İMAM ƏLI (Ə)IN MÜAVIYƏYƏ MƏKTUBLARINDANDIR
  • Başlıq: İMAM ƏLI (Ə)IN MÜAVIYƏYƏ MƏKTUBLARINDANDIR
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 21:6:26 2-10-1403


İMAM ƏLI (Ə)IN MÜAVIYƏYƏ MƏKTUBLARINDANDIR

İmam Əli əleyhis-salamın Müaviyəyə məktublarındandır. (Müaviyə o Həzrətə məktub göndərərək ondan Osmanın qatillərini ona təhvil verməyi istəmişdi. İmam əleyhis-salam bu məktubu ona cavab olaraq yazıb və orada öz fəzilət və kəramətlərini, həmçinin İslam və imanda öncül olmasını xatırladaraq buyurur:)

Beləliklə, qəbiləmiz (Qüreyş) Peyğəmbərimizi öldürmək və bizim kökümüzü kəsmək (məhv etmək) istədi. Bizim üçün qəm-qüssə yaratdılar, barəmizdə nalayiq işlərə əl atdılar və bizi (həyatın) asayiş və şirinliyindən məhrum etdilər. Qorxu və vahiməni ancaq bizə aid etdilər və bizi məcburi olaraq sərt dağa (otsuz, susuz Şe’b Əbu Talibə) getməyə vadar etdilər (və orada bizi mühasirəyə aldılar; bütün bunlar Həzrət Peyğəmbərin ilahi elçi kimi göndərilməsinin yeddinci ilinin əvvəlində baş verdi) və bizə qarşı müharibə alovu qızışdırdılar. Biz Allahın istəyi ilə düşmənin şərini Onun Peyğəmbərindən uzaqlaşdırdıq. (O Həzrətə bir xəsarət dəyməyə qoymadıq.) Bizim (Peyğəmbərə iman gətirmiş Əbu Talib və Həmzə kimi) möminlərimiz Peyğəmbəri himayə etməyin mükafatını (Allahın razılığını) diləyir, (Abbas və Mət’əm ibn Ədiyy kimi İslamı qəbul etməmiş) kafirlərimiz (isə o Həzrətlə) qohumluqlarına görə (onu) himayə edir və yardım göstərirdilər. (Biz Bəni-Haşimdən başqa) Qureyşdən müsəlman olan digər kimsələrin bizim qədər (kafir və müşriklərdən) qorxu və vahimələri yox idi. Səbəb onların (müşriklərlə) and və peymanlarının olması, ya da (onlarla) qohum olmaları idi. (Bu səbəblər) onu qorxu və vahimədən saxlayırdı və o, öldürülməkdən (ölüm təhlükəsindən) amanda olurdu.

(Allah müşriklərlə müharibə və onların şərlərinin uzaqlaşdırılmasını əmr edəndə və) savaş, camaatın (qorxu və vahimədən) geri çəkilmələri həddinə qədər çətinləşəndə, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) öz əhli-beytini qabağa verir və onların vasitəsi ilə səhabələri və qoşununu nizə və şəmşirlərin (yaradacağı yaraların) istiliyindən qoruyurdu. (O Həzrətin əmisi oğlu) Ubeydə ibn Haris (ibn Əbdülmüttəlib) Bədr müharibəsində (Bədr Məkkə yolunda, Mədinə yaxınlığında qazılmış quyunun adıdır), (o Həzrətin əmisi) Həmzə Ühüd müharibəsində (Ühüd Mədinə yaxınlığındakı bir dağın adıdır) və (qardaşım) Cə’fər Mu’tə müharibəsində (Mu’tə Şam ətrafında yer adıdır) öldürüldü. İstəmədiyim üçün adını çəkmədiyim kimsə də (İmam əleyhis-salam), onlar kimi öldürülməyi və (Allah yolunda) şəhid edilməyi istəyirdi. (Mənim də şəhid olmaq və öldürülmək arzum var idi.) Lakin onların ömürləri daha tez sona çatdı və adını çəkmədiyim şəxsin ölümü təxirə düşdü. (Peyğəmbər mənə xəbər verdi ki, sən də öldürüləcəksən. İmam yüz əlli beşinci kəlamda bu mətləbə işarə edib.) İndi (Həzrət Peyğəmbəri qorumaq və İslam dinini yaymaq üçün çəkdiyim bu qədər əziyyət və çətinliklərdən sonra) ruzgara təəccüb edirəm ki, elə bir zamana gəlib çıxmışam ki, dinin yardımı üçün mənim kimi çalışmamış və İslamda mənim (Allaha və Peyğəmbərə iman gətirməkdə) malik olduğum birincilik və öncüllük iftixarıma malik olmayan birisi mənimlə bərabər hesab edilir. Heç kəs belə bir iftixar əldə edə bilməz. Ancaq iddia edən (Müaviyə) iddia edərək (özü barəsində) mənim bilmədiyim və Allahın da tanımasını güman etmədiyim belə bir şey deyər. (Çünki Allaha və Peyğəmbərə ilk iman iftixarı məndən başqasına nəsib olmayıb ki, Allah da onu tanısın.) Hər halda həmd-səna Allaha məxsusdur (ki, məsləhət bilib sənin kimisini mənim qarşımda qoyub, sən də haqq və həqiqətə zidd nalayiq şeylər iddia edirsən).

Amma Osmanın qatillərini sənə göndərməklə bağlı istəyin barəsində: mən bu barədə fikirləşdim və gördüm ki, onları sənə və səndən başqasına göndərmək mənim öhdəmdən xaricdir. (İmam sonra Müaviyəni hədələyərək buyurur:) Canıma and olsun, əgər azğınlıq və düşmənçilikdən əl çəkməsən, tezliklə səni axtaranları tanıyacaqsan ki, onlar bu axtarışlarında səni səhrada, dənizdə, dağda və düzənlikdə zəhmətə salmayacaqlar (birbaşa sənin sorağına gələcəklər). Amma bu axtarış səni incidərək qəmləndirəcək və bu ziyarətçilərlə görüşmək və onları görmək səni sevindirməyəcək (sənin sorağına elə gələcəklər ki, deyəcəksən: Ey kaş, mən onları tələb etməyəydim). Salama layiq kimsəyə salam olsun!