ZÜHUR
  • Başlıq: ZÜHUR
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 6:41:45 2-10-1403


ZÜHUR

Səmadan gələn nida bütün insanlara həzrət Məhdinin (əc.) zühur xəbərini verəcəkdir.

İmam Məhdi (əc.) öz ümumdünya qiyamına Məscidül-həramda Kəbənin yanından başlayacaqdır.

İmamın ən yaxşı köməkçiləri və müntəzirləri olan 313 nəfər, onunla beyət etmək üçün Kəbədə ətrafına toplaşacaqlar.

Həzrət İsa Məsih (ə) səmadan enib öz namazını İmam Məhdiyə (əc.) iqtida edəcəkdir.

İmam Məhdinin (əc.) dünyanın müxtəlif bölgələrindən olan köməkçiləri Məkkəyə axışıb, o həzrətin rəhbərliyi ilə İraqa doğru hərəkət edəcəklər.

Süfyaninin qoşunu "Beyda" məntəqəsində həlak ediləcək və qalib İslam ordusu bütün dünyanı fəth edəcəkdir.

Həzrət Məhdi (əc.) Kufə şəhərini öz dövlətinin paytaxtı edəcəkdir.

ZÜHURDAN SONRAKI DÖVR

Həzrət Məhdinin (əc.) zühurundan sonrakı dövr, məsumların hədislərində müxtəlif baxışlardan izah olunmuşdur:

1-Ümumdünya İslam hakimiyyəti

İmam Sadiq (ə) buyurmuşdur:

"Bizim qiyam edənimiz (Qaimimiz) qiyam etdikdə bütün yer üzündə Allahın birliyinə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət veriləcəkdir"[1].

2-İlahi hökmlərin tam icrası

İmam Kazim (ə) "əl-Hədid" surəsinin 17-ci ayəsinin təfsirində buyurmuşdur:

"Allahın, yeri öldürdükdən sonra yenidən diriltməsində məqsəd, onu yağışla diriltməsi deyildir. Allah bəzi insanları göndərərək, yeri ədalət və ilahi hökmlərin icrasıyla dirildəcək-dir."[2]

3-Quran təlimlərinin dirçəldilməsi

Həzrət Əli (ə) İmam Məhdinin (əc.) qiyamının nəticələri barədə buyurmuşdur:

"İnsanlar Quranı öz istədiklərinə uyğun şəkildə izah etdikdə, o, onların fikir və nəzərlərini Qurana tərəf yönəldəcək və Quran həqiqətlərinə xidmət göstərməyə sövq edəcəkdir. O, unudulmuş Quran və sünnəni və onun həmişəyaşar təlimlərini necə dirçəldəcəyini sizə göstərəcəkdir"[3].

4-Zülmün məhv və ədalətin bərqərar edilməsi

Peyğəmbər (s) buyurmuşdur:

"Məhdi (əc.) mənim övladlarımdandır. O, qeybə çəkiləcək, zühur etdikdə isə, zülmlə dоlmuş yer üzünü ədalətə qərq edəcəkdir"[4].

5-İslamın yenidən başlanması

İmam Baqir (ə) buyurmuşdur:

"Peyğəmbərin (s) etdiyi işləri o da edəcəkdir. Peyğəmbər (s) cahiliyyət adətlərini sındırdığı kimi, o da qabaqkı qanunları ləğv edəcəkdir. O, İslamı əvvəldən başlayacaqdır"[5].

6-İnsanlar arasında elmin kamilləşməsi

İmam Sadiq (ə) buyurmuşdur:

"Elm 27 hərfdən ibarətdir. Peyğəmbərlərin gətirdiyi bütün təlimlər onun yalnız 2 hərfidir. Bizim Qaimimiz qiyam etdikdə, onun digər 25 hərfini də aşkara çıxaracaq və insanlar arasında yayacaqdır"[6].

7-Əqli inkişaf

İmam Baqir (ə) buyurmuşdur:

"Bizim Qaimimiz qiyam etdikdə, Allah, bəndələrin ağıllarını toplayacaq, sahmana salacaq, fikir və düşüncələrini kamilləşdirəcəkdir"[7].

8-Təhlükəsizlik

İdris peyğəmbərin (ə) səhifələrindən belə nəql olunmuşdur:

"Məhəmməd ailəsinin Qaimi (əc.) zühur etdiyi zaman yer üzünə təhlükəsizlik bəxş edəcək, insanların bir-birinə zərər yetirmələri və bir-birindən qorxmaları aradan qalxacaqdır"[8].

Həmçinin, İmam Əli (ə) buyurmuşdur:

"O zaman bir qadın İraqdan Şama qədər piyada gedər; halbuki, heç kim və heç bir şey onu qorxutmaz"[9].

9-İnsanlar arasında birlik və məhəbbət

Əmirəl-möminin Əli (ə) buyurmuşdur:

لو قد قام قائمنا...لذهبت الشخاء من قلوب العباد

"Bizim Qaimimiz (əc.) qiyam etdikdə kin və düşmənliklər bəndələrin qəlbindən çıxacaqdır"[10].

10-Yer üzünün günahdan paklanması

İmam Sadiq (ə) həzrət Məhdinin (əc.) zühurundan sonrakı insanlar haqqında buyurmuşdur:

ولا يعصون الله عز وجل فى أرضه

"İnsanlar yerdə Allaha itaətsizlik göstərməzlər"[11].



[1] Biharul-ənvar, c.52, səh: 340.

[2] Mikyalul-məkarim, c. 1, səh: 81.

[3] Nəhcül-bəlağə, 134-cü xütbə, məlahim.

[4] Yənabiul-məvəddə, səh: 448.

[5] Mikyalul-məkarim, c. 1, səh: 57.

[6] Biharul-ənvar, c. 52, səh: 336.

[7] Müntəxəbül-əsər, səh: 483 ("Kafi"dən nəql olunub).

[8] Biharul-ənvar, c. 52, səh: 384.

[9] Mikyalul-məkarim, səh: 101.

[10] Yenə orada.

[11] Müntəxəbül-əsər, səh: 497.