Həcc mərasimi (3)
  • Başlıq: Həcc mərasimi (3)
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 7:46:29 2-10-1403


Həcc mərasimi (3)

Səy

Təvaf namazından sonra həccin dördüncü əməlini-Səyi icra etməyə başlayırsınız. Səy məscidül-həramın şərq hissəsində yerləşən Səfa və Mərvə təpələri arasında cənubdan şimala və əksinə istiqamətdə 7 dəfə yüyürməkdən ibarətdir. Bu hərəkət həzrət İsmayılın (ə) anası hacərin xatirəsini özündə daşıyır. Rəvayətə görə, İbrahim peyğəmbər (ə) tərəfindən səhraya gətirilmiş hacər körpə İsmayıl (ə) üçün su tapmaq məqsədilə bu iki təpə arasında təlaşla vurxunmuş və bu zaman Allahın əmri ilə İsmayılın (ə) ayaqları altından Zəmzəm bulağı açılmışdır.

Siz də hacərin övlad məhəbbəti ilə dolu qəlbinin təlaşlarını duyaraq, onun ayaq izlərinin üzərilə yüyürürsünüz. Səy Səfa təpəsindən başlayıb, Mərvədə qurtarmalıdır. Yəni siz üç dəfə Səfadan Mərvəyə gedib-qayıdır və axırda yenə bir dəfə Mərvəyə gəlirsiniz. Əvvəllər bu iki təpə arasında açıq səma altında səy edirdilər. Son onilliklər ərzində hacıların işini yüngülləşdirmək üçün Səfa və Mərvəni üstüörtülü tunellə birləşdirmişlər. Bu tunel ikimərtəbəlidir, uzunluğu təqribən 400 metr, eni 20 metrdir. Səy zamanı qaçmaq lazım deyildir, adi yerişdən bir qədər iti addımlarla yerimək kifayətdir. Yorulduğunuz təqdirdə ayaq saxlayıb yerimək kifayətdir. Yorulduğunuz təqdirdə ayaq saxlayıb azacıq dincinizi ala bilərsiniz.

Təqsir

Səydən sonra həccin beşinci vacib əməlini yerinə yetirmək zamanı gəlib çatır. "təqsir" (qısaltma,azaltma) adlı bu əməl saçın, ya bığ-saqqalın tükündən azacıq kəsməklə, yaxud dırnağı qısaltmaqla həyata keçirilir. Qayçı ilə saçın azacıq kəsilməsi kifayətdir.

Təqsir-Təməttü ümrəsinin son əməlidir. Bundan sonra siz təməttü həccinin başlanğıcına (yəni zilhəccə ayının 8-nə) kimi ehramdan çıxa bilərsiniz. Əvvəllər sizə qadağan olan 24 əməldən biri istisna olmaqla, hamısını yerinə yetirə bilərsiniz.Yalnız saçınızı qırxdırmaq qadağandır."Təməttü" (faydalanmaq) sözünün mənası burada aydın olur. Təməttü ümrəsi ilə həcc arasındakı fasilə müddətində siz, əvvəllər qadağan olan əməlləri yerinə yetirib, onlardan zövq alaraq faydalana bilərsiniz.

Təməttü həcci ehram

Zilhəccə ayının 8-dir. Artıq təməttü həccinin birinci hissəsini (təməttü ümrəsini) başa vurmuşsunuz. Bu gün həccin ikinci hissəsini başlayırsınız. Bunun üçün yenə ehram bağlamanız vacibdir. Bu ehramın bütün hökmləri əvvəlki ehramın hökmləri ilə eynidir. Fərq bundadır ki, bu dəfə Məkkədə, istədiyiniz yerdə ehram bağlaya bilərsiniz. Diqqətli olun ki, əvvəl saydığımız 24 əməl yenə sizə qadağandır.

Ehram bağladıqdan sonra ertəsi gün (zilhəccə ayının 9-u) zöhr vaxtına kimi istədiyiniz yerdə qala bilərsiniz. Müstəhəbdir ki, Məkkənin şərqindəki Mina vadisinə gedib, gecəni orada qalasınız. Hacıların əksəriyyəti Minaya doğru yola düşür. Siz də onlara qoşulub gedirsiniz. Gecənin qaranlığında Mina vadisi hacıların dua və münacat sədaları ilə dolur. Hamı ibadət edir və qəlbindəki ülvi arzularını Allaha bildirir. Allah dualarınızı müstəcəb ibadətlərinizi qəbul etsin!.

Ərafat

Zilhəccə ayının 9-u-ərəfə günüdür. Adından göründüyü kimi, bu gün Ərafatda olmalısınız. Təməttü həccinin vacib əməllərindən biri də zilhəccənin 9-da zöhr (günorta) vaxtından günəş batana kimi Ərəfatda qalmaqdır.

Ərəfat-Kəbədən təqribən 21 km. Cənub-qərbdə yerləşən geniş bir sahədir. Rəvayətlərə görə, cənnətdən çıxarıldıqdan sonra Adəmlə (ə) Həvva müxtəlif yerlərdə bir-birindən ayrı halda yaşamış, axırda Ərəfatda görüşüb tapışmışlar.

Zöhr və əsr namazlarını Ərəfatda qılırsınız. Bu müqəddəs məkanda keçirdiyiniz hər dəqiqəni qənimət bilin. Ərəfat səhrası həzrət Adəmlə (ə) Həvvanın, İbrahimlə (ə) İsmayılın (ə) xatirələrini özündə yaşadır. Namaz qılın, dua oxuyun, Allahın uca adlarını zikr edin. Ərəfatda qaldığınız müddət boyunca həmişə dəstəmazlı olmağınız, Quran oxumağınız, Allahın qüdrət və əzəməti barədə düşünməyiniz müstəhəbdir. Qəlbinizin səsini ətrafınızdakı hacıların sədasına qatın, onların duasına qoşulun, Səma qapıları açıqdır.

Məşərül-həram

Axşam çağı hacılar Ərəfatı tərk edib bir neçə kilometr şimal-qərbdə yerləşən Məşhərül-həram (yaxud müzdəlifə) vadisinə gedirlər. Siz də həmin yolu qət edib məşərə gəlirsiniz. Axşam namazlarını qılıb bədən və qəlb təmizliyi ilə ibadət edir, dua oxuyursunuz. Hara baxırsansa, ağ çadırlar görünür. Milyonlarla hacıya öz ağuşunda yer verən Məşərül-həram yenə də dua sədaları ilə dolub...

Gecəni başa vurub, sübh namazını da məşərdə qılmalısınız. Artıq zilhəccənin 10-cu günü-Qurban bayramının səhəri açılıb. İrəlidə sizi Mina gözləyir. Çantanıza baxın: Şeytana atmaq üçün xırda daşlar yığmaq yadınızdan çıxmayıb ki? Müzdəlifdən hərəsi bir boyda olan 70 daş yığmalısınız. Bunlar sizin şeytana qarşı silahınızdır. Silahınız hazırdırsa, "bismillah" deyib yola düşün.

Şeytana daş atmaq

Məşərül-həram tərəfindən Mina vadisinə daxil olanda bir-birinin ardınca yerləşən üç daş sütun görəcəksiniz. Təqribən 1,5 m. Hündürlükdə dairəvi hasarla dövrələnmiş bu sütunlar şeytanın simvollarıdır. Şeytan həzrət İbrahimi (ə), İsmayılı (ə) və hacəri aldatmaq istərkən, onlar yerdən daş götürüb onu qovmuşdular.

Qurban bayramı günü üç sütundan yalnız birinə-sonuncusuna yeddi daş atmalısınız. Daşlarınız mütləq sütuna dəyməlidir. Əgər atdığınız daş dəymədisə, birini də atın. Sütuna dəyən daşların sayı yeddi olana kimi istənilən qədər daş ata bilərsiniz.

Bu əməliyyat zamanı özünüzün və bütün .islam dünyasının düşməni iblisi daşladığınızı təsəvvür edin. Bu daşları siz öz nəfsinizə, tamahınıza, günahlarınıza ünvanlayırsınız.

Şeytanla mübarizədən arxayın qəlblə ayrılıb qurbangaha yollanın.

Qurbanlıq

Həccin növbəti vacib əməli Minada qurban kəsməkdir. Zilhəccə ayının 10-da bütün hacılar kimi siz də ya dəvə, ya inək, ya qoyun, ya da keçi qurban kəsməlisiniz. Heyvanı özünüz kəsə bilmirsinizsə, naib tuta bilərsiniz. Qurbanlıq alarkən aşağıdakı şərtlərə diqqət yetirməyiniz lazımdır:

1. Qurbanlıq dəvə 5 yaşından, inək və keçi 2 yaşından, qoyun isə 1 yaşından kiçik olmamalıdır,

2. Qurbanlıq heyvan çox qoca olmamalıdır.,

3. Arıq olmamalıdır,

4. Nöqsanlı və şikəst olmamalıdır.

Əgər qurbanlıq heyvan almaq imkanınız yoxdursa, əvəzində 10 gün oruc tutmalısınız. Bunun üçün hər şeydən öncə, qurbanlığa imkansız olduğunu bir neçə gün qabaqcadan bilməniz lazımdır. On günün 3-nü (zilhəccənin 7, 8 və 9-cu günləri) həccdə, 7 günün isə qayıtdıqdan sonra vətəndə tutmalısınız (7 günün orucunu fasiləsiz, ardıcıl tutmaq lazımdır).

Saç qırxdırmaq

Qurbanlıqdan sonra Minada növbəti vacib əməl-təqsir icra edilir. Təməttü ümrəsindəki təqsirdən fərqli olaraq, bu dəfə həccə ilk dəfə gələn kişilərin öz saçlarını dibindən qırxdırmaları (həlq) tələb edilir. Həccə ikinci dəfə və daha artıq gələn şəxslər isə saçlarının, yaxud bığ-saqqallarının tükündən bir azacıq kəsməklə kifayətlənə bilərlər. Qadınlar həccə birinci dəfə getsələr belə, saçlarını tam qırxdırmır, yalnız ucundan azacıq qısaldırlar.

Həlq, yaxud təqsirdən sonra cinsi əlaqə və ətir iyləmək istisna edilməklə, bütün başqa qadağanlar öz qüvvəsini itirir. Siz ehram halında yerinə yetirə bilmədiyiniz əməlləri (yuxarıdakı ikisi istisna olmaqla) indi icra edə və onlardan faydalana bilərsiniz.

Məkkəyə qayıdış

Minada yerinə yetirilən vacib əməllərdən sonra hacılar yenidən Məkkəyə qayıdıb Kəbəni 7 dəfə təvaf edir, təvaf namazı qılır, Səfa və Mərvə təpələri arasında səy edirlər. Bütün bunlar təməttü ümrəsində olduğu kimi icra edilir.

Səydən sonra xoş ətirləri iyləmək qadağanı götürülür. Lakin cinsi əlaqə icazəsi almaq üçün siz kəbə ətrafında daha 7 dəfə də təvaf etməli (buna "nisa təvafı", yəni "qadınlar təvafı" deyilir) və ardınca iki rükət namaz qılmalısınız. Yalnız bu təvaf və namazdan sonra son qadağan –cinsi əlaqə qadağanı da ləğv edilmiş sayılır Beləliklə, Məkkədə yerinə yetirilən 5 əməldən sonra, əvvəllər ehramlı halda edə bilmədiyiniz 24 əməl üzərindəki qadağanlar öz qüvvəsini itirir.

Minada qalmaq

Məkkə əməllərini yerinə yetirdikdən sonra hacılar zilhəccənin 11-ci və 12-ci gecələrini, günəş batandan gecə yarısına kimi Minada keçirməlidirlər. Zilhəccənin 12-də günəş batana qədər Minadan köçüb getməyən şəxs 13-cü gücəni də orada qalmalıdır. Hər kəs qəsdən bu hökmü pozarsa, hər günün əvəzində cərimə olaraq bir qoyun kəsməlidir.

Hacılar Minada qaldıqları hər gecənin ertəsi günü şeytanı simvolizə edən üç sütuna daş atmalıdırlar. Beləliklə, bütün hacılar zilhəccə ayının 11-də və 12-də (bəziləri isə həm də zilhəccənin 13-də)"cəmərə" adlı sütunların hərəsinə yeddi xırda daş atırlar. İlk öncə Müzdəlifə vadisi tərəfindən birinci sütun, sonra ondan sonrakı, daha sonra isə axırıncı sütun daşlanır (axırıncı sütun Qurban bayramı günü də daşlanmışdı). Sütunları günəş çıxandan batana kimi günün istənilən vaxtında daşlamaq olar.

Şeytan sütunlarını daşlamaqla həccin bütün əməllərinin sonunda yenidən Məkkəyə qayıtmaq vida ziyarəti etmək, vida namazı qılmaq, şəhər yoxsullarına sədəqə vermək və gələn il yenidən həcc ziyarətinə nail olmaq barədə Allaha dua etmək müstəhəbdir.