Hacı Zeynalabdin Tağıyev
Allahın adı ilə
İnsanlar dörd qismdirlər: Səxi, kərim, bəxil, və ləim.
Səxi (səxavətli) odur ki, özü də yeyir, başqalarına da verir.
Kərim odur ki, özü yemir, başqalarına verir.
Bəxil (simic) odur ki, özü yeyir, amma başqalarına vermir.
Ləim odur ki, nə özü yeyir, nə də başqalarına verir.
Həzrəti Məhəmməd (s)
O, nə şair, nə yazıçı nə bəstəkar, nə heykəltaraş, nə də dövlət xadimidir. O, sadəcə olaraq zəhmətkeş, qəlbi dağlar qədər böyük, xalqı üçün yanan, lakin varını bütə döndərməyən, onu xalq üçün sərf etməyə hazır olan böyük şəxsiyyətdir. Bu şəxs-hacı Zeynalabdin Tağıyevdir.
H. Z. Tağıyev Şərq aləminin ilk mesenatı idi. Sərvət və sərmayədarlıq onu heç zaman xalqından ayırmamış, mənən və qayğıları ilə xalqla özü arasında daimi bir körpü salmışdır. Xalqın kədəri onun kədəri, sevinci onun sevinci idi. Bakı sərmayədarları içərisində heç bir milyonçu xalqa, camaata bu dərəcədə yaxın olmamışdır. Çünki o özü xalqın içərisindən çıxmışdı, adi palçıq daşıyan fəhlədən, adlı-sanlı, qüdrətli sərmayədar dərəcəsinə yüksəlmişdi. N. Nərimanov xalqımızın tarixdə qalmağa layiq olan, unudulmayan oğul-qızlarından bəhs edərək yazırdı: "Müsəlmanlardan bu qeydətdə olanlarını görməmişiksə də, ancaq adlarını tarixlərdə oxuyuruq və düşünürük ki, millət yolunda can qoyanlar bizlərdə də var imiş. Bu zati-möhtərəmlər hər əsrdə olublar, vardırlar və olacaqlar. Ümumi xeyirdən ötrü bu əsri-hazırda insafımız rəva görməyir ki, cənab Hacı Zeynalabdin Tağıyevi nəzərimizdən keçirtməyək, ta gələcəkdə millətin balaları bu cənabın millətə qeyrətini, vətənə məhəbbətini, insana himmətini və həmiyyətini tarixdə oxuyub gözləri rövşan və qəlbləri şad olsun. Həqiqət hal! Bu zati-möhtərəm bir qeyri zatdır, rüzigar bizlərə bəxşiş edibdir. Bu zatı millət bozorgi (böyüyü) ruzigarın nadidə əvəzsiz əsəri olub adını tarıxə sala bilərikmi? ".
Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə anadan olmuş, uzun, mühüm hadisələrlə zəngin ömür sürmüşdür. Başlıca fəaliyyəti kapitalist münasibətlərinin formalaşdığı və bərqərar olduğu dövrə, habelə xx əsrin əvvəllərinin coşğun siyasi çarpışmalar dövrünə təsadüf etmişdir.
Hacı Zeynalabdin Tağıyev ağ neft istehsalı ilə məşğul olmuş ilk Azərbaycanlılardan biri idi. 1870-ci ildə onun iki qazanlı ağ neft zavodu vardı. Bu qiymətli məhsulun istehsalındakı müvəffəqiyyət onda neft işinə maraq oyadır.
Hacı Zeynalabdin Tağıyevin birinci dəfə evlənməsi haqqında çox az məlumat var. Ancaq o məlumdur ki, arvadının ölümündən sonra onun üç uşağı-oğlanları İsmayıl (1865-ci il), Sadıq (1868-ci il) və qızı Xanım (1871-ci il) qalmışdı. Birinci oğlu Nurə Ərəblinskaya ilə evlənmişdi. Qacarlar nəslindən Mələksima (M. F. Axundovun nəvəsi) ilə evlənən ikinci oğlundan Tağıyevin Ağa Zeynalabdin, Zərintac və Zeynəb adlı üç nəvəsi olmuşdur.
Rusiyada tətbiq edilən "Ticarət və digər işlərlə məşğul olmaq hüququ üçün gömrüklər haqqında əsasnamə" 1876-cı ildə Azərbaycana da şamil edildi. 1877-ci ildə H. Z. Tağıyev ikinci gəldiyi tacir zümrəsinə qəbul olunur. 1882-ci ilədək bu rütbədə qalır. 1882-ci ildə isə birinci gəldiyi tacir rütbəsinə layiq görülür.
X1X əsrin 80-ci illərində H. Z. Tağıyev tam imkanlı bir şəxs kimi "Təzəpir" məscidinin yaxınlığındakı evə köçür. Həmin evdə o zaman Azərbaycanın məşhur ictimai xadimi, böyük humanist və maarifçi Həsən bəy Zərdabi (Məlikov) yaşayırdı. Onların tanışlığı sonradan böyük dostluğa çevrilmişdir. Həsən bəy Zərdabi H. Z. Tağıyevin ictimai mövqeyinin formalaşmasına böyük təsir göstərir, onun xeyriyyəçilik və maarifçilik fəaliyyətinin müəyyənləşməsində mühüm rol oynamışdır.
H. Z. Tağıyevin Azərbaycan xalqının mədəniyyətinin inkişafına olan demokratik dünya görüşünün formalaşmasına dövrünün görkəmli ictimai xadimləri olan Məmməd Əmin Rəsulzadə, Üzeyr Hacıbəyli, Nəriman Nərimanov, Əhməd bəy Ağaoğlu və başqaları ilə tanışlığı da böyük təsir göstərmişdir.
X1X əsrin sonunda Tağıyevin şəxsi həyatında dəyişikliklər baş verir. 1896-cı il iyunun 28-də Dərbənddə 1881-ci il təvəllüdlü Sona xanım Ərəblinskaya (kübar cəmiyyətdə Sofiya Vladimirovna adı ilə tanınırdı) ilə evlənir. Onun bu qadından 5 uşağı olur: qızları Leyla (1898), Sara (1899), Sürəyya (1904) və oğlanları Məmmədtağı (1900) və Məmmədkazım (1903). Doğrudur, H. Z. Tağıyevin vəfatı ilə əlaqədar "Kaspi" qəzetində dərc edilmiş nekroloqda İlyasın da adı çəkilir, lakin onun haqqında heç bir məlumat yoxdur.
1900-cü ildə H. Z. Tağıyev fəxri vətəndaş adına layiq görülür. 1907-ci il yanvarın 25-də isə ona 4-cü dərəcəli həqiqi mülki müşavir rütbəsi verilir. Çar Rusiyasında (imperiyanın iyerarxiya pillələri cəmi 14 dərəcədən ibarət idi) bu rütbənin nə qədər yüksək olduğunu təsəvvürə gətirmək üçün onu qeyd etmək kifayətdir ki, S. Y. Vitte və P. A. Stolıpin dəmir yolları departamentinin direktoru və daxili işlər naziri vəzifələrinə təyin edilmişdir. Neft sənayeçiləri arasında həqiqi mülki müşavir rütbəsi H. Z. Tağıyevdən başqa bir də E. Nobelə verilmişdir. Senatın 1910-cu il 8 fevral tarixli fərmanı ilə Tağıyev nəsli Zadəgan rütbəsinə layiq görülmüşdür.
H. Z. Tağıyev "Müqəddəs Stanislav" ordeninin 111 (3) və 11 (2) dərəcələri, habelə aşağıdakı medallarla təltif olunmuşdur: üzərində "Səyinə görə" yazısı olan (biri Anna, ikisi isə Stanislav lentindən) boyundan asılan üç qızıl, Stanislav lentli biri boyundan asılan, digəri sinəyə taxılan iki gümüş medal. Tağıyevin mükafatları arasında imperator 111 (3) Aleksandrın hökmranlığı dövrünün gümüş xatirə medalı da var. Bunlardan başqa o xaici ölkələrin mükafatları ilə-İranın "Şiri-xurşid" ordeninin 1v, 11 (2) və 1 dərəcələri, habelə Buxaranın 111 (3) dərəcəli "Qızıl ulduzu" ilə təltif olunmuşdur.
Azərbaycan sovetləşəndən və Tağıyevin bütün müəssisələri milliləşdirildikdən sonra ona özünün Mərdəkandakı bağında yaşamaq imkanı verilmişdir.
İrana getmiş böyük qızı Leyladan fərqli olaraq, vətənindən ayrılmaq istəməyən H. Z. Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında ikən vəfat etmiş və öz vəsiyyətinə görə ,Bakıda ən tanınmış din xadimlərindən olan Axund Hacı Əbu Turabın Mərdəkandakı məqbərəsinin önündə dəfn edilmişdir.
Hacı Zeynalabdin Tağıyevin Azərbaycan xalqı üçün gördüyü maarifçilik və xeyriyyəçilik işlərindən bəzi qısa fraqmentləri xronoloji ardıcıllıqla oxuculara təqdim edirik:
H. Z. Tağıyev 1883-cü ildə Bakıda ilk teatr binasının tikintisini başa çatdırmışdır. 1888-ci il oktyabrın 27-də Tağıyev teatrında ilk tamaşa səhnəyə qoyulmuşdur; 1890-cı ildə Hacı 80 min manat xərcləyərək teatr binasını yenidən qurdurmuşdur.
1888-ci ildə Bakıda orta texniki məktəb açılmışdır. 1897-ci ildən H. Z. Tağıyev həmin məktəbin fəxri himayəçisi olmuş, məktəbə maddi yardım göstərmişdir.
1890-cı ildə H. Z. Tağıyev Bibiheybətdə tibb məntəqəsi açdırdı. Məntəqənin ambulatoriyası və qəbul otağı vardı. Hacı bu məntəqəni daimi fəaliyyət göstərən xəstəxanaya çevirmək istəmiş və sonrakı illərdə bu işi başa çatdırmışdır.
1895-ci ildə Mərdəkanda internat xarakterli bağçılıq məktəbi açdırmışdır.
H. Z. Tağıyev 1896-cı ildə Gəncə və Naxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə açılmış məktəblərin xeyrinə pul göndərmişdir.
1896-cı ildə Peterburqda "müsəlman xeyriyyə cəmiyyəti binasının tikilməsi üçün hacı xeyli miqdarda vəsait göndərmişdir.
1898-ci ildə H. Z. Tağıyev "yaşlı müsəlmanların" təhsilə qoşulması sahəsində geniş fəaliyyətə başlamışdır. Həmin ilin oktyabrında bu məqsədlə kurslar təşkil edildi.
1900-cü ildə Bakıda H. Z. Tağıyevin toxuculuq fabriki fəaliyyətə başlayır. Artıq ilk 2-3 ildə fabrikin yanında mərkəzi elektrik stansiyası, darayıcı, qəbuledici, toxucu, rəngləyici və başqa şöbələri yaradıldı. Bundan əlavə qulluqçular üçün ev, fəhlələr üçün qəsəbə mətbəx və yeməkxana, yaşayış üçün kazarma, məktəb binası tikilmişdir. Həmin obyektlərin tikintisi 1909-cu ilədək davam etdi. H. Z. Tağıyevin fabrikində savadsızlığı ləğv edən kurs fəaliyyət göstərirdi. 1910-cu ildən bu kurs xalq Təhsili Nazirliyinin birsinifli məktəbinə çevrildi. Hacının fabrikində qiraət salonu-kitabxana da fəaliyyət göstərirdi.
1900-cü ildə H. Z. Tağıyev Bakıda kommarsiya məktəbinin açılması məsələsini qaldırdı, məktəb binası üçün yer açdı, məktəb binası tikildi, məktəb açıldı.
H. Z. Tağıyev 30 min manat verərək Bakıda açdırdığı 11 (2) realnı məktəbinin nəzərində müsəlman uşaqları üçün əlifba öyrədən sinif təşkil etdirmişdir.
1901-ci il oktyabrın 7-də Bakıda ilk Rus-Müsəlman qız məktəbi açıldı (hazırda Azərbaycan Respublikası E.A. Əlyazmaları İnstitutu həmin binada yerləşir) Bu məktəbi tikdirmək üçün H. Z. Tağıyev 183.533 manat pul xərcləmiş, bundan əlavə banka 125 min manat toxunulmaz məbləğ qoymuşdur. Əvvəllər 4 illik olan bu məktəb iki ildən sonra 5 illik, sonra isə 6 illik oldu. Hacı banka əlavə olaraq 100.000 manat 5 faizli qızıl pul verib, sonralar məktəbi müəllim seminarıyasına çevirtdirmiş, bu fonda 225 min manat pul keçirmişdir. Məktəb 1918-ci ilədək fəaliyyət göstərmişdir.
H. Z. Tağıyev Bakı-şollar su kəmərinin çəkilməsi üçün 1901-ci ildən fəaliyyətə başlamış, bu işi maliyyələşdirmiş, bunun üçün xaricdən mütəxəssislər dəvət etmiş , nəhayat, uzun əziyyətlərdən sonra bu işi şərəflə başa çatdırmışdır.
H. Z. Tağıyevin vəsaiti ilə 1905-ci ildə Əlibəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun redaktorluğu ilə "həyat" qəzeti, 1096-cı ildə Əlibəy Hüseynzadənin redaktorluğu ilə "füyüzat" jurnalı çap olunmuşdur. O, Azərbaycan yazıçılarından Seyid Əzim şirvani, Nəriman Nərimanov, S.M. Qənizadə və onlarca başqalarının kitablarını çap etdirmişdir.
1910-cu ildə H. Z. Tağıyev Bakıda dəyirman məqsədi ilə tikdirdiyi binanı dustaqxana kimi dövlətə təhvil vermiş və beləliklə də əvvəllər Nargin adasında yerləşən dustaqxananın şəhərə köçürülməsinə səbəb olmuşdur ki, bununla da şəhər əhalisi Narginə gedib-gəlmək əziyyətindən qurtarmışdır.
1913-cü ilin iyulunda savad yayan müsəlman cəmiyyətinin-"nəşri maarif"in idarə heyətinin H. Z. Tağıyevin sədrliyi ilə keçirilmiş yığıncağında Şağan, hövsan, Pirşağı, Bülbülə,Suraxanı, Bibiheybət, Türkan və Balaxanı qız məktəblərində 11 (2) sinif açmaq qərara alındı. Sonrakı tədris ilində 11 (2) siniflər fəaliyyətə başladı.
On doqquzuncu və iyirminci əsrlərdə öz xeyirxahlıqları ilə Azərbaycan xalqının qəlbində səxavət simvoluna çevrilmiş hacı Zeynalabdin Tağıyev indiyədək hər birimizə örnək olaraq qalmışdır. Və əminik ki, bizdən sonra gələn nəslin də yaddaşında beləcə yaşayacaqdır. Hacı sadə fəhlədən milyonçu dərəcəsinədək yüksəlsə də, özünü heç zaman xalqından ayrı təsəvvür etməmiş, ictimaiyyət üçün etdiyi xeyriyyəçilik işlərindən əlavə, imkansızların əlindən tutmağı, hətta öz xərci ilə onlara toy etməyi, dünyasını dəyişənlərin cənazəsini qaldırmağı da unutmamışdır.
Biz istərdik ki, bu gün qəlbində H. Z. Tağıyevin adını yaşadan xalqımızın arasından Tağıyevlər, Nağıyevlər, Əsədullayevlər.çıxsın və onun layiqli davamçılarına çevrilsinlər. Axı indi də, o zamankı kimi, maarifi, mədəniyyəti, mətbuatı və digər qurumları yaşatmaq üçün H. Z. Tağıyev kimi şəxslərə ehtiyac duyulur. Belələri varsa, onlara səxavət arzulayırıq.