İMAM ƏLI (Ə)IN ÖZ QOŞUN BAŞÇILARINDAN BƏZILƏRINƏ MƏKTUBLARINDANDIR
  • Başlıq: İMAM ƏLI (Ə)IN ÖZ QOŞUN BAŞÇILARINDAN BƏZILƏRINƏ MƏKTUBLARINDANDIR
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 16:41:28 19-9-1403


İMAM ƏLI (Ə)IN ÖZ QOŞUN BAŞÇILARINDAN BƏZILƏRINƏ MƏKTUBLARINDANDIR

İmam Əli əleyhis-salamın öz qoşun başçılarından bəzilərinə (İmam əleyhis-salam tərəfindən Bəsrənin hakimi olmuş və sərgüzəştlərinin bir hissəsi 171-ci xütbənin şərhində deyilmiş Osman ibn Hüneyfə) məktublarındandır. (İmam ona düşmənin itaət etməyəcəyi təqdirdə onlarla vuruşmağı əmr edir.)

(Cəməl əhli «Təlhə, Zübeyr, Aişə və onların tərəfdarları» Bəsrəyə çataraq müharibəyə hazırlaşdıqdan sonra Osman ibn Hüneyf İmam əleyhis-salamı onların məqsədlərindən xəbərdar etmək üçün ona məktub yazdı. O Həzrətin Osman ibn Hüneyfə cavab olaraq yazdığı məktubun bir hissəsi belədir:) Əgər itaət kölgəsinə qayıtsalar (fitnə-fəsaddan əl çəkərək asayiş bərqərar edilməsini istəsələr) bu, elə bizim sevdiyimiz (istədiyimiz) şeydir. Amma əgər işlər onları düşmənçilik və üsyankarlığa sövq etsə (müharibəyə hazırlaşsalar), sənin əmrinə tabe olanlarla, əmrinə tabe olmayanlara qarşı qalx və döyüş. Sənin dalınca gedən kimsə ilə sənə yardım etməkdən çəkinən kimsəyə möhtac olma (kömək etməyənlərə möhtac olduğunu sanma). Çünki bir işə meyli olmayan kimsənin (orada) olmaması olmasından daha yaxşıdır, oturması durmasından daha xeyirlidir. (Ona görə ki, meyli olmadan məcburiyyətlə bir işə başlayan şəxs öz sirrini aça bilər və nəticədə başqaları da onun dalınca gedərək işdən qalarlar.)

İmam Əli əleyhis-salamın Əş'əs ibn Qeysə (-onun barəsində 19-cu xütbənin şərhində bir az danışılıb) məktublarındandır. O, (Osman tərəfindən) Azərbaycanın hakimi idi.

Sənin işin (və hakimliyin) sənin üçün ruzi və yemək deyil. (Səni ona görə hakim etməyiblər ki, bir şey tapan kimi ondan özbaşına yeyəsən.) O iş sənin boynunda olan bir əmanətdir (ki, qoruyaraq onun yolunda, dinin hökmlərinə zidd bir addım atmamalısan). Səndən özündən üstün olan kimsə üçün gözətçi olmağını istəyiblər. (Sən elə bir əmirin əli altındasan ki, səni gözətçi təyin edib və sənə vilayəti onun tərəfindən qorumağı tapşırıb. Buna görə də) rəiyyətin işində öz istədiyin kimi davrana bilməzsən. (Sənə əmr edilməmiş bir iş görə bilməzsən.) Sənə əmr və fərman gəlməyincə böyük işə girişə bilməzsən. Sənin əllərində bənzərsiz və böyük Allahın mallarından var. Sən onları mənə təhvil verənə kimi mənim xəzinədarlarımdan birisən. Ümidvaram ki, mən sənin üçün vali və əmirlərin ən pisi olmayım. (Bu hökmün sənin dünya və axirətinə də xeyri var.) Salama layiq kimsəyə salam olsun!


İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onu Şama Cərir ibn Abdullah Bəcəlli vasitəsi ilə göndərib və onda öz xilafətinin haqq və düzgün olmasını sübut edərək Osmanı öldürməkdən uzaq olduğunu açıqlayıb).

Əbu Bəkr, Ömər və Osmanla bey’ət edənlər (onları xilafətə təyin edənlər) həmin yolla mənimlə bey’ət edərək əhd-peyman bağladılar (işlərin idarəçiliyini mənə tapşırdılar). Odur ki, (xilafətin Allah və Peyğəmbər tərəfindən təyin edilmə ilə deyil, ümmətin ümumi rəyi ilə bərqərar olmasına və xalqın ümumi rəyə gələrək Əbu Bəkr, Ömər və Osmanı xəlifə təyin etmələrinə əqidə bəsləyən sizlər bilməlisiniz ki, məni də xilafətə həmin şəxslər, yəni, xalq kütləsi təyin edib. Buna görə də) orada (beyətdə) olanların (Təlhə və Zübeyr kimilərin) ondan başqasını seçmək haqqları yoxdur. Orda olmayanın da (sənin kimilərin də) onu qəbul etməmək haqqı yoxdur. (Sizin əqidənizə görə xilafət məsələsində) məşvərət aparmaq Mühacirlərin (Məkkədən Mədinəyə gələrək Həzrət Peyğəmbərə-səlləllahu əleyhi və alih- qoşulanların) və Ənsarın (Mədinədə Həzrət Peyğəmbərə iman gətirərək yardım edənlərin) haqqıdır. Onlar toplaşaraq bir nəfəri xəlifə və imam adlandırsalar, Allahın razılığı da həmin işdə olar. Əgər kimsə (xəlifədə) eyb və nöqsan tapması səbəbindən (bəhanəsi ilə, məsələn, Müaviyənin Osmanın öldürülməsini ona nisbət verməsi kimi) və ya (dində rəva olmayan şeyi ona daxil etmək Təlhə, Zübeyr və onların tərəfdarlarının əhd-peymanlarını pozmaları kimi) bid’ət nəticəsində onların əmrlərindən (onların gördükləri işlərdən) boyun qaçırsa, onu itaət etməyə vadar edərlər. Əgər (öyüd-nəsihət fayda verməsə və) onların göstərişlərini qəbul etməsə, (sizin əqidənizə görə) onunla möminlərin yolundan başqa bir yol ilə getdiyi üçün vuruşarlar. Allah (da) onu üz tutduğu şeyin öhdəsinə buraxar.

Ey Müaviyə, canıma and olsun, əgər ağlına müraciət etsən (fikrə dalıb düşünsən) və nəfsi istəklərinə göz yumsan, (yersiz danışmaz, Osmanın öldürülməsini mənimlə peyman bağlamamağına bəhanə gətirməzsən) görərsən ki, mən Osmanın qanında (öldürülməsində) ən təmiz adam olmuşam; bilərsən ki, mən ondan uzaqlaşaraq bir guşəyə çəkilmişdim. Amma sən (nəfsi isətəklərə uyaraq) böhtan atıb onun öldürülməsini mənə nisbət verirsən və sənə məlum olan şeyi gizlədirsən. Salama layiq kimsəyə salam olsun!