDÜ
Hadi ləqəbi ilə məşhur olan imam Әliyyən-Nəqi əleyhissalam 212-ci hicri-qəməri ilinin Zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı bir məntəqədə dünyaya gəldi. Atası imam Cavad (ə), anası isə təqvalı və fəzilətli bir kəniz olan Səmanə xanım idi. Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamlıq məqamına çatdı. Uşaq olmasına baxmayaraq bütün şiələrin diqqətini özünə cəlb etmişdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Necə ki, Mütəvəkkil imamı Mədinədən Samirraya gətirdi və imam ömrünün axırına qədər orada qaldı.
IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI
Həzrət Hadi (ə) zöhd və təqva baxımından misilsiz idi. Misal üçün Mütəvəkkilin məmurları onun evinə basqın etdikdə onu sadə bir otaqda ibadət halında görmüşdülər. O, Quranı çox sevər, xalqın işini sahmana saldıqdan sonra həmişə Quran oxuyardı. Camaatla xoş və gülərüzlə rəftar edər, ahəstə addımlarla yeriyərdi. Yoxsulların vəziyyəti ilə maraqlanar və bəzən otuz min dinara qədər pulu dar gündə olan yoxsullara bağışlayardı. Belə ki, bir gün Mütəvəkkil tərəfindən həzrətə göndərilən 30 min dinarın hamısını yoxsul bir ərəbə bağışladı.
Mütəvəkkilin anası imam Hadinin zöhd və imanına heyran olmuşdu. Bir gün ayağı yaralanmış Mütəvəkkili həkimlər sağalda bilmədikdə Mütəvəkkilin anası Fəth ibni Xaqanı o həzrətin evinə göndərdi ki, imamdan dərman alıb gətirsin. Həzrətin göndərdiyi dərman Mütəvəkkili sağaltdı. Bütün həkimlər bu işə mat qalmışdılar. Anasının təşəkkür üçün göndərdiyi min dinarın hamısını həzrət yoxsullar arasında payladı.
IMAMIN YOXSULLARA ETDIYI KÖMӘKLӘR
Bir gün rəssam Yunus qorxa-qorxa imamın hüzuruna gəlib belə dedi: Ey Peyğəmbərin övladı! Mən öldürülmək ərəfəsindəyəm. Məndən sonra siz ailəmə yetişin. Həzrət (ə) əhvalatı soruşduqda o, belə izah etdi: Abbasilərin adamlarından biri mənə bir qaş-daş verib ki, üstünə rəsm çəkim. Lakin qaş-daşın üstündə işləyərkən yarı bölündü. Sabah qaş-daşı geri almaq üçün gələcəklər, əgər əhvalatı bilsələr məni öldürəcəklər. Imam (ə) başını aşağı salıb, belə buyurdu: «Sənin haqqında dua etdim. Arxayın ola bilərsən ki, onlar daha sənə heç bir ziyan yetirməyəcək. Әksinə bu iş sənin xeyrinə qurtaracaq.»
Sabahısı gün Yunus məmurlardan biri ilə ayaqları titrəyə-titrəyə həmin kişinin evinə getdi. Çox keçmədən evin yiyəsi gəlib ona dedi: Ey Yunus! Qaş-daşın üstünə bir rəsm çəkəcəkdin. Lakin qaş-daşın üstündə mənim iki qızım arasında ixtilaf vardır. Әgər mümkündürsə onu iki böl və hər birini üstündə ayrı-ayrı naxış sal. Bu iş üçün sənə ayrıca bir mükafat da verəcəyəm. Yunus: «icazə verin bu barədə bir az fikirləşim» - deyə oradan çıxdı və sevincək imamın hüzuruna gələrək ona etdiyi bu yaxşılıq üçün təşəkkür etdi.
ÇӘTIN DÖVR
Imamların öz mübarizələrinə, eləcə də zülmkar hökmdarlara qarşı müxalifətlərinə davam etmələri islam və şiəlik tarixinin ən parlaq səhifələrindən sayılır. Onların zülm ilə saziş etməmələri və yoxsullardan tərəfdarlıq etmələri zülmkarları qəzəbləndirirdi.
Həzrət Hadi (ə) həyatı boyu yeddi Abbasi xəlifəsini görmüşdü. Lakin o həzrətin yaşadığı ən ağır dövr Mütəvəkklin xəlifə olduğu dövrdür. Çünki Mütəvəkkil çirkin, imansız və şöhrətpərəst bir kişi idi. Zahirdə özünü dindar göstərsə də bu oyun, yalnız siyasi hədəflərini həyata keçirməkdən ötrü idi. Mütəvəkkil 226-cı hicri ilində əmr etdi ki, imam Hüseyn əleyhissalamın qəbrini Fərat çayının suları altında qoyaraq uçurdub yerində əkin əksinlər. Beləliklə də o, bu əməli ilə xalqı Kərbəla şəhidlərinin qəbrini ziyarət etməkdən məhrum qoymaq istəyirdi. Mütəvəkkil yaxşı bilirdi ki, bu qəbirlərdən hər biri ürəyi yanmış aşiqləri dünyanın hər tərəfindən özünə tərəf çəkən möhkəm bir səngərdir. Mütəvəkkil hətta alimlərdən biri olan Məhəmməd ibni Idrisdən tərəfdarlıq edərək xalqın məsələlərini ondan soruşmalarını təşviq edirdi ki, ta Әli (ə) xanədanından uzaqlaşsınlar. Mütəvəkkil törətdiyi ağır cinayətdən (yəni imamı qətlə yetirməkdən) sonra heç vaxt rahatlığın nə olduğunu bilmədi və nəhayət şiə türkləri tərəfindən öldürüldü.
IMAM HADI (Ә) VӘ QEYBI YARDIMLAR
Bir gün yaltaq adamlardan biri Mütəvəkkilə belə dedi: Siz nə üçün məmurlarınıza imam Hadi əleyhissalama hörmət etmələrini və o, içəri girəndə pərdələri qaldırmaları və qapıları açmalarını əmr edirsiniz? Bu işlər sizin şərəfinizi alçaldır. Qoy imam da başqa adamlar kimi gəlib getsin ki, xalqın gözündə nüfuzdan düşsün. Mütəvəkkil onun istəyini qəbul edib məmurlarına əmr etdi ki, imam gələndə pərdələri qaldırmayıb qapıları açmasınlar.
Bir gün məmurlardan birisi qaça-qaça Mütəvəkkilin yanına gəlib dedi: Imam gəlir, lakin hər qapıya çatanda qapılar öz-özünə açılır və pərdələr qalxırlar. Bu vəziyyət artıq hamının diqqətini cəlb edib, əgər belə davam etsə, imamın dəyəri və üstünlüyü hamıya bəlli olacaq, nəticədə isə sənin hökumətin təhlükəyə düşəcəkdir. Mütəvəkkil dərhal məmurlarına əmr etdi ki, imamla əvvəllər olduğu kimi davranaraq o həzrətə daha artıq hörmət etsinlər.
HAQQ YOLUNDA ŞӘHADӘT
Bir gün Mütəvəkkil uşaqlarının müəllimi olan Ibni Sekkeytdən «mənim uşaqlarımı çox sevirsən, yoxsa Peyğəmbərin iki oğlu Həsən və Hüseyni?» - deyə soruşdu.
O, dərhal və cəsarətlə belə cavab verdi: «Әli əleyhissalamın qulu olan Qənbəri səndən və sənin uşaqlarından da daha artıq sevirəm».
Bu zaman Mütəvəkkil yerində qovrularaq ilan təkin dərhal əmr etdi ki, bu böyük kişinin dilini peysərindən çıxarsınlar və beləliklə onu 58 yaşında ikən şəhid etdilər.
MÜTӘVӘKKILIN ӘLI (Ә) XANӘDANINA OLAN EHTIRAMSIZLIĞI
Mütəvəkkil israf etməkdə, eləcə də xalqın sərvətini boş yerə xərcləməkdə şöhrət qazanmışdı. Hətta günü bu gün də Samirra şəhərində mövcud olan qüllənin ucaldılmasında bir milyon yeddi yüz min qızıl dinar pul xərcləmişdi. Lakin bütün bunlara baxmayaraq Peyğəmbərin övladını elə ağır vəziyyətə salmışdı ki, Peyğəmbərin qızları Mədinədə ip əyirməklə güzəranlarını təmin edirdilər. Hətta iş o yerə çatmışdı ki, əyinlərinə geymək üçün bir dənə təzə paltarları belə yox idi. Mütəvəkkil Әli (ə) övladları ilə sərt davranır, Әli (ə) düşmənlərilə dost, eləcə də onlara Әli (ə) və xanədanını ələ salıb təhqir etmək üçün külli miqdarda pul verirdi. Həmişə yanında bir təlxək də var idi ki, iyrənc rəftarları ilə Әli əleyhissalamı lağa qoyub Mütəvəkkili güldürürdü.
Mütəvəkkilin Әli (ə) övladlarına qarşı etdiyi hörmətsizlik hətta o dərəcəyə çatmışdı ki, bir gün öz məktublarının birində Mədinə valisinə belə yazdı: Hər kim Әli (ə) xanədanına yardım etsə, yaxud onlarla oturub-dursa, onu ağır şəkildə cəzalandır.
Mütəvəkkil 243-cü Hicri-qəməri ilində imam Hadi əleyhissalamı Mədinədən Samirraya sürgün etdi və o həzrəti oğlu imam Həsən Әskəri ilə birlikdə ömürlərinin sonuna qədər hərbi bazasının yanında nəzarət altında saxladı. Elə buna görə də 11-ci imam (ə) Әskəri ləqəbi ilə məşhur oldu.
IMAMIN ELMI MӘQAMI
Həzrət Hadi əleyhisslamın elmi nübüvvət məktəbindən qaynaqlandığı üçün elm nuru mübarək ürəyinə saçılaraq onu yaradılış sirrindən xəbərdar edirdi. Onun elmi haqqında bir neçə örnəyi burada qeyd edirik:
1. Bir gün Rum padşahı Abbasi xəlifələrindən birinə belə bir məktub yazdı: Incildə oxuduğumuza görə səmavi bir surə vardır ki, hər kəs onu oxuyub əməl etsə, Allah onu cəhənnəmə atmayacaqdır. Bizə həmin surənin hansı surə olduğunu yazın. Çünki biz onu Incildə tapa bilmədik.
Abbasi xəlifəsi bütün alimləri toplayaraq bu barədə onlardan soruşdu, lakin heç biri cavab verə bilmədi. Xəlifə imam Hadi əleyhissalamı da dəvət edərək həmin məsələni ondanda da soruşdu. Imam (ə) belə buyurdu: «O, hər bir müsəlmanın gecə-gündüz neçə dəfə namaz oxuduğu «Həmd» surəsidir». Həzrət (ə) daha sonra bir sıra əlavə izahat da verərək bütün alimləri heyrətdə qoydu. Imamın verdiyi cavabı Rum padşahına göndərdilər. O da məktubu oxuyaraq sevindi və müsəlmanlığı qəbul etdi.
2. Məmun və ondan sonrakı xəlifələrin zamanında məşhur alimlərdən sayılan Yəhya ibni Әksəm məktub vasitəsilə həzrət imam Hadi əleyhissalamdan bir neçə məsələ soruşdu. Imam (ə) da onların hamısının cavabını verdi. Yəhyanın məsələləri və imamın cavablarını aşağıdakılardan ibarət idi:
a) Süleyman Səba məlikəsi Bilqeysin taxtını istədikdə onun vəziri olan Asif Bərxiya belə dedi: Mən onun taxtını bir göz qırpımında bura gətirərəm.
Nə üçün Süleymanın özü bu işi görmədi? Məgər onun özü bu işi bacarmırdımı?
Cavab: Asif nə edirdisə Süleyman tərəfindən görürdü. Bildiklərinin hamısını da ondan öyrənmişdi. Süleyman bu işin sirrini bilirdi, amma öz canişinini xalqa tanıtdırmaq və onun məqamını xalqa bildirmək üçün bu işi onun öhdəsinə qoymuşdu.
b) Quranın dediyinə görə Yəqub övladları ilə birlikdə oğlu Yusifi görmək üçün Kənan diyarına gəldikdə onların hamısı Yusifin qarşısında səcdə etdilər. Nə üçün Yəqub kimi bir peyğəmbər Yusifin qarşısında səcdə etmişdir?
Cavab: Bu səcdə Yusif üçün deyildi. O, oğlunun sağ olduğuna görə Allaha şükr səcdəsi etmişdi. Eynilə mələklərin həzrət Adəm (ə) qarşısında etdikləri səcdə kimi; mələklər də Adəmə deyil, yaratdığına görə Allaha səcdə etmişdilər.
v) Әgər Quranın dediyi kimi «yeyəcəklər və içəcəklər» ləzzət üçündürsə, onda nəyə görə Adəmin üzüm yeməsi qadağan olundu və cənnətdən qovuldu?
Cavab: Çünki Allah-taala Adəmi sınamaq üçün ona əmr etdi. Lakin o, əmrə tabe olmadı və cənnətdən qovuldu.
q) Nə üçün Әli (ə) Cəməl müharibəsində əmər etdi ki, yalnız döyüşçüləri təqib edin, qaçanları, silahsızları və yaralıları öldürməyin; lakin Siffeyn müharibəsində isə əmr etdi ki, onlardan hər birini, istər silahlı, istər silahsız, istər yaralı, istər sağ, gördüyünüz zaman öldürün. Bu iki əmrin fərqli olmasının səbəbi nə imiş?
Cavab: Çünki Cəməl müharibəsində Islamla islam, aldanmış müsəlmanlarla müsəlmanlar bir-birilə döyüşrüdülər. Lakin Süffeyn müharibəsi isə küfr ilə islamın, zahirdə müsəlman olan kafirlərlə həqiqi müsəlmanların müharibəsi idi.
Başqa bir gün isə Yəhya ibni Әksəm Abbasi xəlifəsinin məclisində olan alimlərin hamısına belə bir sual verdi:
«Həzrət Adəm həccə gedib Allahın evini ziyarət edəndə kim onun başını qırxdı?»
Heç kim bu sualın cavabını verə bilmədi. Imam Hadi əleyhissalamdan soruşduqda o həzrət belə buyurdu: «Allahın mələyi Cəbrail».
Yəhya imamın verdiyi cavablarından ləzzət aparıb hamının qabağında imam Hadi əleyhissalamın yüksək elmi məqam sahibi olduğunu etiraf etdi.
IMAMIN QEYBI XӘBӘRLӘRI
Imam Hadi əleyhissalam Allah-taala və qeyb aləmi ilə əlaqədar olduğuna görə o həzrətdən bəzi möcüzələr görünmüşdür ki, Allahın qüdrətindən olan örnəklərdən sayılır.
Imamın əshabından biri Iraqdan Mədinəyə gəlib o həzrətin hüzuruna yetişmək şərəfinə nail oldu. Həzrət (ə) ondan Abbasi xəlifəsi Әlvasiqin halını soruşdu. O, belə cavab verdi: Mən Iraqdan çıxdığım zaman xəlifə sağ idi, Mütəvəkkil zindanda idi və Ibni Zəyyat xalq arasında məşhur olmşudu.
Imam (ə) isə belə buyurdu: «Allahın istədiyi olacaq. Dostum, bunu bil ki, Vasiq ölüb, Mütəvəkkil onun yerinə keçib, Ibni Zəyyat isə Mütəvəkkilin əmri ilə öldürülübdür.»
Imamın səhabəsi soruşdu: Nə vaxt?
Imam (ə) buyurdu: «Sən Bağdaddan çıxdığın vaxtdan altı gün sonra.»
IMAMIN HAKIMLIYI
Mütəvəkkil zamanında bir qadın həzrət Fatimənin qızı Zeynəb olduğunu iddia edirdi. Mütəvəkkil ona «Zeynəb çoxdan ölübdür, halbuki sən isə cavan bir qızsan» - dedi.
Həmi qadın belə dedi: Doğrudur, amma Peyğəmbər əlini mənim başıma sürtdü və dua etdi ki, həmişə cavan qalım. Buna görə də mən qırx ildən bir dəfə yenidən cavanlaşıram. Mütəvəkkil bütün böyük alimləri toplayıb onlardan bu «qadının iddiası barədə nə deyirsiniz» - deyə soruşdu.
Onlar hamısı «yalan deyir» - dedilər. Mütəvəkkil «yalan dediyini bilirəm. Lakin onu məhkum etmək üçün dəliliniz nədir?» - dedi. Onlar isə belə dedilər: Biz bilmirik, bu məsələni imam Hadi əleyhissalam həll etməlidir.
Mütəvəkkil dərhal imamı çağırtdırıb əhvalatı olduğu kimi ona danışdı. Həzrət belə buyurdu: «Әgər doğru deyirsə, onu qəfəsdə saxladığınız şirlərin yanına aparın. Çünki yırtıcı heyvanlar Fatimənin övladlarına toxunmazlar və onların ətini yeməzlər.» Mütəvəkkil həmin qadına «nə deyirsən» - dedi. Qadın dedi: Bu adam məni öldürtmək istəyir. Әgər düz deyirsə, özü bu işi görsün. Mütəvəkkil dedi: Doğru deyir, özün əvvəlcə bu işi gör. Imam (ə) buyurdu: «Eybi yoxdur» və qəfəsdəki şirlərin yanına gedib onların arasında əyləşdi. Hamı heyrətlə gördü ki, şirlər imamın qarşısında ehtiramla oturublar və bəzən özlərini ona sürtürlər, həzrət də mehribanlıqla şirlərin baş-qulağını oxşayır. Həzrət daha sonra şirlərə əmr etdi ki, qırağa çəkilib yol açsınlar. Şirlər də bir bucağa çəkildilər və Həzrət (ə) qəfəsdən çıxıb Mütəvəkkilin yanına gəlib belə buyurdu: «Ey qadın! Indi növbə sənindir». Həmin qadın ağlayıb yalvarmağa başladı və dedi: Mən filankəsin qızıyam, bir kələk qurmaq istədim, lakin kələyim baş tutmadı.
MÜTӘVӘKKILIN MӘCLISINDӘ
Xalqın imam Hadi əleyhissalama bəslədiyi məhəbbətdən narahat olan xudbin Abbasi xəlifəsi Mütəvəkkil həmişə imamı öldürməyi düşünürdü. Bir gün ona xəbər gətirdilər ki, imam (ə) qiyam etmək istəyir və bu məqsədlə də evində silah və pul gizlədibdir. Mütəvəkkil məmurlarına əmr etdi ki, gecəyarısı həzrətin evinə basqın edib hər yeri axtarsınlar, tapdıqları pul və silahları isə imam ilə birlikdə onun hüzuruna gətirsinlər.
Mütəvəkkil sarayında kef məclisi qurmuşdu; çalğıçılar çalır, müğənnilər isə oxuyurdular. O, səbirsizliklə imamı gətircəkləri anı gözləyirdi. Məmurlar nərdivanla imamın evinin damına çıxıb oradan evə girdilər və imamı otaqların birində namaz qılan halda gördülər. Onlar otaqları nə qədər gəzsələr də bir az pul və bir qılıncdan başqa heç bir şey tapmadılar. Onları götürüb həzrətin özü ilə birlikdə Mütəvəkkilin hüzuruna apardılar.
Imam (ə) məclisə girəndə Mütəvəkkil onu öz yanında oturtdu və bir şərab badəsini o həzrətə vermək istədi. Imam (ə) belə buyurdu: «Allaha and olsun ki, əlimi ona vurmayacağam». Kefli olan Mütəvəkkilin gözü heç bir şeyi görmürdü, buna görə də imama «onda mənim üçün bir şer oxumalısan» - dedi. Həzrət (ə) buyurdu: «Mən ulu babam Әli əleyhissalamdan yadigar qalan şerdən başqa heç bir şer bilmirəm.» Mütəvəkkil «onu oxu» - dedi. Imam (ə) babası Әli əleyhissalamın hidayətedici və təsirli şerini oxuyub Mütəvəkkilin vücudunda tufan qopardı. Elə ki, Mütəvəkkil özünə gəldi, ağladı. Sonra da əmr etdi ki, imamı ehtiramla evinə qaytarsınlar. Imamın evindən gətirdikləri pulun üstünə bir miqdar da pul qoyub imam qaytardılar. Imamın oxuduğu şerin bir hissəsinin tərcüməsi belədir:
Onlar hündür zirvələri özləri üçün ev etdilər və daima silahlı kişiləri keşikçi qoydular, lakin heç biri ölümdən qaça bimədi.
Nəhayət, təmtəraqlı saraylarından qəbir çuxuruna çəkildilər və bədbəxtliklə ora girdilər.
Bu vaxt haqqın səsi ucaldı: Hara getdi o ziynətlər, taclar, təntənə və calal? Hara getdi başqalarının sərvəti ilə bəslənən və onlara iftixar edən ərköyün simalar?
Qəbir onları rüsvay etdi və onların üzü qurdların ziyafət meydanına çevrildi.
Onlar vaxtilə istədiklərini yeyib-içdilər, lakin bu gün heyvanlara yem olublar.
Imamın səmavi ahənglə oxuduğu öyüd dolu şerləri Mütəvəkkilə elə təsir etmişdi ki, badəni yerə vurub sındırdıqda sonra ağlamağa başlamışdı.
IMAMIN ŞӘHADӘTI
Abbasilərin rəhmsiz xəlifəsi Mütəvəkkildən sonra imam (ə) yenə də əzab-əziyyət içində yaşadı və nəhayət 40 yaşında ikən Mötəzin əli ilə şəhid olduqdan sonra Samirrada torpağa tapşırıldı.
IMAMIN TӘLӘBӘLӘRI
Imamın şiddətli nəzarət altında olmasına və xalqla əlaqəsinin kəsilməsinə baxmayaraq, elm çeşməsinin aşiqlərindən bir dəstə imamla gizli şəkildə əlaqə saxlayıb o çeşmədən bacardıqları qədər içirdilər. Həmin səhabələrdən bəziləri bunlardan ibarətdir:
1. Öz zəmanəsinin böyük alimlərindən sayılan və pəhrizkarlığı ilə şöhrət qazanan Әbdüləzim Həsəni. Imam Hadi (ə) dəfələrlə öz əshabına buyurmuşdu: «Bir məsələ ilə qarşılaşdığınız zaman, Әbdüləzimdən soruşun və mənim salamımı ona yetirin». Bir dəfə Әbdüləzim öz etiqadlarını imama bəyan etdikdə imam (ə) buyurdu: «Allaha and olsun ki, bu, Allah-taalanını öz bəndələri üçün bəyəndiyi həqiqi etiqaddır.»
Imamın nəslindən olan Әbdüləzim təqibə məruz qalıb Rey şəhərində gizləndi və elə orada da xəstələnib vəfat etdi. Onu ziyarət etdiyi həzrət Həmzənin qəbrinin yanında dəfn etdilər.
2. Həzrət Rza (ə), həzrət Cavad (ə) və həzrət Hadinin əshabından olan və onların hamısından rəvayət nəql edən Həsən ibni Səid Әhvazi. O, əvvəlcə Kufədə yaşayırdı, sonra qardaşı ilə Әhvaza, oradan da Quma gəldi və Qumda da vəfat etdi. O, fiqh və islam əxlaqı mövzularında otuz cildə yaxın kitab yazmışdır. Onun dedikləri və rəvayətlərini alimlər qəbul edirdilər. Rəhmətlik Məclisi və Әllamə onun məqamını yüksək qiymətləndirmişlər.
3. Bilikli fəqih və bacarıqlı bir natiq Fəzl ibni Şazan Nişaburi. Həmişə imamın dostları ilə oturub-durar və onlardan faydalanardı. Özü də imam Hadi əleyhisslamın dəyərli əshabından sayılırdı. Onun yazdığı kitabların sayı təxminən yüz səksən cild olmşudu. O, imam Hadidən sonra imam Həsən Әskərinin əshabından oldu və bir gün imamın məclisinə daxil olduqda o həzrət (ə) onu tərifləyib Xorasan əhalisinə tapşırdı ki, ondan və əsərlərindən istifadə etsinlər. Təqibə məruz qaldığına görə Beyhəqə gedib orada xəstələndi və imam Әskərinin (ə) zamanında vəfat etdi.
IMAMDAN QISA KӘLAMLAR
1. Hər kəs Allahın pənahında yaşasa, dünya narahatlıqları ona asan olar.
2. Hər kəs utanmadan günah edib həya pərdəsini yırtsa, Allah onu zəlil və biçarə edər.
3.Hər kəs işlərində başqaları ilə məsləhətləşməsə, zərər edər.
4. Dünya bir bazar kimidir ki, bəziləri ondan mənfəət, bəziləri isə ziyan aparır.
5. Zarafat və istehza etmək ağılsızların əyləncəsidir.