İSTITAƏTƏ AID OLAN MÜXTƏLIF MƏSƏLƏLƏR
  • Başlıq: İSTITAƏTƏ AID OLAN MÜXTƏLIF MƏSƏLƏLƏR
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 7:31:17 2-10-1403


İSTITAƏTƏ AID OLAN MÜXTƏLIF MƏSƏLƏLƏR

Məsələ 1. Ərinin sağlığında maddi cəhətdən müstəti olmayan, amma ölümündən sonra onun mirası ilə müstəti olan, lakin xəstəlik ucbatından həccə gedə bilməyən qadının xəstəliyi həccə getmək qüdrətini əlindən alacaq dərəcədə olarsa, müstəti deyildir. Buna görə də həcc ona vacib olmaz. Əgər əri öldükdən sonra, həccdən qayıtdıqda yaşayışını təmin etmək üçün bir işi, əkini, ya peşəsi olmazsa, ona çatan irsin həccə gedib-gəlmək üçün kifayət etməsinə baxmayaraq, müstəti sayılmaz.

Məsələ 2. Mehriyyəsi həcc xərclərinə çatacaq qədər, yaxud ondan da çox olan qadın, əgər mehriyyəsini alıb həccə gedə bilərsə, müstəti sayılır.

Məsələ 3. Əgər qadının mehriyyəsi həcc xərclərini ödəyəcək qədər olsa və onu ərindən istədiyi təqdirdə ərinin mehriyyəni ödəməyə imkanı yoxdursa, qadının onu tələb etməyə haqqı yoxdur və müstəti deyildir.

Məsələ 4. Çox bahalı evi olan şəxs onu satdığı təqdirdə ondan ucuz bir ev ala biləcək və artıq qalan pulla həccə gedə biləcəksə, malik olduğu evin öz şənindən artıq olmadığı təqdirdə onu satmaq lazım deyil və satarsa, müstəti olmaz. Əgər evi onun şənindən artıqdırsa və digər şərtlər də mövcuddursa, müstəti sayılır.

Məsələ 5. Qazanc və qeyri-qazanc yolları ilə həccə gedib-gəlmək xərclərinə malik olan və qayıtdıqdan sonra minbər və təbliğ kimi qazanc gəliri ilə, qalanını isə şəri vergilərdən gələn aylıq təqaüdlə təmin edə bilən şəxs, həccdən qayıtdıqdan sonra yaşayışını idarə etmək üçün təqaüdə ehtiyacı olsa da, müstəti sayılır.

Məsələ 6. Ev almaq üçün torpaq və ya başqa bir şey satan şəxsin bu pula ehtiyacı vardırsa, müstəti deyildir. Baxmayaraq ki, bu pul həcc xərclərinə çatacaq miqdardadır.

Məsələ 7. Həcc vaxtı gəlib çatdıqdan sonra müstəti olan şəxs özünü istitaətdən sala bilməz. Vacib ehtiyata əsasən, vaxtın çatmasından qabaq da özünü müstətilikdən salmamalıdır.

Məsələ 8. Həcc üçün başqasına əcir olan şəxs əcir olma müqaviləsindən öncə müstəti deyildirsə, amma əcir olduqdan sonra bu yolla əldə etdiyi maldan qeyrisi ilə müstəti olarsa və həmin il üçün həccə əcir olmuşdursa, bu müqavilə batildir və öz həccini yerinə yetirməlidir.

Məsələ 9. Cəddəyə daxil olan karvanların xidmətçiləri əgər hacılara xidmət etmələri ilə yanaşı bütün həcc əməllərini yerinə yetirə bilərlərsə və eyni zamanda müstəti olmaq üçün lazım olan başqa şərtlərə də malik olarlarsa (məsələn: hal-hazırda və ya gələcəkdə yaşayış üçün gərəkli olan şeylərə malik olsalar və ehtiyacsız qayıtsalar, yəni qayıtdıqdan sonra iş, peşə və s. ilə yaşayışlarını öz halına uyğun şəkildə davam etdirə biləcəklərsə), müstətidirlər və İslam həccini yerinə yetirməlidirlər. Bu, onların vacib həccləri üçün kifayət edər. Amma əgər başqa şərtlərə sahib deyillərsə, yalnız həccə getmək imkanı ilə onlar üçün istitaət hasil olmaz və onların bu həccləri müstəhəbdir. Sonradan müstəti olsalar, vacib həcc yerinə yetirməlidirlər.

Məsələ 10. Həkimlər və ya ezam olunaraq miqata gələn başqa şəxslər miqatın istitaət şərtlərinin hamısına malikdirlərsə, İslam həccini yerinə yetirmələri vacibdir. Baxmayaraq ki, öz ezamiyyət işlərini də yerinə yetirmələri lazımdir.

Məsələ 11. Maddi imkanı olan və istitaətin başqa şərtlərinə də malik olan şəxsin həccə getməsi lazımdır. Müqəddəs məkanların ziyarəti və məscid tikmək kimi digər xeyirxah işlər görmək onu əvəz etməz.

Məsələ 12. Müstəti olan şəxs vacib həccdə qəflət üzündən və ya müstəti olmadığını güman etdiyindən, yaxud gələn ilin həcc əməllərini daha yaxşı yerinə yetirmək üçün məşq etmək məqsədilə müstəhəb həcc niyyəti etsə, həcc əməllərini Allah-Təalanın ondan istədiyi həcc niyyəti ilə yerinə yetirmişdirsə, kifayətdir. Bundan başqa surətlərdə onun vacib həcc üçün kifayət etməsi işkallıdır (zahirən düz deyildir). Buna görə də ehtiyata əsasən, sonrakı ilin həccini tərk etməməlidir.

Məsələ 13. Müstəti olan şəxs ehram geyinib hərəmə daxil olandan sonra ölərsə, boynundan həcc götürülər.

Məsələ 14. Əgər vəfat etmiş şəxs sağlığında müstəti idisə və həccə getməyi qəsdən təxirə salmışdısa, həcc onun boynundadır və onun mirasından bir miqat həcci üçün pul ayrılıb həcc yerinə yetirilməlidir.

Məsələ 15. Hər bir cəhətdən müstəti olan, lakin həccini yerinə yetirməyən şəxsin boynunda həcc qalmaqdadır. Əgər hal-hazırda qocalıq və ya sağalmaq ümidi olmayan xəstəlik səbəbindən həccə getmək qüdrəti yoxdursa, başqasını öz yerinə naib edib həccə göndərməsi vacibdir.

Məsələ 16. Qadının vacib həcc səfərində ərindən icazə alması şərt deyildir. Əri onun həcc səfərinə getməsinə razı olmasa da, qadın özünün vacib həcc səfərini yerinə yetirməlidir.

Məsələ 17. Maddi cəhətdən müstətilikdə nəfəqə ödəmək imkanı şərt olan ailədən məqsəd ürfi (xalq arasında adi formada olan) ailədir. Baxmayaraq ki, onlara nəfəqə vermək şəri cəhətdən ona vacib deyildir.