A) MƏDƏNI-MAARIF PROQRAMLARI
İmam Məhdi (ə)-ın dünya səviyyəli hökumətində bütün mədəni-maarif fəaliyyətləri insanların elmi və əməli yüksəlişinə və inkişafına nəzər yetirəcəkdir, cəhalət və nadanlıqla bütün zəminlərdə mübarizə aparılacaqdır. Haqq hökumətin mədəni-məarif cihadlarının əsas mehvərləri aşağıdakılardan ibarətdir:
1. Allahın kitabı və Peyğəmbər sünnəsinin dirçəldilməsi
Bütün əsrlərdə Qur`anın qürbətdə qalmasından, həyatın haşiyəsinə sürüklənib unudulmasından sonra axırıncı ilahi höccətin hökuməti dövranında Qur`anın həyat bəxş edən proqramları bəşər həyatının bütün sahələrinə daxil olacaqdır. Din rəhbərlərinin kəlamları və əməli rəftarlarından ibarət olan sünnə də bütün yönlərdə insanlar üçün ən gözəl nümunə kimi irəli çəkiləcək, hamının əməl və rəftarları Qur`an və Əhli-beytin gözəl me`yarları ilə uyğunlaşdırılacaqdır.
İmam Əli (ə) imam Məhdi (ə)-ın Qur`an hökumətini gözəl bir kəlamla belə vəsf etmişdir: «Həvayi-nəfsin hökumət etdiyi zaman (İmam Məhdi (ə) zühur edəcək) hidayət və qurtuluşu həvayi-nəfsin yerinə keçirəcəkdir. O, şəxsi rə`y və nəzərlərin Qur`anın hökmlərindən irəli keçrildiyi bir dövrdə bütün fikirləri Qur`ana yönəldəcək və onu cəmiyyətə hakim edəcəkdir.»[1]
O həzrət başqa bir kəlamda Qur`anın zahir olaraq bəşər həyatının bütün yönlərində hazır olacağı belə işarə edir:
«Sanki indi öz şiələrimi görürəm ki, Kufə məscidində xeymələr qurmuşlar və Qur`anı, nazil olduğu şəkildə camaata öyrədirlər.»[2]
Qur`anın öyrənilməsi və öyrədilməsi Qur`an mədəniyyətinin, hakimiyyətinin və onun hökmlərinin bütün fərdi və ictimai hövzələrdə yayılmasının başlanğıc nöqtəsidir
2. Mərifət və əxlaqın genişləndirilməsi
Qur`ani-Kərim və Əhli-beyt tə`limləri bəşəriyyətin əxlaqi və mə`nəvi inkişafına ən çox təkid edir. Çünki insanın xilqətin yüksək hədəflərinə doğru inkişaf ən mühüm amili gözəl əxlaqdan ibarətdir. Peyğəmbəri Əkrəm (s) öz nübüvətinin hədəfini də gözəl əxlaqların təkmilləşdirilməsi kimi bəyan etmiş,.[3] Qur`an da o həzrəti bütün insanlar üçün ən gözəl rəftar və əxlaq nümunəsi kimi təqdim etmişdir[4]. Lakin çox təəssüflə qeyd etmək lazımdır ki, insanların Qur`anın və Əhli-beytin hidayətçi bəyanlarından uzaqlaşdığına görə, bütün yönlərdə əxlaqi cəhətdən tənəzzülə uğramışlar və xüsüsilə müsəlman cəmiyyətlərində bu məsələ daha çox hiss olunur. Bu azğınçılıqlar əxlaqi dəyərlərdən azmalar da insanların həqiqi mə`nadakı fərdi və ictimai həyatının puça çıxarılmasının əsas amilidir.
İmam Məhdi (ə)-ın ilahi dəyərlərin və ilahi hökumətin dünyada bərqərar olunmasından ibarət olan hökuməti əxlaqi dəyərlərin yayılmasını öz proqramlarının sərlövhəsi qərar verəcəkdir.
İmam Baqir (ə) buyurmuşdur:
اِذاقامَ قائمُنا وَضَعَ يَدَهُ عَلى رُؤُوسِ الْعِبادِ فَجَمَعَ بِهِ عُقُولُهُمْ وَاَكْمَلَ بِهِ اَخْلاقُهُم
«Bizim Qaimimiz qiyam edən zaman öz əlini bəndələrin başına qoyacaq, onların əql qüvvələrini toplayacaq və əxlaqlarını kamal həddinə çatdıracaqdır.»[5]
Bu gözəl və incə tə`birdən aydın olur ki, imam Məhdi (ə)-ın əxlaq və mənəviyyatdan ibarət olan hökuməti sayəsində insanların əqli və əxlaqi kamallarına münasib şərait yaranacaqdır, çünki əxlaqsızlıq və əxlaq normalarından uzaqlaşmaq əqli nöqsan sayıldığı kimi, əqlin kamala yetməsi də insanlarda gözəl əxlaqın büruz etməsinə səbəb olacaqdır.
Digər tərəfdən, Qur`an və ilahi sünnələrin hidayəti ilə dolu olan bir mühit insanı yaxşılıqlara doğru sövq edəcəkdir. Buna əsasən, həm daxildən, həm də xaricdən bütün maraqlar gözəlliklərə və fəzilətlərə doğru yönələcəkdir. Məhz bu yollar da ilahi və insani dəyərlər aləmin hər yerini əhatə edəcəkdir.
3. Elmi hərəkat və canlanma
İmam Məhdi (ə)-ın hökumətinin mədəni-maarif proqramlarından biri də (o həzrətin özü də elmlərin mənbəyi və öz dövrünün alimlərinin ən qabaqcılıdır)[6] elmi hərəkatdır ki, o dövrdə bəşərin elmi nəzərə çarpacaq və misilsiz dərəcədə inkişaf edəcəkdir.
Peyğəmbəri Əkrəm (s) Məhdi (ə)-ın gəlişini müjdə verən zaman o həzrətin bu tədbirlərinə işarə edərək buyurur:
«(İmam Hüseynin övladlarından olan) 9-cu imam onların Qaimidir ki, Allah Taala onun əli ilə bütün yer üzünü uzun müddətli zülmətlərə düçar olduqdan sonra işıqlandıracaq. Yer üzünü, haqqsızlıq və zülm ilə dolduqdan sonra haqq və ədalətlə dolduracaqdır, aləmi cəhalət və nadanlığa kiriftar olduqdan sonra başdan-başa elm və biliklə bəhrələndirəcəkdir [7].
Bu elmi və ideoloji canlanma və hərəkat cəmiyyətin bütün təbəqələri üçün olacaq və bu fikri və elmi intibahdan kişi ilə qadın arasında heç bir fərq olmayacaqdır; qadınlar da yüksək elmi və din şünaslıq məqamlarına çatacaqlar.
İmam Baqir (ə) buyurur: «İmam Məhdinin dövründə sizə hikmət (və elm) veriləcəkdir, hətta qadın da öz evində Allahın kitabı və Peyğəmbərin sünnəsi əsasında qəzavət edəcəkdir (mühakimə yürüdəcəkdir).»[8]
Bu da Qur`an ayələri və Əhli beyt rəvayətləri barəsində dərin mə`rifətin mövcud olacağından hekayət edir, çünki qəzavət işi çox çətin və ağır bir məsələdir.
4. Bid`ətlərlə mübarizə
Sünnənin müqabilində olan bid`ət, din də olmayan bir şeyi dinə daxil etməkdən ibarətdir, dinə və dindarlığa öz şəxsi nəzərlər əsasında əməl etməkdir.
İmam Əli (ə) bid`ətin tə`rifində buyurur: «Bid`ət yaradanlar o kəslərdir ki, Allahın fərmanı, Onun kitabı və Peyğəmbərinin fərmanı ilə müxalifət və özlərinin şəxsi rə`y və həvayi-nəfəslərinə əsasən əməl edirlər, hərçənd siz onlardan çox olsanız da belə.»[9]
Buna əsasən, bid`ət Allahın, Qur`anın və Peyğəmbərin hökümü ilə müxalifət, nəfsani istəkləri hakim etmək və şəxsi meyllər əsasında əməl etməkdən ibarətdir.
Bu da Allahın kitabı və Peyğəmbər sünnəsindən ilham kimi alınan və ilahi meyarlar əsasında olan yeni təhlilin təqdim edilməsindən tamamilə ayrıdır. Bid`ət Allahın qoyduğu qayda-qanunları və Peyğəmbərin sünnəsini məhv edib aradan aparır. Din üçün heç bir bəla bu qədər məhvedici deyildir. İmam Əli (ə) buyurur:
ماهَدَمَ الدّينَ مِثْلُ البِدَعِ
«Heç bir şey bid`ətlər kimi dini məhv etmir.»[10]
Məhz buna görə də bid`ət qoyanların qarşısında sünnəni özlərinə me`yar götürənlər qiyam etməli, onların məkrli və hiyləgərlik proqramlarını ifşa etməli, onların düzgün olmayan yollarını insanlara göstərməli və beləliklə də Allah bəndələrinin azğınlığa düşməsinin qarşısını almalıdırlar.
Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Hər vaxt ümmətin arasında bid`ətlər aşkar olarsa, alimlərə vacibdir ki, öz elm və biliklərini aşkar etsinlər. Hər kəs belə etməsə, Allahın lə`nəti ona olsun!»[11]
Çox təəssüflə qeyd etmək lazımdır ki, Peyğəmbərin vəfatından sonra onun gətirdiyi şəriət və üslubda çoxlu bid`ətlər yaratdılar, dindarlıq yolu üzərində çoxlu əyinti və inhiraflar əmələ gətirdilər və insanların üzünə çoxlu azğınlıq qapıları açdılar! Beləliklə də dinin həqiqi çöhrəsini tərsinə cilvələndirdilər, İslam dininin parlaq simasını özlərinin həvayi-nəfsi və şəxsi istək hicabları vasitəsilə örtdülər. Mə`sum imamlar və onların ardınca da həqiqi din alimləri nə qədər çalışsalar da belə, yenə də bid`ətçilik və Peyğəmbər sünnəsinin məhv edilməsi davam etdi, və qeybət dövründə də genişlənməkdədir.
İndi bütün bəşəriyyət intizar çəkib gözləyir ki, məktəbin əsl sahibi, bəşəriyyətin xilaskarı və Qur`anın və`dəsi verdiyi şəxs gələrək öz hökuməti sayəsində Peyğəmbərin sünnəsini dirçəlt, bid`ətlərin hamısına son qoysun.
Şübhəsiz, o həzrətin islahatçılıq proqramlarının başında bid`ət və azğınçılıqlarla mübarizə məsələsi dayanır ki, bu da bəşəriyyətin həqiqi inkişafı ilə düz yola yönəlməsinə zəminə yaradacaqdır.
İmam Baqir (ə) o həzrətin zühur dövrünü vəsf edərkən uzun bir kəlamda buyurmuşdur:...
...ولايَتْرُكُ بِدْعَةً الّااَزالَها وَلاسُنَّةً اِلاّ اَقامَها...
«Elə bir bid`ət qalmayacaqdır ki, (İmam Məhdi) onun kökünü kəsməsin; elə bir sünnə olmayacaqdır ki, onu bərqərar etməmiş olsun.»[12]
[1] Nəhcül-Bəlağə, 138-ci xütbə
[2] Qeybəti-Nömani, 21-ci bab, 3-cü hədis, səh. 333
[3] Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Həqiqətən mən əxlaqi gözəllikləri təkmilləşdirmək üçün (nübüvvətə) seçilmişəm.» «Mizanul-hikmət»-in tərcüməsi 4-cü cild səh 1530
[4] «Sizin üçün Peyğəmbəri Əkrəmdə gözəl nümunələr vardır». Əhzab surəsi, 21-ci ayəyə işarədir.
[5] Biharul-ənvar, 52-ci cild, səh 336
[6] İmam Əli (ə) həzrəti Məhdi (ə)-ı vəsf edərək deyir: «Onun elmi sizin hamınızın elmindən artıqdır» Qeybəti Nömani, 13 bab, hədis 1.
[7] Bihrul-ənvar, 36-cı cild, səh 253, Kəmalud din, birinci cild, 24 bab, 5-ci hədis, səh 487
[8] Qeybəti Nömani, səh. 239, Biharul-ənvar, 52-ci cild, səh. 352
[9] Mizanul-hikmət, hədis 1632
[10] Biharul-ənvar, 78-ci cild, səh. 91
[11] Mizanul-hikmət, hədis 1649
[12] Biharul-ənvar, 58-ci cild, hədis 11, səh. 11