QEYBƏTİN NÖVLƏRİ
  • Başlıq: QEYBƏTİN NÖVLƏRİ
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 20:32:4 1-9-1403


QEYBƏTİN NÖVLƏRİ

Yuxarıda qeyd olunan məsələlərə diqqət yetirməklə İmam Məhdi (ə)-ın qeybəti lazım və zəruri bir məsələdir, lakin bizim din rəhbərlərimizin bütün tədbirləri və hərəkətləri camaatın iman və e`tiqad əsasalarının gücləndirilməsi istiqamətində olduğundan, sonuncu ilahi höccətin qeybəti müsəlmanların dindarlığına əvəz olunmaz zərbə vuracağından, qeybət dövranı çox dəqiq proqlamlaşdırma və hesab-kitab üzündən başlanmış və davam etdirilmişdir.

İmam Məhdi (ə)-ın dünyaya gəlişindən uzun illər öncə, onun qeybəti barəsində söhbətlər açılmış, onun zərurəti dillər əzbəri olmuş, mə`sumların məclislərində nəql edilmiş və səhabələr onu bəyan etmişlər. Həmçinin, imam Hadi və İmam Həsən Əsgəri (əleyhüməssəlamın) öz şiələri ilə əlaqə bərqərar etmələri də yeni qaliblərdə və nisbətən daha məhdud səviyyədə baş verirdi. Əhli-beyt məktəbinin ardıcılları get-gedə adət edirdilər ki, özlərin maddi və mə`nəvi ehtiyaclarının çoxunda hazır imamın hüzuruna yetişmək şərəfinə nail ola bilməyəcəkdir. Əksinə, imamların tərəfindən vəkil və e`timad olunası şəxs kimi təqdim olunan kəslərə müraciət etməli və öz vəzifələrinə əməl etməlidirlər. İmam Həsən Əsgəri (ə)-ın şəhadəti və Həzrət Höccət ibnil-Həsən (ə)-ın qeybət dövrünün başlanması ilə, yenə də imamla ümmətin arasında olan əlaqələr tamamilə kəsilməmişdi, əksinə camaat o həzrətin xüsusi naiblərinin vasitəsi ilə öz mövlaları ilə əlaqə yarada bilirdilər. Məhz həmin dövrlərdə şiələr din alimləri ilə daha geniş səviyyəli əlaqə bərqərar etməyə uyğunlaşmışdılar və bilirdilər ki, imamın qeybdə olduğu dövrdə də dini vəzifələrini öyrənmək yolu onlara üzünə bağlanmamışdır.

Bu məqamda münasib idi ki, imam Məhdi (ə)-ın uzun müddətli qeybəti baş versin və imamla şiələr arasında mövcud olan rabitə-əvvəldə adi bir hal olan rabitə-kəsilsin.

İndi qeybətin iki dövrü qısa və uzun dövrünün xüsusiyyətləri barəsində aşağıdakı məsələləri qeyd edirik.

Qısa müddətli qeybət

260-cı hicri qəməri ilində İmam Həsən Əsgəri (ə)-ın şəhid olması ilə İmam Zaman (ə)-ın İmamət dövrü başlamışdır. Həmin zamandan e`tibarən o həzrətin qısa müddətli qeybəti –qeybəti-suğra ilə adlanan qeybəti başlanır və 329-cu hicri qəməri ilinə qədər (təqribən 70 il müddətində) davam edir.

Qeybəti-süğranın ən mühüm səciyyəvi xüsusiyyəti budur ki, camaat xüsusi naibləri vasitəsi ilə o həzrətlə əlaqə yaradır, onların vasitəsi ilə o həzrətin peyğamlarını alır, öz suallarının cavabını əxz edirdilər.[1] Bə`zən də imamın naiblərinin vasitəsi ilə o həzrətin şərif hüzuruna yetişmək iftixarına nail olurdular.

İmamın hamısı şiənin böyük alim və şəxsiyyətlərindən, eləcə də o həzrətin seçdiyi adamlardan olan xas naibləri dörd nəfər idi ki, zaman ardıcıllıqları ilə öz naiblik vəzifələrini yerinə yetirmişlər. O cümlədən:

1-Osman ibni Səid Əmri: O, imamın qeybətinin əvvəlindən o həzrətin naibliyini öhdəsinə almış və 265-ci hicri qəməri ilində vəfat etmişdir.

O həm İmam Hadi həm də İmam Həsən Əsgəri (ə)-ın naibi olmuşdur.

2-Məhəmməd ibni Osman Əmri: O da birinci naibin övladı idi ki, atasının vəfatından sonra naiblik məqamına çatmış və 305-ci hicri qəməri ilində vəfat etmişdir.

3-Hüseyn ibni Ruh Nobəxti: O, 21 il naiblikdən sonra 326-cı hicri qəməri ilində dünyadan getmişdir.

4-Əli ibni Məhəmməd Səmuri: O da 329-cu hicri qəməri ilində dünyadan getmiş və onun vəfatı ilə kiçik qeybət dövrü sona çatmışdır.

İmamın xas naiblərinin hamısı İmam Həsən Əsgəri və İmam Məhdi (ə)-ın vasitəsi ilə seçilmiş və camaata təqdim edilmişdi. Şeyx Tusi «Əl-Qeybət» kitabında rəvayət edir ki, bir gün şiələrdən 40 nəfər Osman ibni Səidin (birinci naibin) vasitəçiliyi ilə imam Həsən Əsgərinin hüzuruna gəldilər. İmam öz övladını onlara göstərərək buyurdu: «Məndən sonra bu (uşaq) sizin imamınızdır, ona itaət edin... Bilin ki, bu gündən e`tibarən onu, ömrü kamal həddinə çatana qədər görməycəksiniz. Belə isə, (onun qeybətdəki dövründə) Osman ibni Səidin dediklərini qəbul edin, ona itaət edin; çünki o, sizin imamınızın canişinidir və işlər onun əli ilə baş verir.»[2]

Başqa bir rəvayətdə İmam Həsən Əsgəri (ə) ikinci naib olan Məhəmməd ibni Osmanın İmam Məhdi (ə)-a naib olmasını aşkar şəkildə buyurmuşdur.

Mərhum Şeyx Tusi yazır:

Osman ibni Səid Həzrəti imam Həsən Əsgəri (ə)-ın göstərişi ilə Yəmən şiələrinin gətirdikləri mal-dövləti (xümsu) təhvil aldı. Bu hadisənin şahidi olan bir neçə nəfər imama dedilər: «Allaha and olsun! Osman bizim şiələrimizin ən yaxşısıdır. Lakin bu işlə onun məqamı bizim üçün daha da aydın oldu.»

İmam Əsgəri (ə) buyurdu: «Bəli, şahid olun ki, Osman ibni Səid Əmri mənim vəkilimdir Onun oğlu Məhəmməd də oğlum Məhəmmədin vəkili olacaqdır.»[3]

Bunlar imam Məhdi (ə)-ın qeybə çəkilməsindən əvvəlki dövrlərə aid idi. Kiçik qeybət dövründə naiblərdən hər biri öz vəfatından öncə İmam Məhdi (ə) tərəfindən tə`yin olunan sonrakı naibi camaata tanıtdırırdılar,

Bu böyük şəxsiyyətli insanlar gözəl əxlaqi səciyyələrə və gözəl ruhiyəyə malik olduqlarına görə, İmam Əsr (ə)-ın naibliyinə ləyaqət tapmışdılar. Əmanətdarlıq, pak-pakizəlik, əməl və rəftarda ədalət, sirr saxlamaq, məxfi işləri görməyi bacarmaq, Əhli-beyt (əleyhimus-səlamın) sirlərini İmam Zaman (ə)-ın dövrünə məxsus olan belə bir ağır şəraitdə gizlətmək və s. onların mühüm xüsusiyyətlərindən olmuşdur. Onlar imamın etimad etdiyi və xatircəm olduğu şəxslər, Peyğəmbərin pak xanədanının məktəbində tərbiyə almış insanlar idi. Onların bə`ziləri 11 yaşından e`tibarən imamların nəzarət və tərbiyəsi altında olmuş, güclü imanla yanaşı, öz vücudlarını da kamal həddinə çatdırmışdılar. Onların gözəl və pak adları dillər əzbəri idi, səbir, helm, çətinliklərə dözmək, müşküllər qarşısında müqavimət göstərmək onların bütün varlıqları ilə qaynayıb-qarışmışdı. Belə ki, onlar ən çətin şəraitlərdə də öz imamlarına mütləq şəkildə itaət edirdilər. Bütün bu gözəl sifətlərlə yanaşı gözəl idarəçilik və şiələrin rəhbərliyini də öhdələrinə almışdılar. Onlar kamil agahlıq və fəhm qüvvəsi ilə, zamanın həssaslığını dərk etməklə və mövcud imkanlardan bəhrələnməklə şiə cəmiyyətini Allahın yoluna hidayət edir, onları kiçik qeybət dövrünün enişli-yoxuşlu yollarında düzgün şəkildə istiqamətləndirirdilər.

Kiçik qeybət dövrünün və naibin ümmətlə imam arasında rabitə yaratmaqda ifa etdikləri mühüm rolun dəqiq şəkildə araşdırılması İmam Zaman (ə)-ın həyatının bu dövrünün əhəmiyyətini gözəl şəkildə çatdırır. Bu kimi əlaqələr və eləcə də bə`zi şiələrin də kiçik qeybət dövründə imamın hüzuruna çatması 12-ci imam və Allah təalanın bəndələrə olan son höccətinin təvəllüdünün isbat olunmasında çoxlu tə`sirlərə malik idi və bu mühüm nəticə o zaman baş vermişdi ki, düşmənlər İmam Həsən Əsgəri (ə) üçün bir övladın dünyaya gəlməsi ilə əlaqədar şiələri şəkk-şübhəyə salmaq istəyirdilər. Bundan əlavə, bu dövr böyük qeybət dövrünün başlanmasına münasib bir zəmin yaratmışdı ki, o dövranda camaat xüsusi şəxslərin vasitəsi ilə öz imamları ilə hər növ əlaqə yaratmaqdan məhrum idilər. Lakin tam xatircəmlik və əminliklə imamın varlığına inanılar və onun hazır olmasına və xeyrir-bərəkətlərindən bəhrələnmələrinə iman bəsləyirdilər.

Uzun müddətli qeybət

4-cü naibin ömürünün axır dövrlərində İmam Zaəman (ə)-dan ona xitabən belə bir məktub gəldi: «Bismillahir-Rəhmanir-Rəhim. Ey Əli ibni Məhəmməd Səmuri! Allah sənin vəfatının müsibətində sənin din qardaşlarına böyük mükafat versin! Çünki sən altı gündən sonra axirət aləminə səfər edəcəksən. Buna görə də öz işlərini sahmana sal və özündən sonra canişin barəsində bir kəsə vəsiyyət etmə! Çünki kamil (və uzun) qeybət dövrü gəlib çatmışdır. Bundan sonra yalnız Allah fərman verdiyi zaman mənim üçün zühur gözləniləcəkdir. Bu da uzun müddət keçdikdən sonra olacaqdır ki, nəticədə qəlblər çətinliyə düşərək, qəsavət bağlayacaq, yer üzü zülm və haqsızlıqla dolacaqdır.»[4]

Buna əsasən, İmam Zaman (ə)-ın axırıncı naibinin 329-cu ildə vəfat etməsi ilə «qeybəti kubra» adı ilə məşhur olan uzunmüddətli qeybət dövrü başlanır. Bu dövran Allah təalanın istədiyi bir vaxta qədər davam edəcəkdir, nəhayət Allah təala qeybət buludlarını kənara çəkəcək, vilayət günəşinin nurani işıqları dünyanı birbaşa şəkildə işıqlandıracaqdır.

Yuxarıda qeyd olunduğu kimi, kiçik qeybət dövründə şiələr xas naiblərinin vasitəsi ilə imamla əlaqə yaradır, özlərinin ilahi vəzifələri ilə tanış olurdular. Lakin böyük qeybət dövründə bu növ rabitələr kəsilmişdir. Mö`min insanlar öz dini vəzifələri ilə agah olmaq üçün yalnız o həzrətin ümumi naiblərinə –böyük din alimlərinə və mərcəyi-təqlidlərə müraciət edirlər. Bu da aydın bir yoldur ki, İmam Məhdi (ə) onu şiələr içərisində etimad etdiyi böyük bir şəxsiyyətə yazdığı məktubda bəyan etmişdir. İkinci naibin vasitəsi ilə camaata çatdırılan bu məktubda belə qeyd olunur:

وَاَمَّا الْحَوادِثُ الْواقِعَةِ فَارْجعُوا فيها اِلى رُواةِ حَدِيثِنا فَاِنَّهُم حُجَّتى عَلِيْكُم وَأَنَا حُجَّةُ اللهِ عَلَيهم...

«Amma gələcəkdə baş verən hadisələrə gəldikdə isə, (müxtəlif şəraitlərdə öz ilahi vəzifələrinizi tanımaq üçün) bizim hədisləri rəvayət edənlərə (fəqihlərə) müraciət edin. Çünki onlar mənim sizə olan höccətimdir, mən də Allahın onlar üzərində olan höccətiyəm...»[5]

Şiələrin dini suallarına cavab verilməsi, bundan da mühüm olan şey İmam Zaman (ə) kamil qeybət də olduğu bir vaxtda onların fərdi və ictimai vəzifələrini aydınlaşdırıb sualların cavab verilməsi üçün bəyan olunan bu yeni üslub bu həqiqəti çatdırır ki, şiə mədəniyyətində imamət və rəhbərliyin mütərəqqi quruluşu tamamilə canlıdır, müxtəlif şəraitlərdə camaatın hidayət və rəhbərliyini ən gözəl üslublarla yerinə yetirir və heç bir dövrdə məktəb ardıcıllarını hidayətedici bir mənbə olmadan öz başlarına buraxmamışdır. Əksinə, onların işlərinin həyatlarının ictimai və fərdi yönlərində idarə olunmasını dinşünas və əmanətdar alimlərə həvalə etmişdir ki, islam cəmiyyətinin gəmisi dünyanın tufanlı və təlatümlü dəryalarında, istismarçı qüdrətlərin hoqqabazlıq siyasətləri və s. kimi hadisələr qarşısında qoruyub-saxlasın, şiələrin e`tiqad sərhədlərinin geşiyini çəksin.

İmam Hadi (ə) qeybət dövründə din alimlərinin ifa etdiyi mühüm rolu bəyan edərək buyurmuşdur: «Əgər imam Məhdi (ə)-ın (böyük) qeybətindən sonra camaatı öz imamlarına doğru çağırıb hidayət edən, möhkəm ilahi dəlil və höccətlərlə dini (Allahın dinini) himayə edən alimlər olmasaydı; həmçinin əgər Allah bəndələrini şeytanın və şeytansifətlərin tələsinə düşməkdən qoruyan, onları Əhli-beyt düşmənlərinin düşmənçiliklərindən nicat verən ayıq alimlər olmasaydı, onda elə bir şəxs qalmazdı ki, Allah dinindən çıxmamış olsun! Lakin onlar şiələrin qəlblərini (əqidə və fikirlərini) möhkəm şəkildə əllərində saxlamışlar, necə ki, gəmiçi gəminin sükanını möhkəm şəkildə əlində saxlayıb. O alimlər Allah dərgahında bəndələrin ən yaxşılarıdır.»[6]

Diqqət yetirilməli məsələ cəmiyyət rəhbərinin malik olmalı olduğu xüsusiyyət və şərtlərdən ibarətdir. Çünki insanların din və dünya işlərindəki ixtiyarını bir və ya bir neçə şəxsə həvalə etdikdə onlar həmişə tam diqqətlə, düzgün ayırd etməklə və dəqiq şəkildə bu işi öhdələrinə almalıdırlar. Həmin səbəbə görə də məsum imamlar dini mərcəiyyəti, habelə ondan da yüksəkdə olan müsəlmanların vəliyyi-əmri (vilayəti-fəqih) məqamı üçün son dərəcə yüksək olan xüsusiyyətlər bəyan etmişlər. İmam Sadiq (ə) buyurur: Camaata vacibdir ki, fəqihlər və din alimləri arasında özlərini (böyük və kiçik günahlar qarşısında) saxlaya bilən, dinin və ayinin (özünün və camaatın etiqadlarının) keşiyini çəkən, öz şəxsi meyl və istəkləri ilə müxalifət edən, yalnız mövlasının (İmami Əsrin) göstərişlərinə itaət edənlərə onlara itaət etsinlər. Şiə fəqihlərinin hamısı deyil, yalnız bə`ziləri belədir.»[7]



[1] Toqiqat adı ilə məşhur olan məktubların mətni şiə alimlərinin kitablarında mövcuddur (nümunə üçün biharul-ənvar 53-cü cild bab 31 səh 150-197)

[2] Qeybəti Tusi 6-cı fəsil hədis 319 səh 357

[3] Qeybəti Tusi 6-ci fəsil hədis 317 səh 355

[4] Yenə orada 6-cı fəsil hədis 365 səh 395

[5] Kəmalu din ikinci cild 45-ci bab üçüncü hədis səh 236

[6] Ehtica birinci cild 11-ci hədis səh 15

[7] Yenə orada ikinci cild səh 511