MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ (1)
  • Başlıq: MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ (1)
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 3:49:5 4-9-1403


MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ (1)

Allahın adı ilə

Beş yüz ildir...

Beş yüz ildir ki, alovunu bəşəriyyətə paylaya-paylaya yanırsan... Ayağın Kərbəlada topağına dirənib, alovun bütün yer kürəsinə yayılıb, eşqin ərşə şərik, istisinə milyom-milyon qəlb möhtacdır. "Məndə Məcnunam füzun aşiqlik istedadı var",-deyib Məcnunu sadəcə "ad"səviyyəsinə endirən eşqinin sədaları altında neçə-neçə məcnunlar gəlib-gedib, aşiq babam!

Beş yüz ildir ki, İlahi eşqilə külüng çalıb parçaladığın dağlardan tökülən şəlalələrdən yaranmış dəryalardan incilər toplayırıq. Bəlkə də heç mində birini ələ gətirməmişik... Gözəlliyinin nəhayəti bilinməyən misilsiz söz gülşəninin ətrini tam duymamışıq, təravətli güllərdən bəs deyincə dərməmişik. Bu dünyanın havasına hopmuş şerinin ecazkar musiqisini hələ qədərincə dərk etməmişik. Təbiətin nəşqlərində sirli rəngarənglik verən əvəzsiz söz sənətinin sehrindən qurtara bilmirik, şair babam!

Beş yüz ildir ki, "elmsiz şer əsası yox divar olur, əsassız divar ğayətdə bietibar olur",-deyib şerdə yaratdığın elmilik, kamillik yolunun kənarlarında addımlayırıq, hələ də o yola keçməyə ürək eləmirik. Qoyub getdiyim elm xəzinəsinin cəvahirətlərinə ancaq uzaqdan tamaşa edirik, əl atıb götürməyə cəsarətimiz çatmır, alim babam!

Təkcə onu bilirik ki, Aşiq Fizuli var, şair Fizuli var, Alim Fizuli var!

Məhəmməd Fizulini alim, filosof şair adlandıranlar səhv etmirlər. Çünki onun boşuna deyilmiş bir beytini belə anmaq çətindir. Hər beytinədə mütləq batini məna sezilir. Hətta Fizuli şerini aça bilməyən, onun söz içində dediyi sözlərin mənasını anlamağa çətinlik çəkən oxucular da "burada nəsə bir məna var"deyə deşünürlər.Doğrudan da Fizulinin istər nəsr əsərlərində,istərsə də şerlərində dərin məzmunlu elmi-fəlsəfi fikirlərlə rastlaşırıq. Onları açmaq istədikdə isə fikirlər çözələnir,Fikirdən fikir, sözdən yeni söz yaranır, bəzən insan özü də haçalanan fikirlərin, müəmmaların içində itib-batır. Budur Fizuli sözü, hamını mat qoyan Fizuli sehri...

Nədənsə Fizuli fəlsəfəsindən danışdıqda ilk növbədə şairin "başlanğıcın və sonun idrakı barədə baxışın mənbəyi"("Mətləul-etiqad fi mərifət əl-məbdə vəl-məad") adlı əsərini qeyd edirlər. Lakin zənnimcə, Fizuli ən gözəl fikirlərinin batini mənada, çoxlarına sadəcə lirik-aşiqanə şer təsiri bağışlayan qəzəllərində vermişdir. Doğrudur şairin "mətləul-etiqad" əsərində bir çox fəlsəfi görüşlərlə, müxtəlif flosofların fəlsəfi fikirləri ilə tanış oluruq. Şair burada şəm qərb,həmdə şərq fəlsəfəsinin görkəmli nümayəndələrinin eynilik yaradan və təzad təşkil edən fikirlərini qeyd edərək, insanı bir növ dünya fəlsəfi tarixinə səyahətə aparır. Lakin şairin əsas məqsədi budurmu?

Əksər tədqiqatçılar bu əsəri təhlil edərkən,şairin yazdıqlarını qısa şəkildə sadalamaqla kifayətlənirlər. Əsərin girişində "beləliklə, (müxtəlif) əqidə sahiblərinin təriqətləri ilə tanış oldum və onların faydasını mənimsədim. Zaman tələb edirki, bunların mövcudiyyatı qorunub saxlansın və əsrarı gizli qalmasın. Buna görə onları mühafizə etmək üçün dörd rüknü (sütunu ) olan bir ev tikdim: belə ki, onun hər bir təlimində iman bağına açılan bablar (qapılar) vardır. Belə bir binanı "Mətləul-etiqad" adlandırdım",-deyən şair burada sadəcə olaraq filosofların fikrini verməmiş, onları müqayisəli şəkildə təhlil edərək öz münasibətini bildirmiş və düzgün olan fikirləri Quran ayələri, Məhəmməd Peyğəmbər (s) və Əhli –beyt hədisləri ilə uyğunlaşdırıb doğru olanları qəbul etmişdir. Çünki Fizuli dünya fəlsəfəsini sadəcə olaraq filosofların fikirlərin öyrənib yazmaq üçün oxumamışdı. Şair müqəddimədə qeyd edir ki, "varlıqlara idrak və hissiyat gözü ilə baxıb hər bir varlığın nəsə bir işlə məşğul olduğunu müşahidə etmiş, ömrünü qəflətdə korlamaqdan saqınmış, işlərdən birini seçmişdir ki, onunla işləri və bacarığı müqabilində bilik kəsb etsin". Onu bu işə sövq edən isə özünün dediyi kimi: "Biz Məhəmmədə şer öyrətmədik"-ayəsi olmuşdur.Şair sözləri nəzmə çəkmək işini götürmüş, bu yolda kainatın nizamının hikmətini, yəni onu mütləq bir nizamlayıcısının olduğunu dərk etmiş və onu tanımağın yolunu axtarnmaq üçün bütün əqidə sahiblərinin təriqətləri ilə tanış olmuşdur.Əsəri oxuduqca bəzən qırılan bir xətt diqqətimizi cəlb edir.Şairin Quran ayələrinə, Peyğəmbər (s)-ın hədislərinə istinad xətti...Əsər boyu şairin heç bir fəlsəfi cərəyana qoşulmadığının, sona qədər İslam fəlsəfəsinə (əgər belə adlandırmaq düzgündürsə) sadiq olduğunu müşahidə edirik. Məsələn birinci püknün birinci babında şair elm biliyi və bilik elmi haqqında flosofların fikirlərini verir, sonda isə yazır: "(bəziləri) demişlər ki, Tanrının sevdiyi birinci şey bilikdir. Və o (Tanrı), demişdir: "Mən gizli bir xəzinə idim və istərdim ki, məni tanısınlar, bilsinlər: buna görə məxluqatı yaratdım".