İMAM (Ə) DÜŞMƏNLƏ QARŞILAŞANDA VƏ DÖYÜŞƏ HAZIRLAŞAN ZAMAN DEYIRMIŞ
Allahım, (bizim) qəlblər(imiz) Sənə tərəf yönəlib, boyunlar(ımız Sənə doğru) uzanıb, gözlər(imiz) Sənə dikilib, ayaqlar(ımız) Sənin yoluna qoyulub və bədənlər(imiz Sənin itaətində) zəifləyib.
Allahım, (Peyğəmbərinin bizim aramızdan getməsi ilə) gizli düşmən üzə çıxdı və kin qazanları qaynadı. Allahım, Peyğəmbərimizin (aramızda) olmaması, düşmənlərin çoxluğu, (nəfsi) istək və düşüncələrimizin pərakəndəliyindən Sənə şikayət edirəm. (Qur’ani-Kərimin Ə’raf surəsinin 89-cu ayəsində buyurulduğu kimi o, belə demişdi:) «رَبَّنَا افْتَحْ بَيْنَنَا وَبَيْنَ قَوْمِنَا بِالْحَقِّ وَأَنتَ خَيْرُ الْفَاتِحِينَ» «Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. (Bizim aramızda haqq və düzlüyü üzə çıxart ki, onlar bizlərdən kimin haqq olmasını başa düşsünlər.) Axı Sən hökm verənlərin ən yaxşısısan (ki, haqqı üzə çıxarırsan)».
İmam əleyhis-salam döyüş vaxtı səhabələrinə (düşmənlə vuruşmaq barəsində) buyurub:
Arxasında qayıdış duran qaçış (meydandan qaçmaq), sonrası düşmənə hücüm olan məğlubiyyət sizə ağır gəlməsin. Qılıncların haqqlarını əda edin. (Düşmənə cəsurluqla qılınc endirin və onların) arxalarını yerə vurun (onları torpaq üstünə sərərək məhv edin). Özünüzü (düşmənin) içinə işləyən nizə atmağa və möhkəm qılınc çalmağa vadar edərək çox çalışın. Səsləri boğun. (İztirab və nigarançılığın sizə yaxınlaşmasına yol verməyin və sakit qəlblə düşmənə tərəf üz tutun.) Çünki o, qorxu və nigarançılığı daha çox uzaqlaşdırır. Toxumu cücərdən və insanı yaradan Allaha and olsun ki, (Müaviyə, Əmr ibn As, Mərvan və digərləri kimi münafiq və ikiüzlülər daxilən) İslamı qəbul etməyiblər. Amma (qorxudan) təslim olublar (özlərini müsəlman kimi göstəriblər) və küfrü (qəlblərində olan küfrü) gizlədiblər. Küfrə yardımçı tapan zaman onu üzə çıxartdılar. (Din ilə müxalifət və bizimlə döyüş bayrağı ucaltdılar.)