Novruz: yeni il, yaz bayramımız-ən qədim el bayramımız
  • Başlıq: Novruz: yeni il, yaz bayramımız-ən qədim el bayramımız
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 10:59:36 13-8-1403


Novruz: yeni il, yaz bayramımız-ən qədim el bayramımız

Allahın adı ilə

Novruz bayramının meydana gəlməsi, bu bayramın tarixi xalqımızın minilliklər boyu yaşadıqları coğrafi, ictimai, iqtisadi amillər ilə sıx bağlı olduğu bildirilir, onun həyatın ehtiyacından nücum elminə marağından törədiyi ehtimal olunur.

Tarix boyu bir-birini əvəz edən öz rəngarəng etiqadları ilə, həmçinin totemizm, bozqurd, ata-baba ruhu (ərvahan)və s. Bağlı görüş, inanc, ayin və rəvayətlər əski türklərin kainat həqiqətlərinin kəşfini səciyyələndirən və yaxud qaynayıb qarışaraq zaman-zaman onların üstünə gələn yeni görüşlər, yeni inanclar, yeni qatlardır.

Novruzşunaslığın bir tarixi elm kimi araşdırılmasının çətinliyi də bu tarixin qədimliyindən, çoxqatlığındadır.

Ulu əcdadlarımız müşahidə etdikləri kainat qanunauyğunluqlarını öz əski türk inancları ilə uzlaşdırmış və qədim türk dühasının dahi məhsulu olan 12 (on iki ) heyvanlı təqvim tərkib etmişlər.

Novruz gecə və gündüzün get-gedə uzanması, havanın qızması, təbiətin oyanması ilə müşahidə olunur. Novruz bayramının vaxtı dəyişmir. Hər il eyni vaxtda keçirilir. Bu da qədim türk təqviminin dəqiq günəş ilinə görə hesablanmasından irəli gəlir.

Sevindirici haldır ki, Novruz bayramı ilə bağlı son illər mətbuatda çox yazılır. Lakin bu yazılarda bizi çox narahat edən cəhətlər də vardır.

Novruzağzı çərşənbə axşamı günlərinin bayram edilməsinin səbəbi, mahiyyəti, sayı, adları, sıralanması, bu bayramın mənşəyi, həftənin ikinci və ya üçüncü günü icra olunması, xüsusən də Xıdırnəbi (Xızırnəbi) və s. Bağlı məsələlərdə fikir müxtəlifliyi, uzlaşmazlıqla üzləşirik.

Xalq təqviminə görə qış dekabrın 21-dən başlanır və üç ay hökm sürür. Dekabrın 21-dən martın 21-dək olan soyuq günləri ulu əcdadlarımız üç hissəyə bölmüşlər: Böyük (qara) Çillə və ya Qara (qatı) qış-40 gündür, kiçik Çillə-üç həftədir, boz Çillə (və ya boz ay)-dörd həftədir. Boz çillənin soyuq günləri qışdan, isti günləri yazdandır.

Fevralın 1-də qara çillə çıxır, öz yerini kiçik çilləyə verir. Havalar daha da sərtləşir. Demək olar ki, ,Bahar bayramına hazırlıq elə bu vaxtdan başlanır: evlərdə, qapı-bacalarda təmizlik işləri aparılır, yumurta toqqaşdırılır. Və s.

Borçalılar da vaxtilə yazı çağırmaq məqsədilə yeddi çərşənbə axşamı (xas) günlərini bayram etmişlər, tonqallar çatmışlar.

"De Novruza nə qaldı, düz əllicə gün qaldı" deyimi də elə o ilk çərşənbə axşamı gününün yadigarıdır. ,Həmin çərşənbə axşamı günü havaya bir dəyişiklik gətirməmişdir. Odur ki, bu xas günü "yalançı" (fevralın 1-7) adlandırmışlar.

Aradan bir həftə keçməsinə baxmayaraq, havada heç bir dəyişiklik duyulmasa da, sonrakı-"Xəbərçi" (8-14 fevral) çərşənbə axşamı günü əziz günlərin yetişdiyindən xəbər verir. Bu da Xıdırnəbinin gəlişilə bağlıdır.

Budur, Xıdırnəbi özünü yetirir. Bu, "Xəbərçi"nin gətirdiyi xəbər və vəd etdiyi gündür. Bu barədə olan yazılarda, bağlanan kitablarda, Xıdırnəbi ilə bağlı qarma-qarışıqlarla üzləşdiyindən, Novruz bayramı ilə bağlı araşdırmalara bir aydınlıq gəlir. Bu bayramın əsl səbəbkarı olan Xıdırnəbi ya unudulur, ya da ki, mətləbə dəxli olmayan digər mərasimlərlə qarışıq salınır. Öz bəlli günlərilə iki aya yaxın çəkən bahar bayramı Xıdırnəbidən ayrıca araşdırılır. Xıdırnəbi də ayrıca bir bayram kimi təqdim olunaraq, Novruzağzı günlər və novruz bayramı ilə bağlılıq tamamı ilə üzülüb itir. Novruz bayramının kökünü kəsib budaqlarından yapışmış oluruq.

Topladığımız məlumatlardan, əldə etdiyimiz bilgilərdən məlum olur ki, bəziləri Xıdırnəbinin fevralın 1-7-nə düşdüyünü və ona görə də ildən-ilə vaxtının dəyişdiyini söyləyirlər. Bu da "yalançı" çərşənbə ilə uyğun gəlir. Böyük Çillə çıxandan sonra kiçik çillə qədəm qoyan kimi havanın sınmasını, yəni Xıdırnəbinin gələşini gözləyən ulu əcdadlarımız ümudlərinin doğrulmadığı üçün fevralın ilk çərşənbəsini "yalançı" adlandırmışlar.

Bəziləri isə Xıdırnıbinin fevralın (8-14) ikinci həftəsində gəldiyini deyirlər. Bu "xəbərçi" dediyimiz çərşənbə ilə yğun gəlir. Yəni həmin gün "xəbərçi" çərşənbə kimi qeyd edilir.

Qaldı Xıdırnəbi bayramının özünə, biz, təbiətdə müəyyən dəyişiklik etmək, torpağı oyatmaq üçün ona ilk nəfəs verən Xıdırın biləvasitə özü ilə gətirdiyi o üç (13-15 fevral) küləkli genlərə deyilir. Məhz Xıdırnəbinin əsdirdiyi yelin nəticəsi olaraq torpağa verilən ilk nəfəsdən fevralın 21-22-də yerdən buğ qalxır.

Beləliklə, torpağa verilən ilk nəfəs havanın mülayimləşməsinə səbəb olur. Məhz buna görə də Xıdırnəbidən sonrakı çərşənbə günü (fevralın 15-21) "Doğruçu" adını almışdır.

Torpağa nəfəs verilmək hələ onun oyanması deyil, oyatmaq üçün ona verilən bir təkandır. Deyilənlərə görə torpağa nəfəs üç dəfə verilir.Torpağa verilən ilk nəfəs və öncə adı çəkilən çərşənbələr kimi sonrakı bayramağzı çərşənbələr, Novruz bayramı da Xıdırnəbi ilə birbaşa bağlıdır.

Gəlin torpağa nəfəs gətirən bu bayramımız haqqında rəvayəti xatırlayaq. Üç qardaş olur: Xıdırnəbi, Xıdırəlləz (və ya Xıdırilyas) və Xıdır. Birinci, Xıdırnəbi dənizə (suya) baxır, yəni su onun ixtiyarındadır. İkinci, Xıdırəlləz (və ya Xıdırilyas) yelə baxır, yəni yel onun hökmündədir. Üçüncü, Xıdır buğdaya baxır, yəni ruzini yetirən torpaq onun əlindədir.

Dənizdən buğda ilə dolu gəmilər keçərkən Xıdırəlləz öz hökmündə olan yeli əsdirir, fırtına qoparır. Dənizdəki gəmilər fəlakətə uğrayır və gəmilərdəki buğda Xıdır qardaşın əlinə keçir.

Bu rəvayət xalqımızın əski mifik düşüncəsinə söykənir. Belə ki, dünya əvvəlcə nəhəng ümmandan ibarət olmuşdur. Ümmanın suları çalxalandıqca qızmış və nəticədə onun bağrından od püskürmüşdür. Bundan sonra ümmanda narahatlıq daha da artmışdır. Su ilə od yola getməmiş, hey döyüşmüşlər. Bu döyüşdə, nəhayət, yel, ümmandan qoparaq, dışarı çıxmış və bununla da yerlə göy bir-birindən ayrılmış, torpaq yaranmışdır.

Bu rəvayətdə deyilən fırtına Məhz odla, yellə, torpaqla bağlı mübarizəni göstərir. Bir sözlə, bütün hadisələr torpağın yaranması (indi isə oyanması) ilə nəticələnir. O torpaq ki, insanlara, bütün canlılara yem yetirir, bərəkət gətirir, yaşayış verir.

Göründüyü kimi, bu rəvayətə əsasən dörd sonrakı çərşənbələrin növbələşməsi də tamamilə aydınlaşır.

1. Su (dəniz) gecəsi (22-28 fevral)

2. Od gecəsi (2-7 mart)

3. Hava (yel) gecəsi (8-14 mart)

4. torpaq gecəsi (15-21 mart)

Bu üç qardaş (Xıdırnəbi, Xıdırəlləz, Xıdır) bir anadan olduğu kimi, ulu od, ulu hava (ulu yel) və ulu torpaq da bir anadan ulu Sudan qopmuş və ya ayrılmış qardaşdırlar.

Ulu Suda baş verən hadisələrin hər biri ayrı-ayrı çərşənbələrdə bayram kimi qeyd edilir. Başqa sözlə desək, bu Novruzağzı çərşəmbələr məhz Xıdır qardaşlarının yenə də ardıcıl surətdə havaya gətirikləri dəyişiklərin bayramıdır.

Xıdırnəbidə bir qayda olaraq yel əsir. İstər əsən yel, istərsə də Xıdır qardaşların yel qanadlı atlarının ayağı altından qopan od-alov, havanın mülayimləşməsinə səbəb olur. Havaya ümidverici dəyişiklik gəlməsinin əsl səbəbkarı olan Xıdır günlərini, Novruzağzı, ümumən, Novruz bayramının başlanğıcı hesab etmək olar.

Üç Xıdır qardaşları, ümmandan ayrılan üç Ulu (od, hava (yel) və torpaq), torpağa üç dəfə verilən nəfəs torpağı oyadır və nə vaxtdan bəri həsrətlə gözlənən əziz yazı- yeni ili gətirir.

Xıdır bayramı üç gün davam edir. Bu barama el arasında "Qovudluq"da deyilir. Qovud hazırlanır.

Buğda bir-bir seçilib qovrulur, kirkidə çəkilib bir siniyə yığılır. Axşam bu üç qardaşın hərəsinin adına bir şam yandırılıb sininin dörd qırağına düzülür. Şamı yandırarkən: "Bu şamı Xıdırnəbinin eşqinə yandırıram!" yaxud "bu şamı Xıdırəlləzin eşqinə yandırıram!"-deyilir. Axşam qapının hər iki sivəsində yerdə yenə də bu qardaşların eşqinə şam yandırılır. Sonra özünün sağ və dünyasını dəyişmiş ulularının, əzizlərinin eşqinə bir şam yandırıb sininin dörd yanına düzülür.

Siniyə, qovudun üstünə bir kasa və ya fincan su qoyulur, içinə bir xışma arpa və ya buğda atılır, yanına bir taxta parçası, bir güzgü və bir qayçı qoyulur. Üstünü xam qırmızı parça, şal və ya kəlayağıyla örtürlər. Gecəni qalır.Səhər açılanda Xıdır qardaşlarının pirləri ziyarət edilir, nəzir-niyaz qoyulur və ya verilir, onlara niyyətlər edilir, onların eşqinə xoruz kəsilir. Sonra isti şərbət hazırlanıb həmin qovud xəmir kimi yoğrulur və kündələnərək niyyətli olanlar qonum-qonşuya paylayırlar.

Yerdə qalanı bir qazana qoyulub ağzı örtülür. Səhəri qapağı qaldıranda elə olur ki, adamı qazandan çıxan alov vurur. Bu da Xıdır qardaşlarının atlarının ayağı altından qopan alovdur. Qovudun üstündə bəzən onların atlarının nal izləri də qalmış olur. Bəzən səhər qapıdan təzə nal da tapılır.

Xıdır xonçasındakı elementlər əski türk inanclarına, təfəkkürünə söykənən rəmzlərdən ibarətdir. Həmin görüşə görə yer üzündə həyatın yaranmasının beş təməl daşı Xıdır xonçasında rəmzlə iştirak edir: Su, Od, torpaq, ağac,və metal.

Qovrulub kirkədə saxlanmış dən (qovud) bolluğu, bərəkəti, onu yetirən torpağı göstərir. Kasada və ya fincanda qoyulan su həyatın başlanğıcı olan Ulu Ümmanı-suyu göstərir. Kasanın içinə atılan bir xışma dən (arpa və ya buğda) isə yenə min bir nemət, bətəkət yetirən suya, istiyə, torpağa işarədir. Novruzda qoyduğumuz səməninin də məhz bununla ilişgili olduğunu görürük.

Yandırılan şamlar istini-Ulu odu (günəşi) göstərir. Qayçı şərin (qışın) ömrünü kəsmək, gödək qoymaq istəyilə bağlıdır. Xonçaya qoyulan güzgü günlərin, çarxın dövrünün əkizliyinə, əksikliyinə, qarşılıqlı olduğuna, bir-birinin vaxtaşırı əvəzlənməsinin qanunauyğunluğuna, təbiət hadisələrinin bir-birilə bağlı olduğuna işarədir.

Xonçadakı taxta parçası ağacı əks etdirir.

Qapıdan tapılan nal və qovudun üstünə düşən Xıdır atlarının nal izləri metalı göstərir.

Xonçanın üstünə salınan qırmızı parça da arzulanan istini, odu günəşi, bollu-bərəkətli günlərin yetişdiyini xoşbəxtliyi bildirir.

Novruzağzı çərşənbələrin və novruz bayramının birbaşa Xıdır qardaşları ilə bağlı olduğunu Xıdır xonçası apaydın nümayiş etdirir. Novruz bayramı öz mənşəyilə Xıdırnəbiyə borclu olsa da,havada, təbiətdə baş verən yeniləşmənin əsasında Ulu Od durur. Xıdır qardaşları isə onları köməyə çağıran insanlara öz gəlişlərilə qışı (şəri) sıxışdırıb istini (xeyri) gətirirlər. İstinin düşməsi insanlara öz zəhməti sayəsində yaşayış, bolluq, xoşbəxtlik gətirir. Maraqlıdır ki, üzükatdıda deyilən bu bayatı da birbaşa təsərrüfatla bağlıdır:

Biçəy-biçəy hil olsun,

İçi dolu gül olsun,

Biçəyə gələnlərin

Diləyi hasil olsun.

Novruzağzı çərşənbələrin düzümü ilə bağlı ən çox mabahisə doğuran son iki çərşənbədir. Borçalıda İl-axır çərşənbədən öncəki yel (hava) (8-14 mart) gecəsi kimi tanınır. Bunun da məntiqi əsası vardır. Həmin çərşənbə həm də ata-baba ruhu şərəfinə keçirilən gül (qədir) gecəsi, qara bayramdır. Bu hər iki mərasimin (yelçərşənbəsi və gül gecəsinin) icrası üst-üstə düşdüyündən ayinləri də bir-birinə qarışmışdır.

Həmin gecə ruhlar quş şəklində öz ocağını ziyarət edir. Ocağındakıları şən görəndə o ruh alqış edərək öz məkanına şən qayıdır, qəmgin görəndə məyus olur. Odur ki, bu doğma ruhlar layiqincə qarşılanmalıdırlar. Həmin gün kömbə bişirilir. O günü ertədən əcdadlar (ata-baba) anılır, qəbirləri ziyarət edilir, dualar oxunur, pay aparılır.

Onların adına qazanlar asılır. Bayram süfrəsi açılır. Axşam tonqallar çatılır, havaya çərpələng atılır. Yel (gül) gecəsi borçalının bir çox kəndlərində həyat və bərəkət rəmzi olaraq unlu-umaclı, əriştəli, südlü xörəklər (xəngəl, xəşil, südlü aş və s.) bişirilir. Evlərdə bol işıq yandırılır. Bağlı qapılar açılır. Hər yerdə mütləq təmizlik, paklıq başlıca şərtlərdəndir.

Axır çərşənbə (15-21 mart) torpaq gecəsi kimi tanınır. Ona həm də ilin axır çərşənbə gecəsi, ilin axır gecəsi və ya sadəcə il gecəsi, bəzən din gecəsi, bijəy gecəsi də deyilir. Belə hesab edilir ki, il həmin gecə təhvil olunur: Səhəri gün bir-birini yeni il münasibətilə təbrik edir.

Həmin gecə torpaq tamamilə oyanır. Göylə yer görüşür. Həmin gecəni torpaq gecəsi olduğu daha bir rəvayətdə öz təsdiqini tapır. Bir qarı ilin axır çərşənbə gecəsinin bir vaxtında danasını axar suya suvarmağa çıxarır. O, dananı suvarıb ağaca bağlayır ki, özü də əl-üzünü yusun. Yuyub geri dönəndə dananı bağlı halda ağacın başında görür. Demə, qarı dananı ağaca bağlayanda, torpaq ilə qovuşmaq üçün ulu göylə birlikdə ağac da bir anlığa əyilibmiş Torpaqla qovuşub qalxanda özü ilə dananı da qaldırır.

Belə hesab olunur ki, torpağın tamamilə oyanması, yerlə göyün görüşməsi gecəsi yeni il öz mübarək qədəmlərini atır. Bu rəvayətdə həm də göylə yerin ayrılması, torpağın yaranmasına da işarə edilir.

Həmin gecə dinə (dinləməyə) çıxılır, qapı pusulur, üzük-üzük və ya iynə-iynə salınır, güzgü tutulur, küsülülər barışır, nişanlı qızlara bayramlıq gedir. Bu gecə ona görə də ən əziz gecələrdən hesab olunur. Həmin gecə hər kəs mütləq öz ocağının başında olmalıdır. Pis, bəd, kobud söz dənışmaq qəti qadağandır. Mehribanlıq, dinclik, nəzakət mütləq gözlənilməlidir. Ləziz xörəklər bişirilir, süfrəyə şirniyyat, çərəz qoyulur. Tonqallar qalanır. Tonqaldan tullanmalı və tullanarkən ağır uğurluğunu tonqala töküb yandırmalı və yeni ilə ağırlıqdan azad olmuş, yüngülləşmiş halda qədəm basılmalıdır.

Bu gecə evdəki köhnə süpürgələr yol ayrıcına atılmalı, səhəri gün evdə olan sular tökülüb təzəsi doldurulmalıdır. Əyninə heç olmazsa neçə təzə şey geyilməlidir.

İl gecəsi hər şey təzələnmiş olur. Heyvanların yunu da artıq qırxılmış olmalıdır.

Həmin gecə üzük-üzük salmaq üçün axar sudan su gətirilir. Bu suyu gətirərkən dönüb geriyə baxmaq olmaz. Üzük salınacaq qabın üstünə qırmızı kələyağı və ya parça salınır. Bir nəfər suya salınan üzükləri bir-bir çıxarmazdan əvvəl hər kəsin bəxtinə üzükatdılar (bayatılar)deyilir. Səhər tez qalxmalı, çünki illik bərəkət, ruzi məhz ilin axır çərşənbəsinin ilk səhəri, dan yeri sökülən vaxt, alatoran vaxtı paylanır.

Dan yeri ağaranda qalxıb axar suyun üzərindən üç dəfə tullanmalı və ağır-uğurluğunu suda axıtmalı, xoş niyyətlər edilməlidir. Məsələn, gənc, qızlar sudan tullanarkən deyirlər:

"Atıl-batıl çərşənbə,

Bəxtim açıl çərşənbə".

İlaxır çərşənbəyə aid daha bir maraqlı fakt.

İlin, 12 heyvanlı türk təqvimi əsasında, hansı heyvanın üstə təhvil olacağı qabaqcadan bəlli olsa da, bu təqvimdən ayrı düşüb ondan bixəbər qalan Borçalılar, bu barədə bəzi mlumatları hələ də yaddaşlarda yaşadaraq, yeni ilin nəyin, hansı heyvanın üstə təhvil olduğu ilə maraqlanırlar.

Bunu da onlar həmin gecə Candar kəndindəki çinara (ağ qovağa ) çox qısa müddətliyinə uçub gələn leyləkdən (hacıleyləkdən), onun ağzında gətirdiyi nəsnədən öyrənirlər.

Maraqlıdır ki, il gecəsinin 15-21 mart dəyişkənliyinə baxmayaraq, həmin leylək elə hökmən ilaxır çərşənbədə gecəyarıdan ötmüş uçub gəlir. Gecə yarıdan sonra, dan yeri ağaranadək, bir qayda olaraq təkcə uçub gələn, öz həmcinslərindən xeyli iri, düm ağappaq olan bu ana leylək, ağ qovaqda köhnədən qalmış yuvada ( və yaxud yuvasına) yeganə yumurta qoyub ağzında gətirdiyi sözü gedən təqvim əlaməti (göstəricisi) olan nəsnəni də burada qoyub, dərhal bu yerləri tərk edir. Odur ki, onun haqqında borçalılar deyirlər:

Gecə gəlməz, sabaha qalmaz" .Yuvada yiyəsiz qalan yumurtadan isə, təbii ki, özbaşına bala çıxmır. Yeri gəlmişkən deyək ki, bu ağ qovağın budağını qıran və yaxud qurumuş budağını qıran və yaxud qurumuş budağını belə yandıran kəslər, qarşısı alınmaz bəlaya düçar olur, tezliklə ölümlə üzləşirlər.

Səciyyəvidir ki, bu çərşənbəyə həm də "Bijəy"gecəsi deyilir. Bu da "bir", "birinci", "ilk" anlamlarını verir. Yəni həmin gecə yeni ilin ilk, birinci gününün başlanğıcı, yaxud ilk, birinci günüdür, deməkdir.

İlin axır çərşənbəsinin martın 15-21 arası icra olunduğundan, bəzən 21 mart bayram gecəsilə üst-üstə düşür. Bu səbəbdən hər iki bayramın ayinləri bir-birinə qarışır.

Bu gecə, 21-i mart gecəsi, uşaqlar, cavanlar evlərə torba salır və ya papaq atırlar. Torbaya və yaxud papağa şirniyyat, çərəz, boyanmış yumurta və s. Qoyulur. Məbadə boş qaytarasan. Olmaz. Bu gecə çox şən keçir. Gənclər kosanın rəmzi olan müqəvva düzəldib piyada və yaxud uzunqulaq belində məhəllə-məhəllə, qapı-qapı, dəstə-dəstə gəzib novruz payı alırlar. 21-i mart gecəsi yenə tonqallar qalanır, evlərdə bol işıq yanır, bağlı qapılar açılır. Hər yerdə səliqə-səhman hökm sürür. Dinclik, mehribanlıq, nəzakət gözlənilir bu əziz gündə.

İlin axır çərşənbəsinin martın 21-nə düşüb-düşməməyindən asılı olmayaraq, sözümüzə aydınlıq gətirmək üçün, bu hər iki bayramın təfərrüatına varıb bir-birindən fərqli cəhətini aydınlaşdırmaq lazım gəlir.

Qaynağını Ulu sudan almış odun, ulu havanın, ulu torpağın əski türk təqviminə həftənin məhz çərşənbə günlərində (müasir təqvimə bu, xas-çərşənbə axşamı gününün gecəsidir) təşəkkül tapmasını nəzərə alsaq, ilin axır çərşənbəsini körpə ilin son gününün başa çatdığı, yeni ilin isə təzəcə qədəm qouduğu ilk günün başlanğıcı olduğu bir gün kimi görərik. Bir sözlə, il gecəsi vaxt etibarilə köhnə və təzə ilin kəsildiyi, köhnə ilin başa çatıb, yeni ilin baş alıb getdiyi bir vaxt ölçüsünün adıdır.

Lakin ilaxır çərşənbəsinin illərarası 15-21 mart günləri arasında bulunduğundan, görünür, ulu əcdadlarımız gecə və gündüzün tarazlığını kainatdakı dəyişikliyi, təbiətdəki yeniləşməni nəzərə alıb 21-i mart gecəsini bir son hədd, köhnə ilin bir son həddi kimi götürmüşlər. Onlar həmin günü, ulu suda baş vermiş bütün ulu olayların nəticələrinin, novruzağzı bayramların bir yekunu, artıq təşəkkül tapmış torpaqda xeyrin (istinin ) şər (qış) üzərində qələbəsinin bayramı, yeni ilin yer üzünə daxil olub vüsət aldığı bir gün, bir bayram kimi qeyd etmişlər.

Deməli, 21-i mart bayram gecəsi bütün novruzağzı çərşənbələrin nəticələrinin, qışın qovulub, istinin yazın-yeni ilin gəlişinin yekun, vahid bayramıdır.

Təsadüfi deyil ki, 21-i mart gecəsinin ən əlamətdar törənində məqsəd-şərin (qışın) rəmzi olan Kosanı öldürüb, istini, yazı xeyri) gətirmək və bununla da ruzini, bərəkəti gətirməkdir.

İstinin gəlişilə, insanlar özləri üçün ruzi, bərəkət əldə edə bilmək imkanı qazanırlar. Görünür, xeyir qüvəsi olan ulu oddan ruzi diləmək niyyətindən gəlmişdi. Torba-torba törəni də.

Martın 22-i artıq yeni ilin ilk günüdür.

Bu gün, 22 mart günü, gecə ilə gündüzün bərabərləşdiyi gündür. Bu əziz bayram günlərində yazın gəlişinə sevinir, şadlıq edir, bir-birinin evinə qonaq gedirlər.

Küçələrdə, meydanlarda, məhəllələrdə Kosa məzhəkələr çıxarır, camaat tərəfindən cürbəcür mövzularda səhnəciklər, tamaşalar göstərilir.

Güləş, at yarışları,qılınc oynatmaq, kəndirbaz oyunları, uzaq keçmişdə yay çəkib ox atmaq, sapand atmaq və s. və i. a. Kimi yarışlar da aparılırmış. Tərtibatının özü bir yarış olan "Çilik ağac", "Dirədöymə" kimi qədim milli oyunlarımız da unudulmurdu.

Beləliklə, bütün novruzağzı bayramlarda birbaşa Xıdır qardaşlarının gələşini, onların sərəncamında olan ulu Suyun, ulu yelin vasitəsilə havaya, təbiətə, nəhayət, torpağın oyanmasına yönəlmiş dəyişiklikləri, ona verilən nəfəsi, təbiətdəki yeniləşməni bayram edirik.

Bir qayda olaraq, ildən-ilə martın 15-21-i arası ləngər vuran ilin axır çərşənbə gecəsi, indi yeni ilin ən gec gəlişi (köhnə ilin son həddi 21-i mart) olan, yəni onun (ilaxır çərşənbəsinin) 21-i mart bayramı ilə üst-üstə düşən ilində belə, bu gün-22 mart günü, artıq, ən azı bu gecədən qədəm qoymuş yeni ilin açılan, sabahı olaraq, var kainatın, ulu torpağın yaranmasının, onun oyanmasının, xeyrini (yazın, istisini) şər (qış,soyuq) üzərindəki qələbəsinin bayramıdır.

Əgər novruzağzı çərşənbələrdə məqsəd ulu sudan yaranmaqda olan kainatın-ulu odun, ulu havanın, ulu yerin, ayrı-ayrılıqda hər birinin, daha sonra isə istinin, bollu-bərəkətli günlərin çağırılmasıdırsa, 21-22 mart günləri artıq qərar tutmuş var kainatın ulu odun, yerin-göyün təşəkkül tapmasını, eləcə də torpağın oyanmasını, xeyrin (istinin) qələbəsini, yazın, yeni ilin gəlişini-hamısını birlikdə o ki, var sevinclə, şadlıqla qarşılamaqdır.

Çalışqanlıq gətirən məsələlərdən biri də novruzağzı bayramların həftənin 2 və ya 3 gününün axşamı icra olunması məsələsidir.

Biz bilən, Dərbənddən tutmuş Göyçəyə, Borçalıdan tutmuş Təbrizə qədər bu Novruzağzı bayramlar həftənin çərşənbə axşamı günlərinin xas günlərinin axşamı (gecəsi) icra edilmiş və edilməkdədir. Bəs bu dolaşıqlıq haradandır?

Məlumdur ki, elə əski türk hesabı ilə də günün başlanğıcı gecə yarısındandır.

Bu gün də borçalılar hesab edirlər ki, günortadan sonra, gün əyiləndə, artıq günün üzü dönməkdədir, yəni həftənin bu günü tamamlanmaq, üzümüzə gələn günü başlanmaq üzrədir.

Deməli, həftənin 2 gününün gecəsi, məhz elə həftənin 3 gününün başlanğıcı hesab olunur. Çərşənbə axşamının (xas) gecə yarıdan sonrası artıq çərşənbə gününün başlanğıcıdır.

Bu amil İslamın gəlişilə daha da möhkəmlənmişdir. İslam əhkamlarına görə gün bu günün axşamından (axşam zamanından) başlayaraq, o biri günün axşamına (axşam azanına) qədər davam edir. Yəni həftənin 3 günü (xas) gününün axşamından başlayır və sabahı 3 günün axşamı tamamlanır.

Bir cəhəti də qeyd etmək yerinə düşərdi. Bəzən novruz bayramı ilə bağlı qədim türk ayinləri digər xalqların həmin bayramla bağlı ayinlərilə qarışdırılır. Lakin milli mərasimlərimizin öz tərzimizdə icra olunması bizə daha xoş, doğma, daha təbii gəlir, ruhumuzu oxşayır, qan yaddaşımızı oyadır,özümüzə olan inamı artırır, milli dərk etməmizin müəyyənləşməsinə xidmət edir.Bu isə, yaranan zamanından bayramın icrasından doğan əsas şərt, onun daşıdığı əsas qayə, məramıdır. Və biləvasitə tarix boyu yetirdiyi və yetirməli olduğu vəzifə və məqsəddir.

Öncə qeyd etdiyimiz kimi, Borçalıda da bu əziz günlərin ayinlərinin bir-birinə qarışdığını görürük. Bu, ilin axır çərşənbəsi ilə 21 mart bayram gecəsində özünü qabarıq şəkildə göstərir. Yaxud 22, 23 mart günlərində el-oba "Çinar"a (ağ qovağa) gedir, qurbanlar kəsilir, nəzir-niyaz paylanılır, yelləncəkdə yellənirlər və s. və i. a. Yelləncəkdə yellənmək, havaya çarpələng atmaq daha çox yel (hava) gecəsinə uyğun gəlsə də, bu kimi ayinlər novruzağzı və novruz bayramında get-gedə öz icra dairəsini genişləndirərək, artıq yeni məna da kəsb etmişdir.

Çinara (ağ qovağa) niyyətlər edilir, nişanələr bağlanılır. Beləliklə, novruz bayramı yeni arzular, diləklər, niyyətlər etməklə başa çatır.

Bu əziz bayramımız havaya, təbiətə yeniliklər gətirdiyi kimi, istəklərə, niyyətlərə də bir işıq, bir ümid, yeni bir avaz, yenilik gətirir. Deməli, novruz bayramı nikbinlik, arzular, canlanma, həyat bayramıdır.

Novruz və onunla bağlı bayramlar, nəhayət, elm,dəqiq hesablamalar, kainat qanunauyğunluqları, ulu əcdadlarımız açıqlamış, yerə-göyə dəyişiklik, yenilik gətirən müəyyən məqamları çağırmaq, qarşılamaq niyyətilə xüsusi mərasimlər icra etmiş, bu məqamları özlərinə bayram etmişlər.

Tarix boyu adını dəyişən, indi yeni il,yaz bayramı, novruz dediyimiz bu əziz milli bayramımız, həm də millətimizə xas olan yüksək əxlaqi keyfiyyətləri, o cümlədən xeyirxahlığı, mərhəməti, səxavəti bir daha göstərir.

Keçmişdə imkanlı şəxslər, xüsusən bayramağzı dövrdə,qonum-qonşu da, qohum-əqraba da, dost-tanış da, el-oba da ehtiyacı olanlara, imkansızlara təmənnasız pünhanlı yardım edərdilər, onları ailə, oğul-uşaq xəcalətliyindən çıxarırdılar. Bu da əvəzində onlara könül dincliyi, ruh rahatlığı, bəndədən alqış, eldən hörmət, Allahdan ruzi və məğfirət gətirərdi. Bax, belə keçirilərdi yeni il, yaz bayramımız-ən qədim el bayramımız, əziz bayramımız!