VALIDEYN SƏLAHIYYƏTLƏRI
  • Başlıq: VALIDEYN SƏLAHIYYƏTLƏRI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 18:22:52 1-10-1403


VALIDEYN SƏLAHIYYƏTLƏRI

Ailənin qarşılıqlı səfa-səmimiyyətdə yaşamasına səbəb olan ən mühüm amillərdən biri orada yaradılmış qayda-qanunlardan tam agah olmaqdır. Ailə üzvlərinin hamısı islam dininin ailə barəsində olan qanun və meyarlarını öyrənərək öz həyatlarına tətbiq etməlidir. Onlar nə qədər ki, özlərinin qarşılıqlı əlaqələrini, vəzifələrini, ailə qanunlarını bilmirlər və ya onlara əməl etmirlər, heç vaxt həqiqi səadətə çatmayacaq, hərc-mərclik, anlaşılmazlıq və s. kimi mənfi hallar axırda ailənin dağılmasına səbəb olacaqdır. Atanın ailədə başçılıq, ananın isə idarəçilik məqamını gözləməyən ailələrdə şübhəsiz, əmin-amanlıqdan söhbət açmaq da artıqdır.

İslam məktəbi ailənin daha yaxşı və səfa-səmimiyyətdə yaşaması, qızğın məhəbbət telləri ilə bir-birinə bağlanması üçün xüsusi qaydalar bəyan etmiş, onun hər bir üzvünün vəzifələrini tam və kamil surətdə aydınlaşdırmışdır ki, onların səadətlərinə zəmanət verməsi üçün bunlara riayət etmələri zəruridir.

Müasir təqlid-mərcələri buyururlar: "Əgər ata-ananın əziyyətə düşmələrinə səbəb olarsa, vacib olmayan səfər haramdır. İnsan belə səfərlərdə namazı tamam qılmalı (əgər mübarək ramazan ayı olarsa), oruclarını tutmalıdır".

Mərhum Şəhidi əvvəl dəyərli "Qəvaid" kitabının 212-ci səhifələrində buyurur: "Valideynlərin hüquq və ixtiyarlarının ən mühümləri aşağıdakılardan ibarətdir:

Övladların müsbət və mübah səfərləri onların icazələri olmadan caiz deyildir.

Onlara tabe olmaq övladlara hər bir işdə, hətta (vacib olub-olmaması) şübhəli olduqda belə vacibdir. Çünki belə hallarda ehtiyat etmək müstəhəb, valideynə itaət etmək isə vacibdir.

3. Əgər valideyn namazın fəzilətli vaxtlarında övladından bir şey istərsə, övlad namazı təxirə salaraq onun əmrinə itaət etməlidir. Çünki namazı ilk vaxtda qılmaq müstəhəb, valideynə itaət müstəhəb işdən müqəddəmdir.

4 Əgər övladın camaat namazında iştirak etməsi, bu namazın bütün qeyd olunan savabları ilə belə, valideynin narazılığına səbəb olarsa, övlad namazı camaatla qılmamalıdır.

5 Valideynin öz övladını cihaddan saxlamağa haqqı vardır. (Amma əgər İmam (ə) şəxsən özü cihada əmr edərsə və ya müsəlmanların cəbhəsi zəif olarsa, bu halda valideyn övlada mane ola bilməz).

6 Kifai vaciblərdə əgər başqaları o işi yerinə yetirərsə, valideynin haqqı vardır ki, öz övladını həmin işdən saxlasın.

7 Əgər övlad müstəhəb namaz qılarkən valideyn onu çağırarsa, övlad namazı pozub ona cavab verməlidir.

8 Övlad valideynə hər növ əzab-əziyyət verməkdən, hətta cüzi də olsa uzaq olmalı, başqalarının da valideynə yetirə biləcəyi əzab-əziyyətin qarşısını almalıdır.

9 Valideynin icazəsi olmadan övladın müstəhəb oruc tutması caiz deyildir.

10 Valideynin icazəsi olmadan övladın nəzir, əhd, and və s. kimi işləri yerinə yetirməsi caiz deyildir.

Ata və ananın öz övladı yolunda saya gəlməyən zəhmət çəkdiyinə, gecə-gündüz onun səadəti, rifahı naminə çalışdığına, övladın mənafeyini öz şəxsi mənafelərindən üstün tutduqlarına görə Allah-Taala, peyğəmbər (s) və məsum imamlar övladlara həmişə valideynin hüquqlarını xatırlatmış, o hüquqlara riayət etməyi tövsiyə etmişlər. Əksər ata-analar bütün varlıqlarını öz övladlarına fəda etməyə hazırdır. Və həmişə onların rahatlıqlarını təmin etməyə çalışırlar. Onların əleyhinə heç bir tədbir görmürlər, çünki övlada qarşı olan valideynlik hissləri, duyğuları, ürək yanğısı, digər tərəfdən də müqəddəs islam dininin övladın tərbiyəsi barəsində etdiyi tövsiyələr bu əməlin qarşısını alır. Amma nadir hallar ola bilər ki, bəzi valideynlər öz övladlarının mənafeyini, məsləhətini nəzərə almasınlar, onların səadət və xoşbəxtliklərini öz yanlış və inadkar arzularına qurban verməsinlər, kamala və xöşbəxtliyə çatmaq yollarını bilməmək üzündən bu yolları balalarının üzlərinə bağlasınlar. Bu zaman belə bir sual ortaya çıxır: Görəsən həmin halda da onların istədiklərinə kor-koranə tabe olub itaət etmək lazımdır? Xoşbəxtlikdən müqəddəs islam dini belə hallarda cəmiyyətə və ailələrə məntiqi düzgün yolları göstərərək buyurmuşdur ki, ata-anaya itaət etmək o vaxtda qədər vacibdir ki, onların istədiklərini yerinə yetirmək günaha və məsiyətə səbəb olmasın, övladın mənafeyi, məsləhəti və inkişafına maneçilik törətməsin. Habelə valideynlərin əmr və göstərişləri də övladın mənafeyi və məsləhəti istiqamətində, islam dininin, şəriətin hədd-hüdudunda cərəyan etməlidir, hər hansı yanlış və səhv hərəkətlərdən, tədbirsiz işlərdən, qanunsuz istismardan uzaq olmalıdır.

Əgər övladlar, istər qız olsun, istərsə də, oğlan, aqil və həddi-buluğa çatmış, təfəkkür cəhətindən müəyyən kamal həddinə çatmış olsalar, habelə onların şəxsi mülkiyyətində müəyyən qədər mal-dövlət olarsa, bu halda həmin mal-dövlətdən istifadə etmənin tam hüququ övladın özünə məxsusdur. Ata-Ananın bu ixtiyarları onun əlindən almağa haqqı yoxdur.

Evlənmə məsələsinə gəldikdə, bu məsələdə valideyn səlahiyyətinin həddi-hüdunun xülasəsini aşağıda qeyd edirik.

Oğlan uşaqları evlənmə məsələsində qanuni şəraitə malik olduqdan, islami və aqli cəhətdən təkamülə çatqıqdan sonra özləri həyat yoldaşı seçməkdə müstəqil qərara gələ bilərlər, valideynlər isə yalnız bir məşvərətçi ola bilərlər. Böyük islam hədisləri də bunu təsdiq edir.

Məhəmməd ibn Müslüm İmam Məhəmməd Baqirdən (ə) soruşur:

"Oğlunun xəbəri olmadan bir ana bir qızı onun əqdinə keçirmişdir. Bunun hökmü nədir?" həzrət (ə) buyurur: "Bu iş oğlanın rəyinə bağlıdır, istərsə qəbul edər, istəməzsə, qızın mehriyyəsini ana özü verməlidir".

Bu sualın oxşarını İbn Əbu Yəfur İmam Sadiqdən (ə) soruşmuşdur: " Mən bir qızla evlənmək istəyirəm, ata-anam isə mənə başqa bir qızı almaq istəyirlər". İmam (ə) buyurur: "Valideynlərinin məsləhətini dinlə, lakin son qərarı özün çıxar".

Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: "Əgər bir kişi öz oğlunu evləndirsə, bu iş oğluna həvalə edilir: istərsə qəbul edə bilər, istəməsə rədd edə bilər".

Deməli, diqqət yetirmək lazımdır ki, ata və ana, yaxud onların hər ikisi birlikdə öz oğlunu evlənməyə məcbur etməyə,öz istəklərini ona qəbul etdirməyə haqları yoxdur. Amma əxlaqi nəzərdən övladlar ata-ananın təcrübələrindən istifadə edərək bütün işlərdə onlarla məsləhətləşməyə borcludurlar və valideynlərin məsləhət görmədiyi bir qızla evlənməməlidirlər. Çünki valideynlik hüququndan əlavə, təcrübə, əql və təfəkkür baxımından da onlar övladdan yüksək səviyyədədirlər. İslam dini də bizi işlərimizdə məşvərət etməyi məsləhət bilmişdir.