IMAM MӘHӘMMӘD TӘQI ӘLEYHISSALAM
  • Başlıq: IMAM MӘHӘMMӘD TӘQI ӘLEYHISSALAM
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 20:7:39 1-10-1403


IMAM MӘHӘMMӘD TӘQI ӘLEYHISSALAM

IMAMIN ŞӘXSIYYӘTI

Adı: Mühəmməd
Ləqəbi: Təqi və Cavad
Künyəsi: Әbu Cə᾽fər
Atası: Həzrət imam Rza (ə)
Təvəllüdü: Hicri 195-ci il
Imamlıq müddəti: 17 il
Ömrü: 25 il
Şəhadəti: 220-ci Hicri-qəməri ilində Mö᾽təsimin əmri ilə və arvadının əlilə zəhərlənib şəhid oldu.
Məzarı: Iraq şəhərlərindən biri olan Kazimeyn.

TӘVӘLLÜDÜ
Səkkizinci imamın şərəfli ömründən qırx ildən çox ötsə də hələ oğlan övladı olmamışdı. Səbri daralan şiələrin Allahdan gözlədikləri oğlanı o həzrətə əta etməsini diləyirdilər. Çünki keçmiş rəhbərlərindən doqquzuncu imamın səkkizinci imamın oğlu olacağını eşitmişdilər. Onlar bə᾽zən imamın hüzuruna gələrək o həzrətdən canişini haqqında müxtəlif suallar soruşurdular. Həzrət (ə) isə onların cavablarında buyururdu: «Allah-taala mənə bir oğlan verəcəkdir ki, mənim varisim və məndən sonrakı imam olacaqdır.»
Nəhayət 195-ci Hicri ilin Rəcəb ayının onunda şiələrin intizarı sona çatdı və həzrət imam Məhəmməd Təqi əleyhissalam Xəyzəran adlı anasından dünyaya gəldi. Xəyzəran Peyğəmbərin həyat yoldaşı olan Mariyə Qibtiyyənin nəslindən idi ki, ərəblərin arasında paklıq və insanlıq kimi dəyərli sifətlər ilə tanınmışdır.
Həzrətin ləqəblərinə misal olaraq Təqi və Cavad adlarını nümunə göstərmək olar.
Imam Rza əleyhissalamın bacısı Həkimə belə deyir: «Həzrətin dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və islam peyğəmbərinin risalətinə şəhadət verdi. Mən bu hadisədən sarsılaraq qardaşımın yanına gəlib əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: «Bacı, narahat olma hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan.»
Bu təvəllüd çox mübarək və ümidverici idi. Çünki şiələri çaşqınlıq və şək-şübhədən qurtarmışdı.
Bu barədə Növfəli belə demişdir: Həzrət Rza əleyhissalamdan Xorasan səfəri əsnasında «mənə görə bir əmriniz yoxdurmu?» - deyə soruşdum. Həzrət (ə) buyurdu: «Sən məndən sonra övladıma tabe olmalı və məsələlərini ondan soruşmalısan.»
Imam (ə) həmişə əshabına belə buyururdı: «Mənə yazıb məndən soruşmağınız lazım deyil. Məndən sonra imam olan bu balaca uşaqdan soruşun.» Әshabından bə᾽ziləri bu uşağın ümmətə rəhbərlik vəzifəsini necə yerinə yetirəcəyini təəccüblə soruşduqda, o həzrət (ə) buyurardı: «Allah-taala həzrət Isanı Әbucə᾽fərdən daha kiçik ikən peyğəmbərliyə seçdi. Peyğəmbərlik və imamlıqda yaşın müəyyən bir tə᾽siri yoxdur.»
Doqquzuncu imam həzrət Cavad (ə) doqquz yaşında ikən imamlıq vəzifəsinə çatdı. Imamın səhabələrindən biri bu barədə belə deyir: «Mədinədə o həzrətin əmisi Әli ibni Cə᾽fər xalq arasında xüsusi hörmət sahibi idi və hər vaxt məscidə gəldikdə hamı ətrafına yığışıb məsələlərini ondan soruşurdular.»
Bir gün imam Məhəmməd Təqi əleyhissalam məscidə gəldi və qoca kişi olan Әli ibni Cə᾽fər ayağa qalxıb imamın əlini öpdü və elə ayaqüstə də durdu. Imam (ə) buyurdu: «Әmi, əyləş». Әli ibni Cə᾽fər isə belə dedi: Siz ayaqüstündə olduğunuz vaxt mən necə otura bilərəm? Daha sonra Әli ibni Cə᾽fər öz dostlarının yanına qayıtdıqda onlar onu danlayıb dedilər: Sən onun əmisi və qoca kişisən, nə üçün ona bu qədər hörmət edirsən? Әli ibni Cə᾽fər dedi: Susun! Imamlıq ilahi bir mənsəbdir. Allah imamətə bu qoca kişini deyil, bu uşağı layiq bilmişdir. Sizin borcunuz da onun əmrinə tebe olmaqdır.

IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI
Atası vəfat edən zaman imam hələ uşaq idi, lakin heç vaxt uşaqlara məxsus hərəkət etməzdi. Bir gün atası sağ ikən dostlarından biri o həzrət üçün oyuncaq alıb gətirmişdi. Oyuncağı görən həzrət (ə) narahat olub buyurdu: «Mən bunları neynirəm? Biz elm və fəzilət xanədanıyıq».
Həzrət Rza əleyhissalamın şəhadətindən bir il sonra Mə᾽mun bir dəstə atlı ilə ova çıxmışdı. Küçədə uşaqlar oynayırdılar, bir uşaq da qıraqda dayanıb onların oyunlarına baxırdı. Uşaqlar Mə᾽mun ilə atlılarını görən kimi qaçıb getdilər. Lakin on bir yaşlı uşaq yerində dayanıb durdu. Mə᾽mun yaxınlaşıb «Ay oğlan! Bəs sən niyə o biriləri kimi qaçmadın?» – deyə soruşduqda həmin oğlan belə buyurdu: «Yol elə də darısqal deyildi ki, sənin yolunu tutmuş olam. Bir pis iş də görməmişəm ki, qorxam. Sizin səbəbsiz olaraq birini incidəyinizi də güman etmirəm. Demək qaçmağım mə᾽nasız idi.»
Mə᾽mun bu uşağın ədəb və cəsarətindən heyrətə gəlib soruşdu: Adın nədir?
Cavab verdi: Məhəmməd.
Soruşdu: Kimin oğlusan?
Dedi: Әlinin oğlu.
Mə᾽mun soruşdu: Sən həzrət Rzanın oğlu deyilsənmi?
Cavab verdi: Bəli.
Mə᾽mun ona afərin deyib atlıları ilə çıxıb getdi.