MÜBARIZƏ VƏ CIHAD ALOVU (2)
  • Başlıq: MÜBARIZƏ VƏ CIHAD ALOVU (2)
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 10:58:56 13-8-1403


MÜBARIZƏ VƏ CIHAD ALOVU (2)

Deməli, "İmam Hüseyn (ə) öz qanı ilə İslam ağacını suvarıb dinin məhv olmasının qarşısını aldı". Kimi ifadələr heç də bəzilərinin düşündüyü kimi sözbazlıq və şişirtmə deyil. İmam Hüseyn (ə) ölkələr fəth edib, müsəlman sərhədlərinin genişləndirmədi, belə olsaydı onun İslama xidməti asan sezilən zahiri xidmətlər olardı. İmam Hüseyn (ə) İslama və müsəlmanlara batinən təsir etdi, qəlbləri titrətdi, vicdanları oyatdı, mənlikləri diriltdi.Peyğəmbərin (s) sözləri ilə desək, Hüseynin (ə) şəhadəti ilə ürəklərdə qiyamətə kimi sönməyəcək bir hərarət yarandı. Bu hərarət yalnız, təəssüf və hüzn yanğısı deyil, həm də mübarizə və cihad alovudur.

Çox təəssüf ki, Aşura qiyamının xarakteri ciddi təhriflərə məruz qalaraq bəzən yalnız faciə kimi cilvələndirilir. Halbuki, Hüseyn (ə)-ın hərəkatını bu cür bir tərəfli qiymətləndirmək kökündən yanlışdır. Aşura qiyamının əhəmiyyətini düzgün qiymətləndirmək üçün hər şeydən öncə bu hadisənin xarakterini müəyyənləşdirməliyik. Tarixdə hər bir şəxsiyyət, hadisələr, sənət əsərləri və s. müəyyən xarakterə malikdir. Məsələn, Füzulinin şerləri-lirik, Sədinin əsərləri didaktik (nəsihətçi), Firdovsinin "Şahnaməsi" mübarizdir və bu müəlliflərin hərəsinin öz məqsədi olub. Aşura qiyamının öz xarakteri və bu qiyamın müəllifinin də öz hədəfi olub. Baxmayaraq ki, tarixdə bəzən qərəzli və bu qiyamın necəliyindən xəbəri olmayanlar müxtəlif fikirlər yürüdüblər. Bəziləri bu müqəddəs qiyamın hədəfini hakimiyyət, bəzən var-dövlət, bəzən isə su olduğunu söyləyiblər Bu sözləri İmam Hüseyn (ə) haqqında müsəlman desə kafir olar, başqaları tərəfindən isə ən azı insafsızlıqdır. Çünki İmam (ə) sulu yerdən gəlib susuz Kərbəlada su üçün müharibə etməzdi. Var-dövlətə gəldikdə isə, tarixi vərəqləsək görərik ki, Hüseynin (ə) maddi baxımdan heç bir ehtiyacı olmayıb, o çox varlı, xüsusən imamların arasında ən imkanlısı olub və dəfələrlə bütün sərvətini Allah yolunda kasıblara ehsan etmişdi. Məlumdur ki, o həzrət mal-dövlət toplamaq üçün qan tökməzdi. İngilis yazıçısı Çarlz Dikkens yazırdı: "Əgər İmam Hüseynin (ə) qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaq idisə, bacılarını, qadınlarını və uşaqlarını bu hadisədə iştirak etmək üçün aparmazdı. Ağıl elə hökm edir ki, o, yalnız İslam yolunda bu fədakarlığı etmişdir. "

Həzrətin hakimiyyət uğrunda mübarizə aparmağını deyənlər isə bilmirdilər ki, İmam Hüseyn (ə) Kərbəlaya doğru hərəkət etdiyi zaman yol boyu qorxunc və məyusedici xəbərlər eşitməsinə baxmayaraq, imamın ruhiyyəsi zəifləmir, əksinə əvvəlkilərdən daha kəskin xütbələr oxumağa davam edir. Nəhayət Müslümün öldürülməsi xəbərini eşidib Kufəlilərin öz əhdlərinə vəfa etmədiklərini bildikdə, arxasız və köməksiz bir insan kimi sarsılmır, qətiyyətini daha da artırır. Çünki, o, öz əzəmətli hərəkatında Kufəlilərin, Şamlıların və ya hər hansı digər yerdən olanların köməyinə yox, Allahın köməyinə arxalanırdı. Söhbət hakimiyyət uğrunda mübarizədən gedirdisə, İmam Hüseyn (ə) Müslümün şəhadət xəbərini eşitdikdə dərhal geri dönməli idi. Lakin, o əzmlə yoluna davam edir və Kufəlilərin dönük çıxdığını eşidib narahat olanlara xitabən buyurur: "Məgər görmürsünüz ki, haqqa əməl olunmur, ilahi qanunlar isə tapdalanır? Belə bir fəsadın yayıldığını, heç bir kəsin günahkarları gördükləri işdən çəkindirmədiyini görmürsünüzmü? Belə bir vəziyyətdə möminlər Allaha qovuşmaq naminə öz canlarından keçməlidirlər".

Başqa bir yerdə buyurur: "Öz qanını bizim yolumuzda axıdıb şəhidlik zirvəsinə yüksəlmək istəyənlər bizimlə gələ bilərlər, başqa məqsədi olanlar qayıtsın. Candan keçməyə hazır olmayanlar bizimlə gəlməsinlər. Bizim karvanımız candan keçənlərin karvanıdır".

İmam Hüseyn (ə) öz qiyamının səbəbini bu cür açıqlayır: "Mənim inqilab və mübarizəmə səbəb zülmün, azğınlığın əmələ gəlməsi və İslam qanunlarının dəyişilməsidir. Bu inqilabı hərəkatdan məqsəd yaxşılığa əmr etmək, pislikdən uzaqlaşmaqdır, ictimai əxlaqsızlığı aradan qaldırmaq və İslamın unudulmuş, əvəz olunmuş hökümlərini icra etməkdən başqa bir şey deyildir". İmam bir daha buyurur: " hər kəs zalım bir şahı görə və ona qarşı etiraz etməyə, Allah onu həmin zalımla bir yerdə cəhənnəmə daxil edər"

İmam Hüseyn (ə) zülmə qarşı mübarizəni öz atası həzrət Əlidən (ə) öyrənmişdir. Həzrət Əli (ə) zülmün qarşısında durub sükut etməyi kafirliyə bərabər hesab edərək "Səffeyn" (Müaviyyə və həzrət Əli (ə) arasında gedən müharibə) mübarizəsi haqqında buyurmuşdur: " Bu döyüş haqda mən də çox fikirləşdim. Gecələri oyaq qalaraq əvvəlini, axırını nəzərdən keçirdim. Nəhayət, özümü iki yol ayrıcında gördüm. Bir yol müharibə, digəri isə kafirliyə bənzər sükut. Müharibəni kafirlikdən üstün hesab etdim. Çünki Allah öz dostlarından razı olmayacaq o zaman ki, yer üzündə günah oluna, onlar da dodaqlarına sükut möhrü vuraraq mövcud vəziyyətlə razılaşıb yaxşılığa əməl etməkdən və pislikdən çəkinməkdən boyun qaçırsınlar. Nəticədə bunlarla (Müaviyyə və davamçıları) döyüşməyi cəhənnəm zəncirlərinə dözməkdən daha asan bildim".

Ey İmam Hüseyn (ə), sən tarixdə yaratdığın Kərbəla möcüzəsi ilə İslam dinini diriltdin, ona həyat verdin. Buna görə də biz sənin müqəddəs ruhun qarşısında baş əyərək söz veririk ki, uğrunda fəda olduğun dəyərlərin qorunub saxlanması üçün əlimizdən gələni heç vaxt əsirgəməyəcəyik. Sənə və Kərbəla Şəhidlərinə axıtdığımız göz yaşları ilə, sizinlə həmahəng (həmfikir) olduğumuzu təsdiq edərək, Aşura qiyamının tarixdə həmişə canlı qalması üçün çalışacağıq. Bunlar hamısı "qanın qılınca" qələbəsi və sənin qarşına qoyduğun məqsədlərin həyata keçməsi deməkdir.

Hörmətli oxucular, dərc etdiyimiz bu məqalə bütünlüklə Kərbəla qiyamını əhatə etmir və buna görə də bu cihad və mübarizə barədə xüsusi buraxılış çap etməyi qərara aldıq. Jurnalımızla bərabər onu da sizə təqdim edəcəyik. İnşallah.