QEYRİ ZƏRURİ BƏHSLƏRİN İRƏLİ ÇƏKİLMƏSİ
Həqiqi Məhdiçilik mədəniyyətində çoxlu məarif mövcuddur ki, onların zəruri bir məsələ kimi irəli sürülüb, şiələrə agahlıq verilməsində əsas rol ifa edir. Qeybət zamanında onlara necə əməl etmələrini təcəssüm etmək çox mühüm bir məsələdir.
Bə`zən müəyyən fərdlər, yaxud məcmuələr danışıq, məqalə və nəşriyyatlarında, hətta konfranslarında belə bu kimi bəhsləri irəli çəkirlər ki, onların irəli çəkilməsinə heç bir zərurət yoxdur, əksinə, bə`zən müntəzirlərin zehnlərində azdırıcı sual və şübhələrin yaranmasına səbəb olur.
Misal üçün, İmam Zaman (ə)-la görüş bəhslərinin ifratçı şəkildə irəli çəkilməsi, insanların bu işə təşviq edilməsində çoxlu xoşagəlməz hallar yaranır və bə`zən ümidsizliyə, bə`zən də İmam (ə)-ın vücudun inkar olunmasına səbəb olur. Halbuki, rəvayətlərdə tə`kid olunan şey İmam Əli (ə)-ın razılığı istiqamətində hərəkət etmək, sözdə, danışıqda, əməl və rəftarda o həzrətə tabe olmaqdır. Buna əsasən, İmam Zaman (ə)-ın qeybdə olduğu vaxtda əsas və mühüm məsələ müntəzirlərin vəzifələrini bəyan etməkdir ki, əgər İmam Zaman (ə)-la görüşə nail olsalar, o həzrətlə razılıq halında görüşmüş olsunlar.
İmam Zaman (ə)-ın evlənib-evlənməməsi, övlad sahibi olub-olmaması, özünün harda yaşaması və sair kimi bəhslərin irəli çəkilməsi qeyri-zəruri məsələlərdir ki, bunların əvəzinə müntəzirlərin həyatında əsaslı rol ifa edən məsələlərin irəli çəkilməsi yerinə düşərdi. Buna görə də zühurun şərait və zəminələri barəsində söhbətə başlamaq zühur əlamətləri barəsindəki söhbətdən irəlidir, çünki zühur şəraitləri ilə tanış olmaq İmam Zaman (ə) aşiqlərini o şəraitlərin həqiqi mə`nada gerçəkləşməsinə təşviq edir.
Bu məslədə, yə`ni Məhdiçilik bəhslərinin irəli çəkilməsində hərtərəfli baxışlara malik olmaq lazımdır. Belə ki, bu mövzu barəsində söhbət aparan zaman Məhdiçilik məarifi məcmu halında araşdırılmalıdır. Bə`zən müəyyən rəvayətləri mütaliə edib digər rəvayətləri isə nəzərə almadan məhdiçilik barəsində düzgün olmayan təhlillər irəli sürürlər. Misal üçün, onlar uzunmüddətli və qanlı müharibələri göstərən rəvayətləri mülahizə edərək, qaib İmam barəsində çox vəhşətli, mürtəce bir sima təqdim edirlər, o həzrətin ilahi mehr-məhəbbətindən söhbət açan, gözəl adət davranış və əxlaqının əziz İslam Peyğəmbəri ilə eyni olduğunu göstərən rəvayətlərdən isə qafil olurlar. Aydındır ki, hər iki qəbildən olan rəvayətə dərindən diqqət yetirilməsi bu həqiqəti bəyan edir ki, İmam Zaman (ə)-ın nəinki şiələrə və o həzrətin aşiqləri, hətta bütün haqq axtaran insanlarla belə, mehr-məhəbbət, səfa-səmimiyyət üzündən olacaq. Bu sonuncu ilahi zəxirənin intiqam qılıncı isə yalnız zalımların və onların ardıcıllarının başına ediriləcəkdir.
Buna əsasən, məhdiçilik mövzusu barəsində söhbət aparılması kifayət qədər elmi səlahiyyətə sahib olmağı tələb edir. Belə bir səlahiyyətə malik olmayanlar isə bu meydana daxil olmamalıdır, əks halda məhdiçilik mədəniyyətinə ağır xəsarətlər vura bilərlər.
YALANÇI İDDİAÇILAR
Məhdiçilik məarifinin xəsarətlərindən biri də bu müqəddəs hadisə ilə əlaqədar yalançı iddiaçıların zühur etməsidir. İmam Zaman (ə)-ın qeybdə olduğu uzun müddət ərzində çoxlu adamlar yalandan iddia edərək o həzrətlə xüsusi rabitə də olduğunu demiş, yaxud o həzrətin tərəfindən xüsusi naiblik məqamına çatmasına iddia etmişdir.
İmam Zaman (ə) özünün dördüncü naibinə yazdığı məktubda aşkar şəkildə buyurmuşdur: «Sən altı gündən sonra dünyadan gedəcəksən. Öz işlərini qaydasına sal və özünə canişinlik barəsində bir kəsə vəsiyyət etmə, çünki (artıq) kamil qeybət dövrü gəlib çatmışdır... Gələcəkdə şiələrimdən bə`ziləri (mənimlə əlaqədə olmaq və) məni müşahidə etmək barəsində iddialar edəcəklər. Agah olun! Hər kəs Süfyaninin xürucundan və asimani səsin eşidilməsindən qabaq məni müşahidə etdiyini iddia etsə, yalançıdır.»[1]
Bu aydın bəyanla mə`lum olur ki, hər bir agah şiənin vəzifəsidir ki, İmam Zaman, barəsində, onun xüsusi naiblərindən olmasını, yaxud o həzrətlə xüsusi əlaqəyə malik olmasını idda edənləri təkzib etsinlər, bu kimi dünyapərəst adamların cəmiyyətə nüfuz etməsinin qarşısını alsınlar.
Bu yalançılardan bə`ziləri həddini aşaraq niyabət iddiası etməkdən əlavə, Məhdi olmalarını da iddia etmiş və bu iddianın ardınca inhirafçı və azğın bir firqə və məktəbin əsasını qoymuş, çoxlarının əqidə azğınlığına düşməsinə şərait yaratmışlar.[2] Bu azğın qrpların tarixçəsini araşdırmaqla aydın olur ki, onların çoxu istismarçı qüdrətlərin kömək və himayələri ilə yaranmış və öz həyatlarını davam etdirmişlər.
Aydındır ki, azğınçı firqələrin və qrpların yaranması, avam xalq kütlələrinin yalandan iddia edənlərə etimad etməsi onların cahalət və nadanlığına dəlalət edir. Kifayət qədər mərifət olmadan imam Zaman (ə)-la görüşə şiddətli eşq-məhəbbətin olması yalançı iddiaçıların cəmiyyətə nüfuz etməsinə səbəb olur. Buna əsasən, müntəzir şiələr kifayət qədər agahlıqla öz məhdiçilik məariflərini şeytansifətlərin məkr və hiylələrindən qoruyub-saxlamalı, şiənin qabaqcıl alimlərinə tabe olmaqla öz məktəblərini davam etməlidirlər.
[1] Kamalud din, ikinci cild, 45-ci bab, hədis 45, səh 294
[2] Bu azğın firqələrdən biri də babilik firqəsidir ki, onun rəhbəri Əli Məhəmməd Bab, əvvəlcə İmam Zaman (ə)-ın naibi olduğunu, daha sonra Məhdi (ə)-ın özü olduğunu, ondan sonra Peyğəmbər olduğunu iddia etmişdir. Bu azğın firqə azğınçı bəhailik və bəhaiyyəti yaratmışdır.s