MƏHƏMMƏD FIZULININ FƏLSƏFI GÖRÜŞLƏRI (5)
Eşqdir ol nəşeyi-kami kim, ondadır müdam.
Meydə təsviri-hərarət, neydə təsiri-səda.
(O kamil nəşə eşqdir ki, daima meydə hərarətin coşqunluğunu və neydə sədanın təsirliyi ondadır).
Meyin əsli Meynə,neyin əsli qamışdır.
Meynə göyərir, tumurcuqlayır, yarpaqlayır, çiçəkləyir, üzüm yetişir. Əvvəlcə acı, sonra turş, nəhayət şirin olur. O meyvəyə çevrilənədək uzun bir inkişaf prasesi keçir. Mey qaldıqca daha da coşğunluğu artır. Onun coşqunluğu vüsal həsrətindəndir. Mey vüsala çatmaq üçün yəni əslinə qayıtmaq üçün qaynayır, əsib-coşur. Eşqinin kamilliyi hesab edir. Eləcə də, öz əslindən, yəni qamışdan ayrılan ney əslinə qayıtmaq üçün fəryad edir. Onun səsini belə yandırıb-yaxıcı olması eşqdəndir. Biz burada da küldən ayrılan zərrənin yenidən küllə qovuşmaq həsrətini görürük.
, Vadiyi-vəhdət həqiqətdə məqam-eşqdir,
Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.
(vəhdət vadisi həqiqətdə eşqin məqamıdır ki, o vadidə rəiyyət şahdan fərqləndirilməz).
Aşiqlər üçün bu dünya viranə,fənalıq isə abad mülkdür. Bu səbəbdən onlar bütün əzab-əziyyətlərə dözüb, dünya nemətlərinə arxa çevirir, fənalıq yolunu tuturlar və vəhdət vadisinə can atırlar. Ona görə də orada şah ilə gəda bir-birindən seçilmir. Aşiqlər bura çatana kimi dörd mərhələdən keçirlər. Birinci mərhələdə insan onu və dünyadaki bütün yaranmışları xəlq edən bir Xaliqin olduğunu bildirir. İkinci mərhələdə insan öz dediyini dərk etmiş olur. Üçüncü mərhələdə insan artıq dünyada olanların hamısını rədd edir, bütün dünya nemətlərindən əl çəkir və öz yaradanı ilə təkbətək qalır. Dördüncü mərhələdə isə insan artıq özünü də unudur., təkcə yaradanı düşünür. Bu isə artıq əslinə qovuşmaq mərhələsidir. Belə insanlar kamil şəxslərdir. Və fəna-fillah adlanırlar.
Eyləməz xəlvətsərayi-sirri-vəhdət məhrəmi.
Aşiqi məşuqdən, məşuqi aşiqdən cüda
(Vəhdət sirrləri saxlanılan gizli bir evin məhrəmi olanlar heç vaxt aşiqi məşuqdan və məşuqu aşiqdən ayrılmaz).
Əslində qayıtmaq istəyən və kamillik yolunu tutub gedənlərin hamısı heç də bu yolu sonadək gedə bilmir. Yalnız kamilliyin bütün mərhələlərindən keçənlər vəhdət sirləri saxlanan qəsrə daxil ola bilirlər. Bu adamlar da Peyğəmbərlər, imamlar, övliyalardır. Fizuli burada demək istəyir ki, baxmayaraq insanlar eyni bir əcdada mənsubdurlar, heç də hamı eyni dərrakədə deyildir. Yalnız sirlər saxlanılan qəsrə məhrəm olanlar insanların istəyini anlayıb, onların hüququnu müdafiə edə bilərlər.
Aşiqlə məşuqu yalnız onlar bir-birindən ayırmazlar.Çünki, onlar bilirlər ki, hər zərrə öz külünə qovuşmalıdır.
Ey ki, əhli-eşqə söylərsən məlamət, tərkin et!
Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-Xuda?
(Ey eşq əhlini məzəmmətləyən, əl çək bu işdən!-deyən, de görüm ki, Allahın yazdığı yazını pozmaq mümkündürmü?!
Allah Taalanın iradəsi və təqdiri qarşısında heç bir istək və iradə ola bilməz. Bu mətləb Quranı kərimin "ənam" surəsinin 115-ci ayəsində öz əksini tapmışdır: (ya rəsulum) Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək kimsə yoxdur., o, (hər şeyi) eşidəndir və biləndir".
Şair bu beytdə aşiqləri məzəmmət edənlərə müraciətlə deyir ki, əl çəkin bu məzəmmətdən. Allah Taala onlar üçün bu yolu seçib. Allahın yazdığını isə pozmaq qeyri mümkündür.
Eşq kilki çəkdi xət hərfi-vücudi-aşiqə,
Kim, ola sabit həq isbatında nəfyi-məada.
(Eşqin qələmi bir xətt çəkib aşiq sözünü vücuda gətirir ki, həq isbatında qeyriləri danmaqda sabit olsun).
Bu beyt Fizuli yaradıcılığında mübahisəli betylərdəndir. Hacı mail bu beytin şərhini belə verir: "Allah sözü əlif hərfi ilə başlandığından və əlif hərfi düz xətt kimi çəkildiyindən Allahın adının ilk hərfindən düzlüyün əsası, bünövrəsi qoyulur. Eşq qələmi ilə bir xətt çəkib aşiqi əmələ gətirir, yəni eşq sözü alınır. Burada əyn hərfi birləşir, onların vəhdəti kainatın yaradıcısını inkar edənlərə onun varlığını sübut edir. Allahın isbatı olan yerdə isə qeyrilərin danılması labüddür"
Ey Fizuli, intəhasız zövq buldun eşqdən,
Böylədir hər iş ki, həqq adilə qılsın ibtida.
(Ey Fizuli, həqq adıyla başlanan hər bir iş belədir ki, sən eşqdən intihasız zövq aldın).
Şair qəzəl boyu eşqin aşiqə yol göstərdiyini, aşiqin kamillik yolunu keçib vəhdət vadisinə yetişməsini, bu yolda çoxlu məzəmmətlərə, danlaq və sərzənişlərə məruz qaldığını, nəhayət böyük zövqə çatdığını qeyd edərək, sonuncu beytdə bu zövqü çəkdiyi əziyyətlərin müqabilində Allahın mükafatı olduğunu, Allah adıyla görülən hər bir işin belə sonluqla nəticələnəcəyini göstərir.
Bununla da şair bir daha özünün İslam dininə, tohidə bağlılığını bildirir.
Ümumuyyətlə, Fizulinin bütün yaradıcılığı boyu onun heç bir fəlsəfi cərəyana qoşulmadığının, sona kimi İslamı yolla getdiyinin şahidi oluruq. Şair bununla bir daha sübut edir ki, ən böyük din İslam dinidir və ən dərin fəlsəfə, yəni bütün fəlsəfələri özündə birləşdirən fəlsəfə də İslam fəlsəfəsidir.