KƏRBƏLA FACİƏSİ VƏ ONUN TƏSİRLƏRİ (2)
  • Başlıq: KƏRBƏLA FACİƏSİ VƏ ONUN TƏSİRLƏRİ (2)
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 0:36:11 2-9-1403


KƏRBƏLA FACİƏSİ VƏ ONUN TƏSİRLƏRİ (2)

Tərəfdarların fərqi

İmam Həsən əleyhissəlamla İmam Hüseyn əleyhissəlamın yaşadığı dövr arasındakı fərqdən əlavə, bu iki İmamın tərəfdarları arasındakı fərqi də nəzərə almaq lazımdır. İrəlidə qeyd etmişdik ki, İmam Həsən əleyhissəlamın ordusu bir şayiə eşitməklə bir-birinə dəydi və bə’ziləri İmamın çadırına hücum edərək hətta onun ayağı altındakı xalçanı da qarət etdilər. İmamla Şam ordusuna qarşı vuruşmaq və bu yolda can vermək istəyənlərin özləri fitnə yaradaraq İmamı tək qoydular. İndi onları İmam Hüseyn əleyhissəlamın tərəfdarları ilə müqayisə edin. İmam Hüseyn əleyhissəlamın tərəfdarları Aşura gecəsi (Tasua günü) (İmam Hüseyn əleyhissəlama) deyirdilər: «And olsun Allaha, əgər bilsək ki, öldürüləcəyik, sonra bizi dirildib yenə öldürərək yandırıb külümüzü küləyə verəcəklər və bu işi yetmiş dəfə təkrarlayacaqlar, sənin yolunda can verməmiş yenə səndən ayrılmarıq. Өlmək ki, bir dəfədən çox deyil! Өzü də şəhadətə yetişmək kimi ölmək. Bu, əbədi səadət və izzətdir!»

Bəli, bu cür insanlarla bəşəriyyət tarixində «şəhadət» adlı bir şövq, göylərdə «Aşura» adlı bir zümzümə yaratmaq olar. Lakin o cür şəxslərlə (İmam Həsən əleyhissəlamın dövründəki adamlarla) nə qələbə mümkündür, nə də şəhadət. Onlar adamı əl-qolu bağlı düşmənə təhvil verər və adama əsirlik zillətindən başqa heç bir şey nəsib etməzlər. İmam Həsən əleyhissəlamın mübarizə səngərini dəyişməsinin səbəbi də elə bu idi. Başqa sözlə desək, İmam Həsən (əleyhissəlam) mübarizə məqsədini yox, formasını dəyişdi. Elə bil ki, nəqliyyat vasitəsi gedə-gedə namaz qılan şəxs nəqliyyat vasitəsi sağa-sola dönərkən o da yerini dəyişir, ancaq cəhəti (qibləyə tərəf durmaq) olduğu kimi qalır. Haqq tərəfdarlarının məqsədi də daima batilə qarşı mübarizə etmək olub. İstər bu mübarizə Aşurada (Kərbəla çölündə), istər Kufənin məhəllə və küçələrində, istər Mədinə məscidində, istər Bağdad zindanında və istərsə də ayrı yerlərdə olsun.

İmam Həsən (əleyhissəlam) o dövrdə haqq-ədalətin yayılmasına böyük mane olan Müaviyəni hədəf tutmuşdu. Bu ali məqsədə gah ordu hazırlamaqla yetişmək istəyir, gah da sülhü qəbul etmək tədbiri ilə.

Bir vəzifənin iki tərəfi

Mücahid Əllamə Seyyid Şərəfüddin Amili görkəmli alim Şeyx Razi Ali-Yasinin çox dəyərli olan «Sülhül-Həsən» (İmam Həsən əleyhissəlamın sülhü) adlı kitabına yazdığı ön sözdə deyir: «...İmam Həsən əleyhissəlamın ən əsas məqsədi o idi ki, cəddi Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) dinini aradan aparmaq üçün çəkilmiş planların qarşısını almaq üçün bu zalımların üzündəki pərdəni götürüb onları camaata olduğu kimi tanıtdırsın. İmam bu məqsədinə tam şəkildə nail oldu. Əməvilərin çirkin üzündəki pərdə götürüldü və onların həqiqi siması aşkar oldu. (Bu ne’mətə görə Allaha şükr olsun!) İmam Həsən əleyhissəlamın bu tədbirinin nəticəsində qardaşı İmam Hüseyn (əleyhissəlam) həqiqəti üzə çıxaran və ağıl sahiblərinə ibrət dərsi olan o böyük inqilabı həyata keçirtdi. Bu iki qardaş bir işin iki tərəfi idi. Hər birinin öz işi və öz vəzifəsi yerində, özünəməxsus şəraitdə bu işi icra etmək və çətinliklərə dözmək baxımından, eləcə də fədakarlıq və canfəşanlıq göstərmək baxımından bir-biri ilə tam uyğun gəlir. İmam Həsən (əleyhissəlam) öz canını bu yolda qurban verməkdən əsirgəmədi. İmam Hüseyn (əleyhissəlam) Allah yolunda canından keçməkdə heç də İmam Həsən əleyhissəlamdan irəli deyil. Əsas məsələ budur ki, İmam Həsən (əleyhissəlam) öz canını sakit və aram cihadda (soyuq müharibədə) qurban verdi. Elə ki, sükutu qırmağın vaxtı yetişdi, Kərbəla şəhadəti meydana çıxdı. Elə bir şəhadət ki, İmam Hüseyn əleyhissəlamın başına gəlməzdən qabaq İmam Həsən əleyhissəlamın başına gəlmişdi.

Nəzər sahibləri olan düşüncəli insanların fikrincə Sabat günündəki fədakarlıq hadisəsi Aşura gününün hadisəsindən daha artıq olmuşdur. Çünki İmam Həsən (əleyhissəlam) həmən gün fədakarlıq səhnəsində səbirli və dözümlü bir qəhrəman rolunu məğlub olub əldən düşmüş bir şəxs simasında oynadı. Buna görə də, Aşura şəhadəti ilk növbədə İmam Həsən əleyhissəlama sonra isə İmam Hüseyn əleyhissəlama yetişmişdi. Çünki Aşura hərəkatının əsas banisi İmam Həsən (əleyhissəlam) olmuş, İmam Hüseyn (əleyhissəlam) isə onu sona çatdırmışdır.

İmam Həsən əleyhissəlamın qiyamının həqiqəti, öz səbr və hikməti sayəsində aşkar etməyə bağlı idi. İmam Hüseyn əleyhissəlamın parlaq qələbəsinin səbəbi də, məhz həqiqətin bu cür aşkara çıxması idi. Elə bil ki, İmam Həsən əleyhissəlamla İmam Hüseyn (əleyhissəlam) (İslamın ziddinə olan Əməvi hökumətinin əsl mahiyyətini aşkar etmək və camaatı qəflət yuxusundan oyatmaq üçün) müttəfiq olaraq bir proqram əsasında hərəkət etmiş və hər biri bir rolda çıxış etmişlər. Təkcə fərq budur ki, İmam Həsən (əleyhissəlam) öz rolunu hikmətli səbr əsasında, İmam Hüseyn (əleyhissəlam) isə mərdcəsinə qiyam etmək əsasında ifa etmişdir. Beləliklə də, bir məqsədə çatmaq üçün mükəmməl bir taktika yaranmışdır.

Sabat və Kərbəla hadisəsindən sonra camaat oyanıb hadisələr və vəziyyətin gedişi haqqında və Bəni–Üməyyə hakimiyyətinin əsl mahiyyəti barədə fikirləşməyə başladı.»

Bu həqiqətləri nəzərə alaraq deyə bilərik ki, əgər İmam Hüseyn (əleyhissəlam) öz əziz qardaşı İmam Həsən əleyhissəlamın vaxtındakı şəraitdə olsaydı, eynilə İmam Həsən əleyhissəlamın gördüyü işi görəcəkdi. Eləcə də, İmam Həsən (əleyhissəlam) İmam Hüseyn əleyhissəlamın yerində olsaydı, eynilə İmam Hüseyn əleyhissəlamın gördüyü işi görəcəkdi. Çünki bu iki İmam hərə öz vaxtının şəraitinə uyğun olaraq öz vəzifələrini yerinə yetirmişlər.

İslam peyğəmbəri bu hadisələri nəzərə alaraq öz uzaqgörənliyi ilə bu iki övladı barədə buyurmuşdur: «Həsən (əleyhissəlam) və Hüseyn (əleyhissəlam) İslamın iki İmamıdırlar. İstər sülh etsinlər, istərsə də qiyam.»

Sülh, yoxsa məsləhət?

İmam Həsən əleyhissəlamın sülhünü, başqa sözlə desək, Müaviyə ilə bağladığı atəşkəsi bəlkə də, İslam dünyasında İmamət məqamının ən çətin mərhələlərindən biri kimi adlandırmaq olar. Tarixin bu inqilabi hərəkəti və onun insanı üzən çətinliklərinə dözmək həmişə mübahisələr törətmiş və suallara səbəb olmuşdur. Bu hadisənin acınacaqlı çətinliklərinə Həzrət Əli əleyhissəlamın oğlu İmam Həsən (əleyhissəlam) imana nisbət öz ali məqamı ilə dözmüş, ondan başqa heç kəs bunlara dözməmiş və dözə də bilməz. Ancaq təəssüflər olsun ki, qərəzi olanlar qərəz məqsədi ilə, cahillər də öz nadanlıqları nəticəsində bu cür iman əsasında çəkilmiş planı təhrif etmiş və pis mə’nalara yozmuşlar.

İmamların hamısı təqva nümunəsi və hərənin özünəməxsus yolu olmuşdur. Təqva hamısında müştərək cəhət olmuş, yolları isə bir-birindən fərqlənmişdir.

Əli əleyhissəlamın seçdiyi yol iki hissədən – sükut və qiyamdan təşkil olmuş və ümməti qabağa aparmışdır. İmam Həsən əleyhissəlamın yolu birinci mərhələdə, İmam Hüseyn əleyhissəlamın yolu isə ikinci mərhələdə atalarının yolu kimidir. Əli (əleyhissəlam) sükut etmədən qiyam edib xəbərdaredici və həyatverən şəhadətə çatmazdı. İmam Hüseyn əleyhissəlamın da fəryadı və canfəşanlığı qardaşının sülhü olmadan özünü tarixə sala bilməzdi.

İmam Həsən əleyhissəlamı öz sağlamlığını güdən bir şəxs kimi fikirləşənlər və eləcə də, şur və həyəcan nəticəsində İmam Həsən əleyhissəlamın da şəhadəti seçib Sabatda (Sabat sülh müqaviləsi bağlanan yerin adıdır. Onunla əlaqədar olaraq sülh bağlanan günün də adı Sabat günü adlandırılmışdır. İmam Həsən əleyhissəlamın bu sülhü inqilabi və tarixi bir hadisə olmuş, başqa sözlə desək, İmam Həsən əleyhissəlamın Aşurası olmuşdur.) yeni bir Aşura, Kufədə yeni bir Kərbəla yaratmasını arzulayanların hamısı səhv fikirdədir.

Yol seçmək mübarizənin ən əsas cəhətidir

Ola bilsin şəhadətə dözmək İmam Həsən (əleyhissəlam) üçün daha asan olardı. Ancaq o da, təkcə İslam və müsəlmanları fikirləşməli və mübarizənin ən əsas yolunu seçməli idi. Bir az fikirləşdikdə, görürük ki, İmam Həsən əleyhissəlamın dövründə sülhdən başqa heç bir yol yox idi. O da ancaq yaxşı ölmək və məqsədə çatmaq üçün idi. Əgər İmam Həsən (əleyhissəlam) tək qaldığı bir dövrdə qardaşı kimi qiyam edib şəhid olsaydı, İmamət xətti qırılardı. Əgər İmam Həsən əleyhissəlamın da qardaşı Hüseyn (əleyhissəlam) kimi yetmiş iki dostu olsaydı, bəlkə o da, İmam Hüseyn (əleyhissəlam) kimi qiyam edərdi. Ancaq düşmən onun ordusunu başından uzaqlaşdırdığı və hətta İmam əleyhissəlamın öz arvadını onu zəhərləmək üçün razı saldığı, İmam əleyhissəlamın ordusunun başçılarını İmam əleyhissəlamı qolubağlı Müaviyəyə təslim etmək üçün pulla aldatdığı və nəhayət İmam əleyhissəlamın qiyam üçün kömək istəyəcəyi bir ordunun başçısını İmam əleyhissəlamın öz əleyhinə qiyama qaldırdığı bir halda, İmam əleyhissəlamın sülhdən başqa çarəsi vardımı? İmam əleyhissəlamın e’tibar edəcəyi təkcə insan var idisə, o da İmam Hüseyn (əleyhissəlam) idi. Ancaq onu da sabahın Aşurası gözləyirdi. Əgər Kərbəla şəhadətinin İmam Hüseyn əleyhissəlamın başına gəlməzdən qabaq İmam Həsən əleyhissəlamın başına gəldiyini qeyd etməsək və İmam Həsən əleyhissəlama Sabat günü fədakarlıq meydanında məğlub olmayan bir qəhrəman rolunu məzlum və əldən düşməmiş məğlub (yə’ni, sülhü məcbur olub qəbul etmişdir) bir şəxs simasında ifa etməsinə nəzər salmasaq, insafsızlıq etmiş olarıq.

Əgər İmam Həsən (əleyhissəlam) Müaviyə ilə sülh sazişi bağlamasaydı və həmən sülhün pozulması sınağı camaat üçün irəli gəlməsəydi, şübhəsiz ki, İmam Hüseyn əleyhissəlamın qiyamı da baş tutmayacaqdı. Əgər İmam Həsən (əleyhissəlam) Müaviyəni özündən sonra canişin tə’yin etmək hüququndan məhrum etməsəydi və Müaviyə Yezidi özündən sonra canişin tə’yin etməklə bu maddəni pozmasaydı, nə İmam Hüseyn əleyhissəlamın qiyam etməyə bir səbəbi olardı, nə də onun ardıcılları ona bəraət qazandırmaq üçün bir sübut tapa bilərdilər.

Sabat və Aşura – Əməvilərin çirkin cahiliyyətinin ifşaçısı

O vaxtın camaatı Sabat və Aşura hadisələrinə nəzər salıb Əməvilərin çirkin cahiliyyətini açıq-aşkar gördü. Gördülər ki, İmam Həsən (əleyhissəlam) sülh bağladı, ancaq Müaviyə sülhün şərtlərini pozaraq beş maddənin heç birinə riayət etmədi. Nə öz hakimiyyəti dövründə Qur’an və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnəsi ilə hərəkət etdi, nə özündən sonra hakimiyyəti onun əsl sahibinə verdi, nə xəlifə seçməyi şuraya tapşırdı, nə minbərin hörmətini Əli əleyhissəlamı söymək üzündən qoruyub saxladı, nə söz verdiyi (Darabegərd məntəqəsinin) xəracını verdi, nə də Əli əleyhissəlamın şiələrini kişilikdən uzaq olan əzab-əziyyətlərdən qorudu. Nəhayət İmam Həsən əleyhissəlamı da zəhərlədi.

Ən böyük istək və bacarmamaq

İmam Həsən əleyhissəlamın sakit, İmam Hüseyn əleyhissəlamın isə səs-küylü qiyamı nəticəsində gizli məsələlər üzə çıxaraq gizli fikirlər aşkar oldu. Bu, İslamın İmam Həsən əleyhissəlamda gizlənmiş qəzəbi idi. Bu qəzəb İmam Həsən əleyhissəlamda qalaraq İmam Hüseyn əleyhissəlamın bədənində cuşa gələn İmamət bünövrəsinin qanına çevrildi.

İmam Həsən (əleyhissəlam) istəyib, ancaq istədiyini yerinə yetirə bilməməyin bir nümunəsi idi. O, elə bir mücahid idi ki, döyüşlərdəki şücaəti hamını heyran qoymuş və elə bir övlad idi ki, atasının rəşadət məktəbindən şəhadət məktəbinə qədər ondan bəhrələnmiş və irs aparmışdı. İmamət meydanındakı vəzifəsini təkcə sülhdə görüb necə böyüklük və səbirlə onu qəbul edərək dözdü. Bu İmam Həsən əleyhissəlamın seçdiyi yolun gözəlliyi idi. Bundan başqa heç bir şey deyildi. O, sükut və sülhü qılıncın tiyəsinə oturtmaqla, İslamı qoruyub saxladı. Onun kəsici dili, qəti xütbələri və kəskin çıxışları qılınc sükutunun əvəzini lazımi şəkildə çıxaraq bu yolla qardaşının qanlı qiyamı üçün lazım olan şəraiti hazırladı. İş o yerə çatmışdı ki, Müaviyə onunla söhbət etməkdən qorxur və hiylə ilə çalışırdı ki, onun səsini boğsun və mümkün qədər onu məclislərdə danışmağa qoymasın.

Geniş meydanlarda cihad

İmam Həsən (əleyhissəlam) islah yolunda ən böyük addımı atdı. Fitnə-fəsad və silahın hakim olduğu bir dövrdə əxlaq, məhəbbət və islah məktəbinin qapılarını açaraq məqsədi islahdan başqa heç nə olmayan bir şəxs kimi öz adını Allah rizası ilə əvəz etdi. O, ilk mərhələdə sülhə əl atmadı, əksinə, işin axırında və bütün mübarizə meydanlarında məğlub olduqdan sonra sülhü qəbul etdi. Onun mübarizəsi müxtəlif cəhətləri olan geniş meydanlarda oldu. Düşmənlə mübarizə zamanı həm ordunu, həm səngəri, həm də hiylə və kələklərlə üzləşməyi imtahana çəkdi. Münafiq səhabələrinə qarşı islah qüvvəsindən, nəfslə mübarizədə isə, qəzəbini boğub məcbur edilmiş sülhü qəbul etməkdən istifadə etdi.

Bu məzlum və sakit İmamın cihadlarına hətta gözucu da olsa, nəzər salmaqla hər etiraza cavab vermək olar.