SUAL - CAVAB
  • Başlıq: SUAL - CAVAB
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 7:27:26 2-10-1403


SUAL - CAVAB

Sual 1. Həccə gedən şəxs Mədinədə xəstələnmişdir və hal-hazırda xəstəxanada müalicə olunur. Həkimlərin nəzəri budur ki, o, iki həftəyə qədər istirahət etməlidir. İstirahət müddəti tamam olduqdan sonra həcc əməllərini yerinə yetirmək üçün onu aparmaq çətinləşən halda, əgər onu Məkkəyə aparsalar, o şəxsin vəzifəsi nədən ibarətdir?

Cavab. Əgər onun müstəti olduğu ilk ilidirsə və acizlik halında əməl olunan qədər də həcc əməllərini yerinə yetirməyə qüdrəti yoxdursa, istitaətdən düşmüşdür və həcc ona vacib deyildir. Yox əgər onun müstəti olduğu ilk ili deyildirsə və həcc onun boynunda qalmışdırsa, həmçinin yaxşılaşacağına da ümidi yoxdursa, öz yerinə ümrə və təməttö həcci üçün naib tutmalıdır.

Sual 2. Hal-hazırda həccə getmək istəyənlər qabaqcadan növbəyə durub adlarını yazdırmalı və həccin müqəddimələrini hazırlamalıdırlar. Əgər bir nəfər adını yazdırsa, amma onun adını bir neçə il sonra elan etsələr və bu zaman başqa bir vasitə ilə həccə getmək imkanı yaransa və bunun üçün borc alıb Məkkəyə getsə, onun həcci İslam həcci kimi qəbuldur, ya yox?

Cavab. Əgər həcc öncədən onun boynunda qalmamışdırsa və indi də borc almaqdan başqa həccə getmək üçün imkanı yoxdursa, ona həcc vacib deyildir və bu həcc İslam həcci sayılmaz.

Sual 3. Mən borcla və aylıq maaşımı vaxtından bir ay qabaq alıb həccə getdim. Borclu olduğum şəxsin mənim bu həcc səfərimdən tamamilə razı və həmin pula da ehtiyacı olmadığını nəzərə alsaq, mənim həccim vacib həccdən sayılırmı?

Cavab. Əgər siz maddi cəhətdən müstətiliyə çatmışdınızsa və sonradan həmin borcu asanlıqla ödəyə biləcəkdinizsə, həcciniz vacib həcc hesab olunar. Amma əgər yalnız borcla maddi müstətiliyə çatmısınızsa, müstəti deyilsiniz və həcciniz İslam həccindən sayılmaz.

Sual 4. İnşallah, mən (həcc təşkilatının püşk atmasına əsasən) aşağıdakı şərtlərlə gələn il həyat yoldaşımla birlikdə həccə gedəcəyəm:

1. Mənin və həyat yoldaşımın ziyarət xərcləri tamamilə xümsü verilmiş puldan təmin olunmuşdur;

2. Müəlliməm və öz güzəranımı daimi maaşımla adi halda və qənaətlə keçirirəm;

3. Evim və şəxsi maşınım yoxdur və hər hansı bir şəhərdə işlə təmin olunsam, kirayədə qalıram;

4. Yaşayış üçün gərəkli olan əşyalara adi şəkildə malikəm.

Yuxarıdakı şərtləri və həccin vacib olub-olmaması haqqında ortaya atılan şübhələri nəzərə almaqla, bilmək istəyirik ki, mənim və yoldaşımın həcci vacib həcc üçün kifayətdirmi?

Cavab. Həyat yoldaşınızın həccə gedib-gələ biləcək qədər pulu olsa, gedə bilər və müstətidir. Siz isə öz şəninizə uyğun şəkildə özünüzün və ailənizin yaşayışı üçün lazım olan əmlaka malik olduğunuz və həccdən qayıtdıqdan sonra qazancınız ilə özünüzün və ailənizin güzəranını təmin edə biləcəyiniz təqdirdə müstətisiniz.

Sual 5. Müstəti olan şəxsə həccə getməkdə güzəşt etmiş və bunun nəticəsində də həcc növbəsi əlindən çıxmışdır. İndi isə növbə yazmırlar. İranda və ya İrandan kənarda vasitə və sifarişlə, çoxlu pul sərf etməklə həccə getmək caizdirmi?

Cavab. İran İslam Respublikasının qayda-qanunlarını pozmamaq və həddindən artıq çətinliyə düşməmək şərtilə, əlindən gələn bütün səylərini edərək həccə getməlidir.

Sual 6. Əvvəllər boynunda həcc olmayan, amma təməttö həccinə növbə yazılarkən müstəti olan şəxsin sonradan maddi vəziyyəti pisləşmiş və banka qoyduğu pula ehtiyacı olmuşdur. Həmin pulu bankdan götürə bilərmi? Bundan əlavə, əvvəlinci və ya ondan sonrakı illərdə püşk onun adına çıxsa, fərqi vardırmı?

Cavab. Qeyd olunan surətdə müstəti deyildir və pulu geri götürə bilər. Püşkün hansı ildə çıxmasının heç bir fərqi yoxdur.

Sual 7. Boynunda olan vacib həcci yerinə yetirmək üçün Azərbaycandan həccə gedən şəxs Mədinədə xəstələnmiş, elə o halda da Məkkəyə tərəf hərəkət etmiş və həcc mərasimi başlamazdan qabaq Məkkə şəhərində vəfat etmişdir. Ölüm çağında onun bütün mülkiyyəti bir miqdar pul və Azərbaycanda olan bir qədər torpaq sahəsindən ibarət idi. Bu pulun onun yerinə naib tutularaq həccə göndərməyə çatmadığını nəzərə alaraq, onun varisləri torpaq ərazisini satıb naib tutmalıdırlarmı, yoxsa onun vəfatı ilə həcc boynundan götürülür?

Cavab. Əgər o, təməttö ümrəsinin ehramıyla Məkkəyə daxil olmuş və ümrə əməllərini yerinə yetirmədən, ya tamamlamadan, ya da tamamladıqdan sonra vəfat etmişdirsə, bu miqdar əməl onun üçün kifayətdir və həcc təklifi üzərindən götürülmüşdür. Amma əgər ehram bağlamadan öncə Məkkəyə daxil olmuş və orada vəfat etmişdirsə və qabaqcadan boynunda həcc qalmışdısa, irsinin əslindən onun əvəzinə həccə getmək üçün naib tutulmalıdır (Miqat həcci kifayətdir). Əgər qabaqcadan boynunda həcc qalmamışdısa, qeyd etdiyiniz surətdə müstəti sayılmır və naib tutmaq da lazım deyildir.

Sual 8. Əgər bir şəxs miqatda müstəti olub İslam həcci yerinə yetirərsə, caizdirmi? Bu surətdə ehtiyacsız qayıtmaq şərtdirmi?

Cavab. Əgər müstətidirsə, kifayətdir, amma ehtiyacsız qayıtmaq şərtdir.

Sual 9. Heç bir göstəriş vermədən bir orqan, ya bir təşkilat bir nəfəri həccə göndərsə, bu, bəzl (hədiyyə) edilən həccdən sayılırmı? Bu cür təklif olunan həcci qəbul etmək vacibdirmi?

Cavab. Şəri qanunlar çərçivəsində olarsa və hər hansı bir yöndə fəaliyyət göstərməsi üçün vəzifələnməzsə, bu, bəzl edilmiş həcc hökmündədir.

Sual 10. Bir nəfərin dörd oğlu vardır və oğlanlarının hamısını evləndirmişdir. Borcunun olmaması ilə yanaşı, özünün bir illik xərclərini də kənara qoymuşdur. Gəliri oğlanlarının gəliri ilə bir yerdədir. Hazırda onlarda iki nəfərin həccə gedəcəyi qədər pul vardır. İndi onlara həcc vacibdirmi? Əgər vacibdirsə, yalnız ataya vacibdir, yoxsa həm ataya, həm də oğula həccə getmək vacibdir? Əgər oğula da vacibdirsə, onların hansı bu iş üçün daha üstündür?

Cavab. Öz malı həccə getmək üçün kifayət edən şəxs Məkkəyə gedə bilərsə və həccdən qayıtdıqdan sonra öz şəninə uyğun tərzdə yaşayışını təmin edə bilərsə, müstətidir və həccə getməlidir.

Sual 11. Mən 72 yaşındayam və maddi cəhətdən müstəti sayılıram. Tiryək çəkməyə adət etdiyim üçün ölkə qanunlarına əsasən, səhiyyə idarəsi həccə getməyimə mane olur. Həcc mövzusunda mənim şəri vəzifəm nədən ibarətdir?

Cavab. Əgər qabaqcadan müstəti olduğunuz halda getməmisinizsə, sizin boynunuzda həcc qalmaqdadır. Amma əgər qabaqcadan müstəti olmamısınızsa, tiryəki atmaqla səhiyyə idarəsindən Məkkəyə getmək üçün icazə almaq vəziyyətinə gələ bilməsəniz, müstəti sayılmırsınız.

Sual 12. Sərmayəsinin və ya iş dəzgahlarının bir miqdarını satmaqla asudə yaşayış imkanı əldə edə biləcək və onun yerdə qalanı ilə həccə gedə biləcək bir şəxs müstətidirmi?

Cavab. Başqa şərtlərin də mövcud olduğu təqdirdə müstətidir.

Sual 13. Bir nəfərin bir neçə il məhsul verməyən meyvə bağı vardır. Amma həmin bağın dəyəri həcc xərcləri üçün kifayətdir. Bağın sahibi bilir ki, bağ məhsul gətirən zaman o da artıq əldən düşmüş olacaq və elə buna görə də bağın gəliri ilə dolanışığını təmin etməlidir. Bu şəxs müstətidirmi?

Cavab. Əgər o şəxsin bağın gəlirindən başqa dolanışığını təmin edəcək bir yeri yoxdursa, müstəti sayılmaz.

Sual 14. Borclu şəxsin müstəti olması üçün nə qədər pul lazımdır? Pulu olarsa, lakin ürək xəstəliyi səbəbilə həcc və ziyarət səhiyyə komissiyası tərəfindən (həccə getməyin təhlükəli olmasını nəzərə alaraq) bu iş üçün ona icazə verməsələr, həmin şəxs öz yerinə başqasını göndərməlidirmi?

Cavab. Əgər müstəti olmaqdan öncə xəstələnmiş və bu üzdən də Məkkəyə getmək qüdrəti olmamışdısa, müstəti sayılmır və naib tutmaq da lazım deyildir. Bundan əlavə, maddi cəhətdən müstəti olmaq üçün həccə gedib qayıtmağa lazım olan miqdarda pulu və borcunu asanlıqla ödəyə bilmək imkanının olması lazımdır.