1-Mərifət və itaət
Məhdi (ə)-ın köməkçiləri Allah və öz imamları barəsində dərin mə`rifətə malik və kamil agahlıqla haqq səhnəsində hazır olmuşlar. İmam Əli (ə) onların barəsində buyurmuşdur: «Onlar elə kişilərdir ki, Allahı layiqli şəkildə tanımışlar.»[1]
Onların imama qarşı mə`rifət və e`tiqadları da ruhlarının dərinliklərinə işləmiş, bütün vücudlarını əhatə etmişdir. Onların malik olduqları bu mə`rifət imamın adını, nişanəsini və nəsəbini bilməkdən müqayisə olunmaz dərəcədə yüksəkdir. Bu mərifəti imamın vilayət haqqına və onun varlıq aləmindəki yüksək məqamına olan bir mə`rifətdir. Bu da onları İmama qarşı məhəbbətlə sirab edən bir mə`rifətdir ki, ona qeydsiz-şərtsiz itaət edərək fərmanlarına qulaq asırlar. Çünki bilirlər ki, İmamın sözü Allahın sözü, İmama itaət etmək Allaha itaət etməkdir. Peyğəmbəri Əkrəm (s) onları vəsf edərək buyurmuşdur: «Onlar öz imamlarına itaət etməkdə ciddiyyətlə çalışırlar.»[2]
2-İbadət və mətinlik
Həzrəti Məhdi (ə)-ın köməkçiləri ibadətdə öz rəhbərlərindən nümunə götürərək, gündüzləri və gecələri Haqqın şirin zikri ilə keçirirlər. İmam Sadiq (ə) onların barəsində buyurur:« (Onlar) gecəni ibadətlə sübhə, gündüzləri orucla axşama çatdırırlar[3].» Başqa bir rəvayətdə isə buyurdu: «Atların üstündə də Allaha təsbih deyirlər.»[4]
Məhz Allahın bu cür yad edilməsi onlardan polad kimi möhkəm olan insanlar düzəltmişdir ki, heç bir şey onların möhkəm iradələrini və mətinliklərini sındıra bilməz. İmam Sadiq (ə) buyurur: «Onlar elə kişilərdir ki, qəlbləri sanki polad parçalarıdır.»[5]
3-Canını fəda etmək və şəhadət arzusu
İmamın köməkçilərinin o həzrət barəsində dərin mə`rifət əldə etmələri onların qəlblərini öz imamlarına qarşı eşq-məhəbbətlə doldurmuşdur. Buna görə də müharibə meydanında imamı üzük qaşı kimi dövrəyə alaraq öz canlarını ona gələn bəlalara sipər edirlər. İmam Sadiq (ə) buyurur: «(İmam Məhdinin köməkçiləri) döyüş meydanında pərvanə kimi onun ətrafına dolanar, öz canları ilə onu qoruyub-saxlayarlar.»[6]
Həmçinin buyurur: «Onlar Allah yolunda şəhadətə çatmağı arzu edərlər.»[7]
4-Şücaət və rəşadət
Həzrəti Məhdi (ə)-ın köməkçiləri öz mövlaları kimi, şücaətli və polad kimi iradətli insanlardır. İmam Əli (ə) onları vəsf edərək buyurmuşdur: «Onların hamısı meşədən çıxmış şirlər kimidir; Əgər iradə etsələr, dağları yerindən qopararlar.»[8]
5-Səbir və təmkinlilik
Aydındır ki, dünya səviyyəsindəki zülm ilə mübarizə aparmaq və ilahi ədalətin bərqərar edilməsi özü ilə çoxlu əzab-əziyyət və məşəqqətlər də gətirəcəkdir. İmamın köməkçiləri o həzrətin dünya səviyyəli proqramlarının həyata keçməsi üçün bütün çətin problemlərə və xoşagəlməzliklərə cani-dildən sinə gərir, lakin ixlas və təvazökarlıqlarına görə öz əməllərini çox kiçik dəyərləndirirlər. İmam Əli (ə) buyurmuşdur: «Onlar elə bir qrupdur ki, Allah yolunda (özlərindən göstərdikləri) səbir və helmlərinə görə Allah-Taalaya minnət qoymur, öz canlarını Allah-Taalaya təqdim etməklə iftixar etmir və onu böyük bir əməl saymırlar.»[9]
6-İttihad və həmrəylik
İmam Əli (ə) Məhdi (ə)-ın köməkçilərinin ittihad və həmrə`yliyini belə buyurur: «Onların qəlbləri bir və özləridə bir-birləri ilə həmahəngdirlər.»[10]
Onların eyni fikirdə olmasının səbəbi budur ki, onlarda özlərini bəyənmək, nəfsi şəxsi istəklər tabe olmaq və s. kimi mənfi xislətlərdə heç bir əsər-əlamət yoxdur, onlar düzgün etiqadla, bir bayraq altında və vahid bir hədəflə qiyam etmişlər. Bu da onların müqabil cəbhəyə qələbə çalma amillərindən biridir.
7-Dünyaya məftun olmamaq və təqva
İmam Əli (ə) Məhdi (ə)-ın köməkçilərini vəsf edərək buyurmuşdur: «O, öz köməkçilərindən (bu əsasda) bey`ət alır ki, qızıl və gümüş toplamasınlar, buğda və arpa ehtiyat etməsinlər.»[11]
Onlar çox yüksək hədəflərə malikdirlər, böyük ideyaların həyata keçməsi üçün ayağa qalxmışlar, buna görə də dünyanın maddi işləri onları öz hədəf və ideallarından saxlamamalıdır. Odur ki, dünyanın bər-bəzəklərini, qızıl-gümüşlərini görmək onları heyrətə salmır, qəlblərini sapdırmır və bu kimi işlər imamın xüsusi köməkçilərinin arasında heç bir əhəmiyyət kəsb etmir.
Qeyd olunanlar imam Məhdi (ə)-ın köməkçilərinin bə`zi xüsusiyyətləri idi ki, onlar bu xüsusiyyətlərə malik olduqları üçün rəvayətlərdə çox böyük əzəmətlə yad edilmiş, mə`sum rəhbərlər onları çox tə`rifləmişlər. Peyğəmbəri Əkrəm (s) onları vəsf edərək buyurur:
اُولئِكَ هُمْ خِيار الْاُمّةِ
«Onlar (mənim) ümmətimin ən yaxşılarıdır.»[12]
Digər bir rəvayətdə İmam Əli (ə) buyurur:
فَبِاَبى وَاُمّى مِنْ عِدّةٍ قََليلَةٍ اَسْمائُهُمْ فِى الْاَرْضِ مَجْهُولَةُ
«Atam-anam yer üzərində tanınmayan az bir qrupa fəda olsun!»[13]
Əlbəttə, İmam Məhdi (ə)-ın köməkçiləri özlərinin malik olduqları ləyaqətə görə müxtəlif təbəqələrdə qərar tuturlar. Rəvayətlərdən aydın olur ki, o həzrətin 313 nəfər xüsusi köməkçisindən əlavə, qiyamın əsas aparıcıları olan on min nəfərlik orduya da malikdir. Bundan əlavə, gəlişini gözləyən minlərlə mö`min də onun köməyinə tələsəcəkdir.
[1] Müntəxəbül-əsər, 8-ci fəsil, birinci bab, ikinci hədis, səh. 611
[2] Yövmül xəlas, səh. 223
[3] Yövmul-xəlas, səh. 224
[4] Biharul-ənvar, 52-ci cild, səh. 308
[5] Yenə orada.
[6] Yenə orada.
[7] Yenə orada.
[8] Yovmul-xəlas, səh. 224
[9] Yenə orada səh 224
[10] Yenə orada səh 223
[11] Müntəxəbul-əsər, 6-cı fəsil, 11-ci bab, 4-cü hədis, səh. 581
[12] Yovmül-xəlas, səh. 224
[13] Mö`cəmu əhadisil İmamil-Məhdi, ikinci cild, səh. 101