İTTİHAMLA ÜZ-ÜZӘ
  • Başlıq: İTTİHAMLA ÜZ-ÜZӘ
  • yazıçı: Mətləb
  • Mənbə:
  • Buraxılış tarixi: 20:43:33 1-10-1403



İTTİHAMLA ÜZ-ÜZӘ
İTTİHAMLA ÜZ-ÜZӘ

İTTİHAMLA ÜZ-ÜZӘ

BİSMİLLAHİR RӘHMANİR RӘHİM 1. İTTİHAMLA ÜZ-ÜZӘ ÖN SÖZ Günəş şərqdən doğur...14 əsr bundan öncə cəhalət və ədalətsizlik zülmətinə qərq olmuş dünyada bir günəş doğdu. Bu günəş öz şəfəqlərini Hicazdan başlayaraq İraq, İran, Azərbaycan, Afrika və nəhayət bütün dünyaya saçdı. Yeni bir din, kamil bir kitab nazil oldu bəşəriyyətə. Mərhəmətli Allah Öz bəndələrinin hidayəti üçün son Rəsulunu göndərdi yer üzünə. Bu səma elçisi bütün varlığı ilə mübarizə aparır, insanları mə᾿nəvi saflığa, ictimai ədalətə də᾿vət edirdi. Sonsuz hikmət xəzinəsi olan müqəddəs Qur᾿ani-Kərim - «Allaha iman gətirən kəslər qardaşdırlar» - deyə, bütün bəşəriyyəti tövhid bayrağı altında dostluğa, səmimiyyətə səsləyirdi. Kimsəsizlərə, məzlumlara qardaşlıq mərhəməti, tağutlara, zalımlara qarşı barışmazlıq və qətiyyət şüarı verirdi bu şəriət. Lakin, müqəddəs ruhu əbədiyyətə qovuşan əziz Peyğəmbərimizin (s) cəsədi hələ dəfn olunmamış, müsəlman qardaşlar arasına bir fitnə qatıldı. Bu fitnə bütün müsəlmanların anlaşılmazlığına və həqiqət düşmənlərinin sevincinə səbəb oldu. «Hamınız Allah ipindən yapışın və heç vaxt təfriqəyə düşməyin» deyə, buyuran Qur᾿an ümməti müxtəlif firqələrə, məzhəblərə ayrıldı...... Әziz müsəlmanlar, din tariximizdə belə bir ixtilafın meydana gəlməsindən daha acınacaqlısı odur ki, müsəlman qardaşlar bir-birlərinə qarşı yersiz təəssüb hissi bəsləyir, «sən mənim məzhəbimdən deyilsən» deyə, öz qardaşlarına soyuq münasibət göstərirlər. Mənim fikrimcə, uzun illər boyu heç bir məzhəbə aid olmayan qərəzli insanlar müsəlmanlar arasında ixtilaf yaratmağa çalışmış, İslam məzhəblərini biri-birlərinə qarşı qoymaqda əllərindən gələni əsirgəməmişlər. Din tariximizə nəzər saldıqca, bu zəmində düçar olduğumuz yersiz ixtilaflardan yalnız düşmənlərin faydalandığını müşahidə edirik. Özümüzdən xəbərsiz olduğumuz halda biri-birimizə olmazın böhtan və iftiralarını yaxmışıq. Xüsusilə, Peyğəmbər (s) və onun Әhli-beytini (ə) özünə nümunə seçmiş şiə məzhəbinə tuşlanan saysız-hesabsız böhtan və iftiraları gördükdə, özümüzün özümüzə yazığımız gəlir. Çünki, biz öz müsəlman qardaşlarımız haqqında lazım olan mə᾿lumatı yadlardan alır, heç bir tədqiqat aparmadan hökm etməyə tələsirik.... Hörmətli oxucular, burada məqsəd əsla ixtilaf yaratmaq, hər hansı bir məzhəbi tənqid etmək deyildir. Әn azı ona görə ki, öz qardaşlarına qalib gəlmək duyğusu sağlam düşüncəsi olan hər bir müsəlman üçün ən böyük nöqsan sayılır. Sadəcə olaraq burada şiə məzhəbinə qarşı söylənən iftira və ittihamlara cavab verməyə və bu məzhəbin bir həqiqət olaraq Әhli-sünnə məzhəblərində təsdiqləndiyini açıqlamağa çalışmışıq. Bu kitabda heç bir şiə mənbəyindən istifadə olunmamış, yalnız Qur᾿ani-Kərimdən və Әhli-sünnə kitablarından sitatlar gətirilmişdir. 20 Yanvar, 2002. Suriya‒Dəməşq şəhəri. ELMİ MÜBAHİSӘ İXTİLAF YARATMIR

ELMİ MÜBAHİSӘ İXTİLAF YARATMIR

2. ELMİ MÜBAHİSӘ İXTİLAF YARATMIR Hər hansı bir məsələ ətrafında müzakirə aparmaq, elmi mübahisə etmək ixtilaf və ya düşmənçilik demək deyildir. Elmi mübahisələr həqiqətin açılması, fikirlərin aydınlaşması və nəhayət elmi inkişaf üçün ən gözəl vasitədir. Müsəlman qardaşlar arasında mövcud olan məzhəb ayrılığı onları elmi mübahisələrdən kənarlaşdırmamalıdır. Bu mübahisə düşmənçilik, təəssübkeşlik doğurmur, əksinə qarşılıqlı anlaşmaya və səmimiyyətə səbəb olur. Әgər müsəlmanlar təəssübkeşlik və qərəzçilik mövqeyindən uzaqlaşıb elmi mübahisələrə üz tutsalar aşağıdakı müsbət keyfiyyətlərə nail ola bilərlər: 1. Elmi inkişaf; Qeyd olunduğu kimi bütün elmi inkişaflar maraq, axtarış və mübahisələrdən doğur. Hal-hazırda bəşəriyyətə xidmət edən əvəzsiz elmi kəşflər mübahisələrin, dialoqların məhsuludur. 2. Dostluq və səmimiyyət; İnsanlar biri-birlərindən uzaqlaşdıqca qəlblərə soyuqluq, bə᾿zən də kin-küdurət hakim olur. Qarşılıqlı ünsiyyət insanlar arasında soyuqluğu aradan aparır, ürəkləri yaxınlaşdırır. Mübahisədən öncə insan qarşı tərəfin qəlbində nələr olduğundan xəbərsizdir. Lakin danışıq zamanı Allah-taalanın vacib buyurduğu qardaşlıq məhəbbəti, dostluq və səmimiyyət telləri möhkəmlənir, ürəklərdə olan vəsvəsə və şübhələr yox olur. 3. Mə᾿lumatın artması; Hər iki tərəfin mə᾿lumatı çoxalır, müsəlman qardaşlar biri-birlərini daha yaxından tanıyırlar; onların səhv mə᾿lumatları aydınlaşır, anlaşılmazlıqlar və şayiələr unudulur. 4. Fitnə-fəsadın azalması; Düşmənlərin, qərəzli insanların hiylə və məkrləri zərərsizləşdirilir. Әgər iki müsəlman qardaş üzbəüz əyləşib öz problemlərini danışıq yolu ilə həll edirsə, üçüncü bir şəxsin, hiyləgər düşmənin vasitəçiliyinə ehtiyac qalmır. Həmçinin düşmənlərin yaydığı səhv mə᾿lumatlar müəyyənləşir; iki müsəlman qardaş ortada hiyləgər bir vasitəçinin olduğunu anlayır. 5. İslam dünyasında mövcud olan problemlərin üzə çıxması; Müsəlman qardaşların ünsiyyət yaratması və elmi mübahisələr aparması İslam dünyasının digər problemlərini aşkarlayır, onların həlli yolları araşdırılır. Hər bir şəxs öz yaşadığı cəmiyyətin keyfiyyətləri, problemləri barəsində açıqlamalar verir, ictimai məsələlər araşdırılır və problemlərin həlli yolları göstərilir. Bu isə İslam dünyasının ən vacib məsələlərindən biridir. 6. Haqq-həqiqətin aydınlaşması. Elmi mübahisələr həqiqəti aşkar edir, insanları mə᾿lumatsızlıq ucbatından düçar olduqları səhvlərdən xəbərdar edir. Bu dünyada yaşamaqda məqsədimiz həqiqətə yetişmək, haqq yolunda addımlamaq deyilmi? Bütün peyğəmbərlər həqiqəti bəyan etmək üçün göndərilməyiblərmi? Həqiqətin aşkarlanması üçün biri-birindən üz çevirmək, mə᾿lumatsız qalmaq deyil, səmimi dialoq, qardaşlıq məhəbbəti ilə elmi mübahisələr aparmaq lazımdır. İslam dini insanları elmə, hikmətə, dərindən düşünməyə səsləyir, elmi araşdırmaları, mübahisələri ibadət hesab edir. Qur᾿ani-Kərimə diqqət yetirsək görərik ki, İslama də᾿vət heç də əmr formasında deyil, elmi əsasları və dəlilləri araşdırmağa çağırış şəklindədir. Bir çox ayələrdə Allah-taala əsaslı sübutlar gətirmiş, qəbul etməyənlərə ‒ siz də belə hikmətli ayələr, möhkəm dəlillər gətirin ‒ deyə insanları elmi mübahisəyə də᾿vət etmişdir. İslam ideologiyasında heç bir əqidənin kor-koranə qəbul olunması düzgün sayılmır. Qur᾿ani-Kərim bu barədə buyurur: «Müjdə və bəşarət ver o bəndələrimə ki, bütün sözləri dinləyir, ən yaxşı və düzgününə itaət edirlər».(1) Bə᾿zi alimlər elmi mübahisələrdən kənarda qalmaq üçün bu zəmində aparılan araşdırmaları ixtilaf hesab edirlər. Onların fikrincə müsəlman qardaşlığı və vəhdəti qorumaq üçün belə mübahislərdən uzaqlaşmaq lazımdır. Bu sözlərdə müəyyən qədər həqiqət vardır. Әgər bu mübahisələr elmi şəkildə deyil, qarşı tərəfə hücum, qərəzçilik və inadkarlıq şəklində olarsa təbii ki, vəhdətin pozulması ilə nəticələnə bilər. Lakin bizim tərəfdarlıq etdiyimiz elmi mübahisə səmimi və dostluq şəraitində aparılır və dini qardaşlığımızı daha da möhkəmləndirir. Məsələn, bir ailənin tərkibində iki qardaş arasında anlaşılmazlıq yaranmışdırsa, bu ixtilafın evdən kənara çıxması qəbahət və olduqca mənfi hal sayılır. Lakin bu qardaşların öz evlərində çay süfrəsi arxasında səmimiyyətlə əyləşib öz problemlərini müzakirə etməsi heç də mənfi hal kimi qiymətləndirilməməlidir. Әksinə, əgər bu qardaşlar öz problemlərini müzakirə edib anlaşmaya gəlməslər, hər ikisinin qəlbi giley-güzarla dolu qalar və narazılıq gündən günə artar. Biz müsəlmanlar Qur᾿ani-Kərimin hökmünə tabe olaraq, tövhid bayrağı altında birləşmişik və qardaşlıq prinsipi əsasında yaşayırıq. «Dost arası sözsüz olmaz» deyiblər; biz qardaşların arasında ola biləcək hər hansı anlaşılmazlıq öz daxili problemlərimizdir. Bu anlaşılmazlıqda Allah şahidi özümüz, ədalətli hakim müqəddəs Qur᾿anımızdır. Heç bir kəsin, hətta bəşəriyyətin sülh himayədarlığı iddiasında olanların biz müsəlman qardaşların daxili işinə qoşulmaq, düşmənçilik toxumu səpmək haqqı yoxdur. Biz öz problemlərimizi həll edə bilməyəcək qədər aciz deyilik. Qardaşlar arasını qatmaq, suyu bulandırıb balıq tutmaq vaxtı artıq tamam olmuşdur. İndi isə fikir söyləmək, bəşəriyyətə düşdüyü böhrandan xilas olmaq üçün yol göstərmək biz müsəlman qardaşların öhdəsinə düşür. Hələ İslamın bəşəriyyətə deyiləsi sözü çoxdur.

TARİX GӘLӘCӘYӘ İŞIQ SAÇIR
3. TARİX GӘLӘCӘYӘ İŞIQ SAÇIR İslam məzhəbləri arasında olan ixtilaflı məsələlər daha çox tarixi xarakter daşıyır. Məsələn həzrət Peyğməbərdən (s) sonra xilafət və rəhbərlik məsələsi, o həzrətin bu barədə göstərişləri tarixi məsələlərdir. Bə᾿zi alimlər düşünmək, axtarış aparmaqdan yaxa qurtarmaq üçün tarixi məsələləri müzakirə etməyin zəruri olmadığını bildirirlər. Onlar ‒ ötüb keçənlərlə işiniz olmasın, bu gün haqqında fikirləşin ‒ deyə, müsəlmanları öz dini tarixlərinə nəzər salmaq və araşdırmalar aparmaqdan çəkindirməyə çalışırlar. Belə bir fikrin irəli sürülməsi məntiqsiz təfəkkür və ya yorğun düşüncə tərzinin məhsuludur desək, yanılmarıq. Bu düşüncə tərzi müsəlmanları öz keçmişindən, tarixi həqiqətlərdən və çoxlu elmi nailiyyətlərdən uzaq salır. Məhz bu təfəkkür tərzi bizləri o qədər aciz etmişdir ki, Avropa arxeoloqları, antropoloqları meymun sümüklərini insanın əcdadı kimi təqdim etdilərsə də biz susmalı olduq. Bə᾿zən ata-baba torpaqlarımıza göz dikənlərə tarixi sübutlar gətirməyə belə, aciz oluruq. Öz tarixini bilməyən bir millət, bir ümmət bu günü haqqında düzgün qərar verə bilərmi? Tarix insanların inkişaf yolu, modern cəmiyyətin formalaşdığı bir prosesdir. İnsan yarandığı gündən bu günədək öz dünəninə baxa-baxa bu gününü yaşamış, sabahına yol açmışdır. İlahi hidayət kitabı olan Qur᾿ani-Kərim keçmiş ümmətlərin tarixini bəyan edir, onların həyat yolunu bizlərə xatırladır. Diqqət etsək görərik ki, Qur᾿ani-Kərimin təqribən yarısını tarixi hadisələr təşkil edir. Müqəddəs kitabımız bəşəriyyətin atası Adəm peyğəmbərin yaranmasını, Nuh peyğəmbərin, Musa peyğəmbərin, İbrahim peyğəmbərin mübarizələrini bizlərə xatırladır, fironların, harunların, nəmrudların fəsad və tüğyanlarından söz açır. Bütün bunlar tarixi unutmamağı, ötüb keçənlərdən ibrət almağı bizlərə tövsiyə edir. Bundan əlavə, Qur᾿ani-Kərim tarixə diqqət yetirməyi zəruri hesab edərək buyurur: «De ki, gəzin yer üzünü, sizdən öncə yaşayan insanların aqibətinə baxın....».(2) Bəli, tarix olub keçsə də unudulmamalı, həmişə diqqət mərkəzində olmalıdır. Tarix ibrət və təcrübə mənbəyi olaraq gələcəyimizə işıq saçır. ŞİӘ MӘZHӘBİNӘ OLUNAN HÜCUMLAR

ŞİӘ MӘZHӘBİNӘ OLUNAN HÜCUMLAR

4. ŞİӘ MӘZHӘBİNӘ OLUNAN HÜCUMLAR Tarix boyu şiə məzhəbi saysız-hesabsız hücumlara, böhtan və iftiralara mə᾿ruz qalmışdır. Müsəlman qardaşlar arasında ədavət toxumu səpməyə çalışan qərəzli alimlər, bə᾿zi hallarda isə mə᾿lumatsız müsəlmanlar bu məzhəb haqda əsassız sözlər söyləmişlər. Bir-birlərindən xəbərsiz olan müsəlmanlar hiyləgər düşmənin, təəssübkeş alimlərin iftiralarına uymuş, öz müsəlman qardaşlarına müşrik, azğın gözü ilə baxmışlar. Çox təəssüflər olsun ki, belə münasibətlərə təkcə avam insanlar arasında deyil, böyük alimlərin və təhqiqatçıların kitablarında da rast gəlmək olur. Biz burada yalnız bir neçə məşhur alimin kitablarına nəzər salır, onların şiə məzhəbi barəsində söylədikləri cümlələrlə tanış oluruq: ‒Şəhabuddin Әbu Ömər Әhməd ibni Məhəmməd ibni Әbdi-rəbbih Qurtəbi Maliki (H.Q. 4-cü əsr) «Әqdul-fərid» adlı kitabının birinci cildində şiələri İslam ümmətinin yəhudiləri adlandıraraq yazır: «Şiələr yəhudilər kimi təlaqdan sonra iddə saxlamağı lazım bilmirlər.»(Təlaq – boşanma və boşama, iddə isə boşanmış və ya əri ölmüş qadının yenidən ailə qurmasına qadağa qoyulan müddətdir.) «Şiələr yəhudilər kimi Allahın vəhy mələyi Cəbraili özlərinə düşmən hesab edirlər. Onların e᾿tiqadına görə Cəbrail Qur᾿ani-Kərimi həzrət Әliyə nazil etməli idi, lakin xəyanət edərək onu həzrət Məhəmmədə (s) nazil etdi». ‒Әbu Məhəmməd Әli ibni Әhməd ibni Səid ibni Həzəm Әndəlosi (H.Q. 5-ci əsr) «Әl-fəslu fil-miləli vən-nihəl» kitabında şiələri yəhudi mənşəli kafir adlandıraraq onları yalançı bir firqə sayır. Müəllif həmin kitabın dördüncü cildində yazır: «Şiələr doqquz qadınla evlənməyi halal hesab edirlər». ‒Әhməd ibni Әbdül-Həlim Hənbəli (H.Q. 8-ci əsr) «Minhacus-sünnə» kitabında Peyğəmbər Әhli-beyti barəsində nəql olunmuş bütün hədisləri təkzib etmiş, şiə məzhəbinə saysız-hesabsız böhtanlar atmışdır. İbni Teymiyyə ləqəbi ilə məşhurlaşan bu alim həmin kitabın 1-ci cildində yazır: «Qibləyə üz tutan firqələr arasında şiələr kimi yalançı bir tayfa yoxdur». O, qeyd olunan kitabda yazır: «Şiələr məscidlərə e᾿tinasızdırlar. Onlar məscidlərdə cümə və camaat namazı qılmazlar; bə᾿zi hallarda namaz qılsalar da tək halda qılarlar». «Şiələr evlərində saxladığı itlərə xəlifələrin adlarını qoyur, onları lə᾿nətləyirlər». Həmin kitabın 2-ci cildində şiə məzhəbi ardıcıllarının 12-ci imam Sahibəz-Zamanın yolunu gözləyərək hətta namaz belə qılmadıqları iddia olunur. ‒İmam Fəxri Razi özünün «Məfatihul-ğəyb» təfsirində şiə alimlərinin fikirlərini bəyan edərkən, şiələri təkrar-təkrar rafizi (dindən çıxmış) adlandırmış, hər dəfə «Allah onlara lə᾿nət etsin» deyə, söyləmişdir. Bu alim və təfsirçinin fikirləri ilə tanış olmaq üçün qeyd olunan kitabda «Maidə» surəsinin 3-cü ayəsinin təfsirinə nəzər salmaq kifayət edər. İslam alimlərinin dini araşdırmalarında belə qeyri-obyektivliyə yol verdiklərini görəndə ən azı təəssüf hissi keçirməli olursan. Məhz bu alimlərin qərəzli mövqeləri, cahilanə təəssübləri minlərlə insanın qanının tökülməsi ilə nəticələnmişdir. Bir çox dünya şöhrətli şiə alimləri belə qərəz və təəssüblərin qurbanı olmuşlar. Öz zamanında fövqəl᾿adə şəxsiyyət, əvəzsiz fəqih və mütəfəkkir Məhəmməd ibni Cəmaləddin Məkki Amilinin (H.Q. 8-ci əsr) faciəli qətli bəlkə də bu kimi hadisələrlə zəngin olan tarix yaddaşımızın kiçik bir xatirəsidir. Şəhidi-əvvəl ləqəbilə məşhurlaşan bu dahi şəxsiyyət bütün məzhəblərin nümayəndələrinə öz məzhəblərindən dərs verirdi. Onun zindanda olarkən heç bir mənbədən istifadə etmədən yeddi gün ərzində yazdığı «Әl-lümuətud-Dəməşqiyyə» kitabı bu günədək bütün dini hövzələrdə iki-üç illik tədris proqramıdır. Belə bir alim məhz şiə olduğu üçün Dəməşq qaziləri Bürhanuddin Maliki və İbad ibni Әl-cəmaə Şafeinin hökmü ilə e᾿dam olundu. Daha sonra dar ağacında daş-qalaq etdilər, yandırıb külünü səhraya səpdilər. Vəhhabilərin son iki yüz il ərzində şiələrə qarşı törətdikləri cinayətlər İslam dünyası üçün xəcalətdən başqa bir şey deyildir. Özlərini Peyğəmbər sünnəsinin yeganə ardıcılları hesab edən bu təriqət ardıcılları çox təəssüf ki, öz tarixinə nəzər salmağı unudur, bir milyarddan artıq İslam ümmətinə kafir, müşrik adı verirlər. Cəhalət bataqlığında qərq olan bu nadanlar hətta, bu təriqətin yaranmasında müstəsna rol oynamış İngiltərə məxfi idarələrinin e᾿tiraflarını belə eşitmək iqtidarında deyillər. Hörmətli oxucular, Böyük Britaniya kəşfiyyatçısı Mister Hemferin Vəhhabi təriqətinin yaranması ilə bağlı yazdığı xatirələri əks etdirən «İngilis casusunun e᾿tirafları» kitabını gözdən keçirmək söylədiklərimizin həqiqət olduğunu təsdiq edər. İraqın müsəlman əhalisinin başına təsəvvürolunmaz müsibətlər gətirildi. Müqəddəs Kərbəla şəhərində on minlərlə müsəlmanın faciəli şəkildə öldürülməsi, şəhərin talan olunması kaş İslam tarixinin səhifələrinə yazılmayaydı. Çox təəssüflər olsun ki, tariximizin qan yaddaşına artırılan bu səhifələr hələ də tükənmək bilmir. Әfqanıstanın Məzari-şərif şəhərində yaşayan şiələrin bir neçə il bundan qabaq vəhhabi Taliban tərəfindən kütləvi şəkildə qırılması, kişilərin öldürülüb, qadınların əsir götürülməsi də tariximizə qanlı hərflərlə həkk olundu. Bəlkə də təəssüf etmək yox, qan ağlamaq lazımdır ki, bəşəriyyətin mənfur düşmənləri olan yəhudi təşkilatları iti xəncərlərini müsəlmanların əli ilə İslamın qəlbinə sancdılar. Allahın düşmənlərinə, kafir və müşriklərə qarşı icazə verilməyən rəftarları özümüzə qarşı çox rahatcasına tətbiq etdik. Allaha iman gətirib müqəddəs Qur᾿ana itaət edən müsəlman şiə qardaşlar bid᾿ətçi, müşrik, kafir qismində təqdim olundular. Әvvəldə qeyd etdiyimiz kimi, bu kitabda şiə məzhəbinə qarşı tuşlanan böhtan və iftiraları açıqlayacaq, onlara elmi şəkildə cavab verməyə çalışacağıq. Yə᾿qin ki, Allah-taalanın əvəzsiz ne᾿məti olan ağıl sahibləri məntiqi nəticə çıxarmaqda çətinlik çəkməzlər. ŞİӘ SÖZÜNÜN MӘNASI VӘ YARANMA TARİXİ

ŞİӘ SÖZÜNÜN MӘNASI VӘ YARANMA TARİXİ

5. ŞİӘ SÖZÜNÜN MӘNASI VӘ YARANMA TARİXİ Şiə sözünün mə᾿nası lüğət kitablarında tabe, ardıcıl kimi göstərilmişdir. Әrəb dilində «şiətur-rəcul» sözü deyildikdə, o kişinin arxasıyca gedən, ona tabe olan mə᾿nası nəzərdə tutulur. Məşhur Әhli-sünnə lüğət və ədəbiyyatçıları Firuzabadi «Qamusul-lüğət» və İbni-Әsir «Nihayətul-lüğət» kitabında şiə sözünün mə᾿nası haqda belə yazırlar: «Həqiqətən bu ad (şiə) Әli (ə)-ı və onun Әhli-beytini sevənlərə şamil olurdu. Daha sonra bu ad onrlar üçün xüsusiləşdi». Şiə məzhəbi ardıcılları Әli (ə)-ın tabeləri olduqları üçün onlara aid edilən bu ad sonradan xüsusiləşdi. Belə bir sual ortaya çıxır: Nə üçün bu məzhəb Həzrət Məhəmmədin (s) ümməti kimi müsəlman deyil, sonradan qondarılmış şiə adını daşıyır? Cavab: 1. Biz insanlar yalnız və yalnız öz yaradanımıza baş əyir, Ona itaət edirik. Allahdan başqa heç bir kəsin əmrinə itaət etmək bizim vəzifəmiz deyildir. Fiziki və ya mə᾿nəvi gücündən asılı olmayaraq, kimsənin bizlərə göstəriş vermək hüququ yoxdur. Lakin əmr və itaət sahibi olan Allah-taala bizlərə müəyyən bir şəxsə itaət etməyi əmr edərsə, bu şəxsin itaəti bizim üçün vacib sayılır. Bu şəxsin itaəti, onun əmrlərinə tabe olmaq bilavasitə Allah-taalanın əmrinə itaət etmək deməkdir. Allah-taala bəşəriyyətin atası Adəmi yaratdıqdan sonra bütün mələklərə onun qarşısında səcdə etməyi əmr etdi. Bu səcdə Allahın Öz icazəsi və əmri ilə olduğu üçün sözsüz ki, Allah-taalanın Özünə səcdə hesab olunur. Uca və əzəmətli Allah bizlərin hidayəti üçün həzrət Məhəmmədi (s) peyğəmbərlik məqamına tə᾿yin etdi. O həzrətin bütün əmrlərinə itaət etməyi bizlərə əmr etdi. Allah Rəsulunun əmrlərinə itaət etmək heç də Allahdan qeyrisinə itaət etmək sayılmır. Bu itaət bilavasitə Allah qarşısında baş əymək, Onun əmrlərinə tabe olmaqdır. Necə ki, «Nisa» surəsinin 80-cı ayəsində buyurulur: «Hər kəs peyğəmbərə itaət edərsə, Allaha itaət etmişdir». Bu məntiqlə həzrət Peyğəmbər (s) müsəlmanlara müəyyən bir şəxsin itaətini əmr edərsə, bu itaət bütün müsəlmanlara vacib olur. Bu şəxsin itaəti Peyğəmbərin (s) itaəti və bilavasitə Allah-taalanın itaəti sayılır. Biz gələcək bəhslərimizdə isbat edəcəyik ki, Allahın Rəsulu bütün müsəlmanlara özündən sonra Әli (ə)-a itaət etməyi vacib buyurmuşdur. Deməli, əgər Әli (ə)-ın itaəti Peyğəmbərin (s) əmri və göstərişidirsə, onun ardıcılı (şiə) olmaq Peyğəmbər (s) itaətindən kənara çıxmaq deyildir. 2. Şiə sözünün həzrət Peyğəmbərdən (s) sonra qondarılması həqiqətə uyğun deyildir. Bu söz hətta Qur᾿ani-Kərimdə də işlədilmiş, insanların bə᾿ziləri digərlərinin şiəsi adlandırılmışdır. «Saffat» surəsinin 83-cü ayəsində İbrahim peyğəmbər (ə) Nuh peyğəmbərin (ə) şiəsi kimi təqdim olunur: «Onun (Nuh) şiələrindən biri İbrahim idi». Şiə sözü Peyğəmbərin (s) zamanında da işlədilmiş, bu barədə yüzlərlə hədis və rəvayətlər nəql olunmuşdur. Böyük əhli-sünnə alimi, hədisşünas Hafiz Әbu-nəim İsfahani mö᾿təbər sənədlərlə İbni Abbasdan nəql edir: «Bəyyinə surəsinin 7-ci ayəsi nazil olduqdan sonra: “İman gətirib saleh əməl edənlər ən yaxşı məxluqdurlar. Onların mükafatı Rəbblərinin hüzurunda altından çaylar axan cənnət bağlarıdır. Onlar əbədi olaraq bu bağlarda qalarlar. Allah onlardan, onlar da Allahdan razıdırlar”. Peyğəmbər (s) Әli (ə)-a üzünü tutaraq buyurdu: Ya Әli, onlar sən və sənin şiələrindir. Qiyamət günü sən və sənin şiələrin Allahdan razı, Allah da sizdən razı olar.» Həmçinin bu mö᾿təbər hədis aşağıdakı əhli-sünnə kitablarında yazılmışdır: 1. Mənaqib ‒ Әbul-müəyyəd ibni Әhməd Xarəzmi; 2. Şəvahidut-tənzil fi qəvaidit-təfsil ‒ Hakim Әbul-Qasim Ubeydullah ibni Әbdullah Әl-Həskani; 3. Kifayətut-talib ‒ Məhəmməd ibni Yusif Gənci; 4. Təzkirətu xəvassil-ümmə fi mə᾿rifətil ümmə ‒ Sibt ibni Cuzi. 5. Durrul-mənsur fi kitabillahil-mə’sur ‒ Cəlaləddin Siyuti; 6. Səvaiq ‒ İbni Həcər; 7. Nihayə ‒ İbni Әsir; 8. Cəvahirul-əqdəyn ‒ Әllamə Səmhudi; 9. Füsulul-mühimmə ‒ Nurəddin Әli ibni Məhəmməd ibni Әhməd Maliki. Әhli-sünnə raviləri (hədisşünaslar) Seyyid Әli Həmdani Şafei “Məvəddətul-qurba” kitabında və İbni Həcər “Әs-səvaiqul-mühriqə” kitabında həzrət Peyğəmbərin (s) xanımı Ümmu-Sələmədən nəql edirlər ki, Peyğəmbər (s) buyurdu: “Ya Әli, sən və sənin səhabələrin, sən və sənin şiələrin cənnətdə olacaqlar”. Bu hədislərdən mə’lum olur ki, şiə sözü heç də sonradan qondarılmış bir termin deyildir. Әksinə, bu kəlmə Peyğəmbərimizin (s) dilindən bəyan olunmuşdur və o həzrət, Әli (ə)-ın tərəfdarlarını şiə adlandırmışdır. ABDULLAH İBNİ SӘBA

ABDULLAH İBNİ SӘBA

6. ABDULLAH İBNİ SӘBA Bə’zi qərəzli alimlər iddia edirlər ki, şiə məzhəbi üçüncü xəlifə Osman ibni Әfvanın dövründə Abdullah ibni Səba adlı bir şəxs tərəfindən yaradılmışdır. Әslən yəhudi olan Abdullah ibni Səba müsəlmanlar arasında təfriqə və ixtilaf yaratmaq üçün belə bir məzhəbin bünövrəsini qoymuş və bütün şiələr öz əqidələrində onun fikir və ètiqadına tabe olmuşlar. Bu iddianın şiə məzhəbi barəsində ağ yalan və iftira olması gün kimi aydındır. Hər şeydən öncə hamıya mə’lumdur ki, şiə e’tiqadı üçüncü xəlifə Osman ibni Әfvanın dövründə meydana gəlməmişdir. Ötən bəhsimizdə göstərdik ki, şiə məzhəbinin hələ Peyğəmbərin (s) dövründə mövcud olması onlarla əhli-sünnə kitablarında təsdiq olunmuşdur. Yüzlərlə mö’təbər hədis bu məzhəbin Peyğəmbərin (s) özü tərəfindən açıqlanmasını sübuta yetirir və onun tarixi köklərinin bu təəssübkeş alimlərin iddialarına uyğun olmadığına şəhadət verir. Digər tərəfdən əgər şiə məzhəbinin banisi həqiqətən də Abdullah ibni Səba olmuşdursa, gərək bu şəxs şiələr tərəfindən bir əqidə rəhbəri, mö̀htərəm bir şəxs kimi qəbul olunsun. Sözsüz ki, bir məzhəbin banisi, o məzhəb tərəfdarları tərəfindən həmişə tə’rif və sitayiş olunmalıdır. Lakin, şiə məzhəbinin elmi, tarixi mənbələrinə baxsaq, bu şəxsi tə’rif və sitayiş edən bir cümləyə də rast gəlmərik. Әksinə, Abdullah ibni Səba və onun əqidəsi bütün şiə kitablarında tənqid olunmuş, hətta o, ifratçı şəxsə lə’nət yağdırılmışdır. Bütün şiə kitablarında nəql olunmuş hədislərdə Abdullah ibni Səbanın kafir və məl᾿un bir şəxs olduğu göstərilir. Әllamə Məclisinin “Biharul-Әnvar” kitabında, həmçinin onlarla digər kitablarda mö’təbər sənədlərlə göstərilir: “Әli (s) Abdullah ibni Səbanı üç gün həbsdə saxladıqdan sonra, o şəxs tövbə etmədiyi üçün onu odda yandırdı”. Həmin kitablarda imam Cə’fər Sadiq (ə)-ın Abdullah ibni Səba barəsində buyurduğu hədis təkrar-təkrar yazılmışdır: “Allah Abdullah ibni Səbaya lə’nət etsin; o kişi Әli (ə)-ın Allah olduğunu iddia etdi. Allaha and olsun ki, Әli (ə) Allahın itaətkar bəndəsi idi. Vay olsun bizim haqqımızda yalan söyləyənlərə....” İbni Babəveyh «Әqaidi Səduq» kitabında imam Cə’fər Sadiq (ə)-ın səhabəsi ibni Ә’yundan nəql edir: «Bir gün imam Sadiq (ə)-ın hüzuruna gedib soruşdum ki, Abdullah ibni Səbanın nəslindən bir şəxs deyir ki, Allah-taala Məhəmməd (s) və Әli (ə)-ı yaradıb bütün işləri onlara tapşırdı. Onlar yaradar, ruzi verər, öldürər və dirildərlər. Sizin bu barədə fikriniz necədir? İmam Sadiq (ə) buyurdu: Yalan deyir o Allah düşməni.» Әgər biz şiə kitablarına nəzər salsaq, Abdullah ibni Səbanı lə’nətləyən yüzlərlə hədisə rast gələrik. Doğrudan da əgər Abdullah ibni Səba bu məzhəbin banisi olsaydı, şiələr nə üçün «öz əqidəvi rəhbərlərinə» bu qədər tənqid və lə’nət yağdırmalı idilər?! Belə bir şəxsin tarixdə mövcud olması və batil bir məzhəbin bünövrəsini qoyması ilə işimiz yoxdur. Lakin o kafir və iftiraçı şəxsin bəyan etdiyi heç bir əqidə şiə məzhəbinə aid deyildir. Yuxarıda qeyd etdiyimiz hədislərdən mə’lum olur ki, Abdulllah ibni Səba Әli (ə)-ın Allah olduğunu iddia edirdi. Bu fikir «Ğulat» yə’ni, «Әliallahilər» məzhəbinin bünövrəsini qoydu. Әliallahilər məzhəbinin heç bir əqidəsi şiə məzhəbi tərəfindən qəbul olunmamış və onlar kafir hesab olunmuşlar. Onlar yəhudi əsilli bir iftiraçının yalanlarına uyub kor-koranə şəkildə Qur’ani-Kərimin göstərişlərinə qarşı çıxır, Әli (ə)-ın Allah olduğuna e’tiqad bəsləyirlər. Şiə məzhəbində e’tiqad məsələlərini açıqlamağa və ya geniş izahat verməyə ehtiyac yoxdur. Bütün şiələr Allah-taalanın vahid olduğuna, Allahdan özgə hər şeyin məxluq və ona möhtac olduğuna inanırlar. «De ki, ey kitab əhli, nahaq olaraq öz dininizdə həddinizi aşmayın.....» (Maidə-77). Vahid Allaha iman gətirən şiələr bu ayəni rəhbər tutaraq hər hansı bir şəxsin barəsində həddən artıq tə’rif vermək, o şəxsi sahib olduğu məqamdan uca hesab etməyi öz əqidəsinə zidd hesab edirlər. Bütün şiə kitablarında Әli (ə)-ı Allah hesab edən şəxslər kafir və murdar hesab olunur, onlarla evlənmək, onları qüsl-kəfən edib müsəlman qəbristanlığında dəfn etmək qadağan edilir. Bu batil məzhəbi lə’nətləyən saysız-hesabsız hədislər şiə kitablarında yazılmışdır. Gördüyünüz kimi Abdullah ibni Səba kimi iftiraçı bir şəxsin nə özü, nə əqidəsi şiə məzhəbi tərəfindən qəbul olunmamışdır. Şiə məzhəbi Әli (ə)-ı ilahiləşdirən, hətta onu Peyğəmbərdən (s) yüksək təqdim edən hədisləri tamamilə yalan və iftira hesab edir. «Ya Әli, doğulduğun günü görməsəydim sənə Allah deyərdim». Böyük Peyğəmbərimizdən (s) nəql olunmuş bu kimi qondarma hədislər, İslam dinini, xüsusilə şiə məzhəbini gözdən salmaq üçün uydurulmuş yalanlardır.