HƏZRƏT FATIMƏNIN (S.Ə) IZDIVACI
  • Başlıq: HƏZRƏT FATIMƏNIN (S.Ə) IZDIVACI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 14:37:39 3-9-1403


HƏZRƏT FATIMƏNIN (S.Ə) IZDIVACI

Həzrət Fatimənin (s.ə) artıq ailə qurmaq vaxtı çatmışdı. Həzrət Fatimənin (s.ə) həyat yoldaşı elə bir adam olmalı idi ki, insanlıq dəyərlərində və kamil üstünlüyündə Fatimə (s.ə) ilə bərabər olsun. Eləcə də Zəhraya layiq olan hörmət və sevgini ona göstərib dəyərini dərk etsin. Həzrət Fatiməyə (s.ə) bir çox varlı ailələrdən elçilər gəldilər. Bunların arasında Ömər, Əbu Bəkr və başqaları da var idi. Amma həzrət peyğəmbər (s) qızına elçi gələnlərə belə buyurardı: "Bu barədə vəhy gözləyirəm".

Nəhayət vəhy gəldi və Həzrət Fatimənin (s.ə) həyat yoldaşı bəlli oldu.

"Ey peyğəmbər! İşığı işıqla, Fatiməni (s.ə) isə Əli (ə) ilə evləndir".

Əli (ə) Həzrət Fatimə (s.ə) ilə evləndikdə əlində dünya malından bir şey olmamasına baxmayaraq, bütün maddi dəyərlərdən daha üstün və dəyərli bir xəzinəsi var idi: insanlıq şərəfi və təqva.

Peyğəmbər (s) həzrət Əlinin (ə) istədiyini qəbul etdikdən sonra qızının fikrini soruşmaq üçün onun yanına gəlib buyurdu: "Sən də Əlini yaxşı tanıyırsan, o, xalqın arasında mənə ən yaxın olanı, islama saysız-hesabsız xidmətlər göstərmiş fəzilətli bir adamdır. Bax, Allah da sənin üçün Əlini seçib. Sənin bu haqda fikrin nədir?"

Həzrət Fatimə (s.ə) susdu. Peyğəmbər (s) onun sükutundan xanım Zəhranın bu məsələyə razı olmasını başa düşüb çox sevindi. Beləliklə onlar bərəkətli bir ailə qurdular.

Həzrət Fatimə (s.ə) Əli (ə) ilə birgə böyümüşdü, sonralar da onu qayğıkeş bir ər, atasının ətrafında dolanan yüksək bir insan kimi tanıdı. Artıq bu iki insanın qəlbi bir-biri ilə qovuşmuşdu. İkisi də həyatlarının ilk illərindən risalət dənizi ilə vəhy nurunun kölgəsində böyümüşdü.

Həzrət Fatimə (s.ə) islam dünyasının rəhbəri Peyğəmbər (s) qızı olduğundan ona bir xidmətçi zəruri deyildimi? Xeyr, o, belə bir şey istəmirdi. Həzrət Fatimənin (s.ə) özü un üyüdür, çörək yapar və bütün ev işlərini də özü görərdi. Habuki, bacıları Zeynəb, Rüqəyyə və Ümmi gülsüm ərlərinin evində bolluq və nemət içində yaşayırdılar. Amma Fatimə (s.ə) hər şeydən çox Allahı düşünür və həmişə həqiqəti axtarırdı. Elə bir həqiqət ki, su və hava kimi gözəllik və həyatın təməli olsun.

Həzrət Fatimə (s.ə) cavan ağac kimi vəhy ağacığının kölgəsində böyüyüb, azadlıq və ədalət meyvəsi yetişdirərək Quranın buyurduğu kimi "Şəcəreyi-Teyyibe" (yaxşılar ağacının) başlanğıcı olmalı idi.

Həzrət Əli (ə) ilə Fatimənin (s.ə) həyatı bütün nəsillər üçün layiqli bir məktəbdir ki, ondan nümunəvi dərslər almaq lazımdır. Bəşəriyyətin ən böyük insanlarının izdivacının dörd gözəl meyvəsi oldu: Həzrət Zeynəb, Həsən, Hüseyn və Ümmü Gülsüm.