Övladlar arasında ədalət
  • Başlıq: Övladlar arasında ədalət
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 18:47:19 1-9-1403


Övladlar arasında ədalət

Allahın adı ilə

Əvvəlki bəhsdə qeyd olunduğu kimi, ata və ana öz övladları arasında heç bir səbəb olmadan fərq qoymamalı, onların arasında həsəd və kin icad etməməlidirlər. Bütün övladların haqqı var ki, valideynlərin məhəbbət, ehtiram, nəvaziş və lütfündən faydalansınlar. Bu ilahi qanundan kənara çıxmaq valideyn üçün ağır məsuliyyət gətirir, övladlar arasında ədavətə, düşmənçiliyə səbəb olur.

Həzrəti Məhəmməd Peyğəmbər (s) buyurur: "Övladlarınızın arasında ədalətə riayət edin, necə ki, lütf və yaxşılıq barəsində onların sizin arasında ədalətə riayət etməsini istəyirsiniz"

Həzrəti Əmirəlmöminin Əli (ə) buyurur:"Peyğəmbər (s) gördü ki, bir kişi övladlarından birini öpdü, digərini isə öpmədi. Həzrət bu hadisədən qəzəbləndi və buyurdu: Belə etmə!bu ayrı- seçkilik salmağınla onların arasında düşmənçilik toxumu səpirsən".

Əlbətdə, hər bir övladın gördüyü yaxşı işlər qarşısında təşəkkür edərək, onları bu kimi işlərə həvəsləndirmək lazımdır. Amma heç bir səbəb olmadan birini digərindən üstün saymaq, məhəbbətdə onların arasında fərq qoymaq olmaz.

Bir gün Peyğəmbərimiz (s) gördü ki, müsəlmanlardan birinin kefi heç yaxşı deyil.

Peyğəmbər (s)soruşdu: nə üçün kefin yoxdur?. Ərz etdi: Ya rəsulullah, bir qız uşağım dünyaya gəlib (yəni heç istəməzdim Allah mənə qız uşağı versin).

Peyğəmbər (s) buyurdu:sən müsəlmansan?dedi: bəli.Buyurdu:

Əgər Allah sənə bir hədiyyə bəxşiş etmək istəsə, onu sən özün seçərsən,yoxsa Allahın ixtiyarına qoyarsan?

Ərz etdi ya rəsululluh, Allah mənim xeyir və məsləhətimin nədə olduğunu daha yaxşı bilir. Həzrəti Məhəmməd (s) buyurdu:Allah sənə qız uşağını məsləhət görüb.

Qız uşağı irəlidir, yoxsa oğlan?

Əvvəldə qeyd olundu ki, cahiliyyət dövründə ərəblər öz qızlarını öldürürdülər. Qıza sahib olmaq rüsvayçılıq sayılırdı. Amma İslam dini bu cəfəngiyyat və vəhşiliyin puç ömrünü sona çatdırıb, valideynlərə tövsiyə etdi ki, qızlarına ehtiram bəsləməyə çalışsınlar, oğlanları qızlardan üstün hesab etməsinlər. Hətta bəzi hallarda lazımdır ki, qızlara daha çox məhəbbət göstərsinlər. Çünki qızların ülvi hissləri, duyğuları yüksək səviyyədə olduğu üçün oğlanlardan daha çox nəvazişə, məhəbbətə ehtiyac duyurlar. Bəzi hallarda isə çox tez inciyir, həssas olurlar. Bu cəhətdəndə İslam dini onlara məhəbbət və nəvaziş etməyi tövsiyə edir. Peyğəmbər (s)buyurur: "hər vaxt evə müəyyən töhvə və meyvə gətirsəniz, əvvəlcə qızlara və qadınlara verin Çünki hər kəs bir qızı sevindirsə, sanki İsmayıl peyğəmbərin övladlarından olan qulu azad etmişdir.".

Buradan nəticə şıxarırıq ki, övladlara məhəbbət göstərməli və onların arasında fərq qoyulmamalıdır. Bəzi hallarda məhəbbət göstərilməkdə qızlar oğlanlardan irəli salınmalıdır. İndi burada bir hədis qeyd etməklə bəhsi sona çatdırırıq

Əli ibn Hüseyn (ə)-a yeni doğulan övladları barəsində müjdə veriləndə onun oğlan ya qız olması barəsində əsla soruşmaz, ilk sualı bu olardı ki: "sağlamdırmı?"əgər sağlam olması barədə xəbər versəydilər, deyərdi: Həmd və şükür olsun Allaha ki, məndən eybli övlad yaratmadı".

Bu hədis övladlar arasında fərq və imtiyaz qoyulmamasını çatdırmaqdan əlavə bəyan edir ki, qız və oğlan arasında fərq yoxdur və habelə uşağın təbii və xilqət cəhətindən sağlam olmasını əsas məsələ kimi bəyan edir.