IMAM SӘCCAD ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
  • Başlıq: IMAM SӘCCAD ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
  • yazıçı: CƏFƏR SÜBHANİ
  • Mənbə:
  • Buraxılış tarixi: 20:25:5 1-10-1403



Adı: Әli

Ləqəbi: Səccad və Zeynül-abidin

Künyəsi: Әbu Məhəmməd

Atası: Həzrət Hüseyn (ə)

Təvəllüd tarixi: Hicri 38-ci il

Imamlıq müddəti: 35 il

Ömrü: 57 il

Şəhadəti: Hicri 95-ci ildə Hişam ibni Әbdülməlikin əmri ilə zəhərlənərək şəhid oldu.

Məzarı: Mədinədə Bəqi qəbristanlığı.

IMAM ZEYNÜL-ABIDIN ӘLEYHISSALAM

TӘVӘLLÜDÜ

Iran, ikinci xəlifə Ömərin dövründə müsəlmanlar tərəfindən fəth olunduqdan sonra Iran şahı Yəzdgirdin qızları Mədinəyə gətirildilər.

Hamı Mədinə məscidinə yığışaraq Ömərin nə əmr edəcəyini gözləyirdi. Ömər onları satmaq istədikdə Әli (ə) bu işə mane olub belə buyurdu: «Qızları sərbəst burax, qoy öz istədikləri adama ərə getsinlər.»

Bu vaxt qızlardan biri Hüseyn ibni Әlini, o birisi isə imam Həsən Müctəbanı özün ər seçdi. Әli əleyhissalam həzrət Hüseyn əleyhissalama buyurdu: «Bu qızı lazımınca qoru, çünki onun bətnində Allahın yer üzündə ən yaxşı bəndəsi və bütün imamların atası olan bir imam dünyaya gələcəkdir».

Çox keçmədi ki, Әli ibni Hüseynin vücudunun günəşi, hicri 38-c ilin Şəban ayının beşində cüməaxşamı günü, Mədinədə işıqlandı. Uşağın adını Әli qoydular, sonralar isə Zeynül-abidin və Səccad ləqəblərinin sahibinə çevrildi.

HӘZRӘT ZEYNÜL-ABIDININ ӘXLAQI XÜSUSIYYӘTLӘRI

1. Təqvası:

O həzrətin əxlaqi xüsusiyyətlərindən biri də təqva və pəhrizkarlığı idi. Bu barədə imam Sadiq (ə) belə buyurmuşdur: «Әli ibni Hüseyn, Bəni Haşim övladları arasında öz gözəl rəftarına əsasən Әli əleyhissalama çox bənzəyirdi».

O həzrətin oğlu imam Məhəmməd Baqir (ə) isə bu barədə belə buyurmuşdur: «Bir gün atamın yanına gəldikdə onun Allaha ibadətlə məşğul olduğunun şahidi oldum. Belə ki, o həzrətin gözləri ağlamaqdan qızarmış, ayaqları isə səcdəyə getməkdən şişib, topuğu qabar olmuşdu. Bu vaxt mən ona dedim: Әziz ata, niyə ibadətdə ikən özündən gedir və özünü bu qədər incidirsən?» Atam ağlayıb buyurdu: «Övladım! Allaha nə qədər ibadət etsəm belə yenə, baban Әli ibni Әbu Talibin ibadətlərinin yanında heçdir.»

Tavus Yəmani deyir: Imamın Kəbədə səcdə halında ikən belə söyləməsinin şahidi oldum: «Pərvərdigara! Sənin bəndən, Sənə möhtac olan, Sənin evində Sənin rəhmətini, əfvini və ehsanını gözləyir.»

2. Xalqın həyat və məişəti ilə maraqlanmaq:

Imam Zeynül-abidin əleyhissalam da, babası həzrət Әli (ə) kimi tarla və xurmalıqlarda çalışırdır. Hər xurma ağacınında iki rükət namaz qılıb özündən gedərdi ki, Allahdan başqa heç bir şey yadına düşməzdi.

Iyirmi dəfə Məkkəyə piyada getmiş, həmişə də xalqı Quranın cəzbedici ayələri ilə hidayət edib, onlara doğru yolu göstərərdi.

Dünyadakı bütün insani sifətlər o həzrətin vücudunda cəm olmuşdu. O, müqavimət, fədakarlıq və rəhmətin ən mükəmməl nümunəsi idi. Yüzlərlə yoxsul və ac ailəni dolandırır, gündə evində bir neçə qoyun kəsdirərək kasıblar arasında paylayır, paltarsızlara paltar verir, borcluların borclarını ödəyirdi, özü isə sadə geyinib sadə dolanırdı.

Günlərin bir günündə bir kişi Әli ibni Hüseynin hüzuruna gəlib söyməyə başladı. Imam böyük həvəslə və mehribanlıqla həmin kişiyə belə buyurdu: «Aya qardaş əgər doğru deyirsənsə və bu saydığın sifətlər məndə varsa, Allah məni bağışlayıb günahımdan keçsin. Yox əgər yalan söyləyirsənsə Allah səni bağışlayıb günahından keçsin». O kişi imamın bu ehtiramından utanıb həzrətdən üzr istədi.

Imamın dostlarından olan Әbu Həmzə Səmali həzrətin xidmətçisindən xülasə olaraq, imamın əxlaqından ona danışmasını xahiş etdikdə xidmətçi öz sözünü belə başladı: «Illərdir ki, onun qulluğundayam. Düzlük, doğruluq, təqva və paklıqdan başqa o həzrətdə heç bir şey görməmişəm. Mövlam, bütün çətinliklərə baxmayaraq, xalqın məsələləri ilə maraqlanaraq onların qarşılaşdıqları çətinlikləri yorulmadan həll edir».

Zeyd ibni Üsəma ölüm yatağında ikən, imam Səccad (ə) onun əyadətinə gəldikdə Zeydi ağlayan görüb ondan nəyə görə ağladığını soruşdu. Zeyd belə cavab verdi: «On beş min dinar borcum var ki, gərək ödəyəm, lakin mal-dövlətimə baxdıqda isə görürəm ki, heç borcum qədər deyil». Imam (ə) buyurdu: «Ağlama, mən sənin bütün borclarını ödəyərəm, buna əmin olar bilərsən.»

Axşamlar hava qaraldıqda və hamı yatandan sonra həzrət Səccad (ə) ayağa qalxıb, müxtəlif azuqələri bir kisəyə tökərək tanınmasın deyə üzünü örtüb, kisəni dalına çatıb yoxsulların evinə aparardı.

Həzrət (ə) Mədinədə yaşayan təxminən yüz başsız ailəni idarə edirdi ki, onların da çoxu yoxsul və kasıblardan ibarət idi. Qəribədir ki, həmin ailələrdən biri də bilmirdi ki, onların məişətini idarə edən imam Zeynül-abidin əleyhissalamdır.

Onlar yalnız imam şəhid olduqdan sonra, köməklərinin kəsildiyini görüb başa düşdülər ki, onlara yardım edən şəxs həzrət Səccad imiş.

ATASI ILӘ BIRLIKDӘ

Imam Zeynül-abidin əleyhissalamın atasının Kərbəlaya hicrət etdiyi gündən etibarən imam Hüseyn əleyhissalamın ardınca qədəm-qədəm irəliləyirdi. Hətta Aşura günündə atası kömək istədikdə xəstə olmasına əhəmiyyət verməyib atasının köməyinə yetmək üçün ayağa qalxdıqda həzrət Zeynəb (ə) ona mane olub buyurdu: «Sən bu ailənin yeganə yadigarı, Hüseyndən sonrakı imamımız və hamımızın qoruyucususan. Sənin borcun bizi qorumaq və şəhidlərin missiyasını xalqa yetirməkdir.»

Bir sıra cahil adamlar imamı əldən düşmüş bir xəstə kimi təsəvvür etsələr də, yanılırlar. Çünki imamın Kərbəladakı xəstəliyi ilahi bir məsləhət imiş ki, düşmən qılıncından amanda qalaraq həzrətin özü Kərbəlanın canlı tarixi olsun. Imam Hüseyn (ə) və bütün əshabı şəhid olduqdan sonra, Şümr (lə) və Bəni Üməyyə qatillərindən bir dəstə imamın çadırına girib Hüseynin varisini də öldürmək istədilər. Lakin imamı xəstə gördükdə Şümrlə (lə) gələnlər ona etiraz etdilər. Ömər Səd də Şümrü tutacağı əməlinə görə qınayaraq onu imamın çadırından çıxarıb dedi: Görmürsən bu xəstədir və heç bir iş görə bilməz?! Onunla işin olmasın!!»

HӘRӘKATIN BAŞLANMASI VӘ IMAMIN HӘRӘKATDAKI ROLU

Hicri 61-ci ilin Məhərrəm ayının 11-də səhər çağı, imam Zeynül-abidin əleyhissalam şəhidlərin ailəsi ilə birlikdə düşmən tərəfindən mühasirə olunmuş bir vəziyyətdə ikən əl-ayağını da zəncirlə bağlayaraq o həzrətin daha çox narahat olması üçün şəhidlərin başlarını gözünün qabağına qoymuşdular.

Heç şübhəsiz əgər bu imam (ə) Kərbəlada olmasaydı və Yezidin cinayətlərini yaxından görməsəydi və həmin cinayətləri Kufədə və Şamda xalqa izah etməsəydi, Bəni Üməyyə hökuməti tarixdə bu dərəcədə rüsvay olmazdı.

Hüseyn (ə) xanədanı, onları məğlub hesab edən bir dəstə cahilin güman etdiyinin əksinə olaraq getdikləri hər bir yerdə öz inqilablarının qələbəsindən, Yezidin isə məğlubiyyətindən danışırdılar. Bundan üstün qələbə nə ola bilər ki, düşmən onlardan qorxurdu və danışmağa ağızlarını açanda xalq onları alqışlayıb afərin deyərək düşmənlərinə lənət söyləyirdilər?!

IMAMIN KUFӘDӘ ÇIXIŞI

Әsirlər karvanı Kufəyə çatdıqda camaat onları görmək üçün pişvazlarına çıxmışdılar. Imam Səccad (ə) Kufəlilərin etinasızlığından başa düşdü ki, onları tanımayıblar. Buna görə əli ilə işarə edərək onlara susmaq əmrini verdi. Camaat susdu. Hüseynin yadigarı sözə başlayıb belə buyurdu: «Ey Kufə camaatı! Mən Әli və Fatimənin övladı, Peyğəmbərin övladı Әliyəm. Mən uşaqları öldürülmüş, var-dövləti talan olunmuş, xanədanı əsir alınaraq qarşınızda saxlanılan imamın övladıyam.

Siz atama məktub göndərib dəvət etdiniz. O isə sizə tərəf gəldikdə onu öldürdünüz. Sabah qiyamət günündə Allahın və Peyğəmbərin cavabını necə verəcəksiniz?

Siz peyğəmbərinizin hörmətini saxlamadınız, onun ruhunu incitdiniz. Vay sizin halınıza, siz çox pis adamsınız».

Imam (ə) bu sözləri ilə yatmış vicdanları oyadaraq qəlbləri riqqətə gətirdi. Bununla da Әməvilərin şənliyini yasa çevirdi.

IBNI ZIYADIN SARAYINDA

Məmurlar Kufə şəhərində vəziyyətin gərginləşdiyini Ibni Ziyada xəbər verdikdə əsirlərin tezliklə saraya gətirilməsini əmr etdi.

Ziyadın alçaq və satqın oğlu təntənəli bir yığıncaq təşkil edib Kufənin böyklərini də oraya dəvət etmişdi. Beləliklə də öz qüdrətini onlara göstərib, lovğalanmaq və riya etmək istəyirdi.

Elə bu vaxt Hüseynin sağ qalmış ailə üzvlərini oraya gətirdilər. Orada olanların hamısı onlara baxırdılar. Әsirlərin heç biri Kufə cəlladı Ibni Ziyada məhəl qoymadı. Ibni Ziyad qəzəblənmişdi və onlara hörmətsizlik etmək istəyirdi, lakin cəsarəti çatmadı. Həzrət Səccad ona xitab edib buyurdu: «Ey Ziyad oğlu! Bu gün qüdrət taxtında oturubsan, Peyğəmbərin uşaqları isə qarşında durublar. Belə güman etmə ki, bizim nəzərimizdə qiymətli bir dəyərin vardır».

Bu cümlələr ona elə təsir etdi ki, Kufənin zülmkar hakimi əl-ayağını itirib yaman söyləməyə və təhdid etməyə başladı. O əmr etdi ki, imam Səccadı da öldürsünlər. Әsirlərin hərəkəti və orada olanların etirazı Ibni Ziyadın verdiyi əmri geri götürmək məcburiyyətində qoydu. Amma imam Səccad (ə) yenidən ona xitab edərək belə buyurdu: «Məni öldürməklə qorxudursan? Öldürülmək bizim adətimiz, şəhid olmaq isə kəramətimizdir». Ibni Ziyad çaş-baş qalmışdı, onun əsirlərini oradan aparmaq əmrini verməkdən başqa heç bir çarəsi qalmamışdı.

YEZIDIN MӘCLISINDӘ

Peyğəmbər xanədanı artıq yorğun, ruhdan düşmüş və narahat idi. Onları iplə bir-birinə bağlayıb Yezidin sarayına apardılar. Onlar Yezidlə də Ibni Ziyadla davrandıqları kimi rəftar etdilər. Bu vaxt imam Səccad əleyhissalam buyurdu: «Ey Yezid! Sən özünü müsəlman hesab edirsən, amma əgər Peyğəmbər (s) bizi bu vəziyyətdə, belə bağlanmış halda görsə, səninlə necə rəftar edər və sənə nə deyər?»

Imamın bu qəti cümləsi orada olanların hamısını ağlatdı. Yezid isə qoxusundan tez iplərin kəsilməsini əmr etdi.

Daha sonra Yezid ağır sözlər deməyə başladı. Lakin Hüseynin övladları, o cümlədən imam Səccad əleyhissalam, qarşısında dayanıb ifşaedici sözlərilə onu rüsvay etdilər. Iş o yerə çatdı ki, Yezidin hərəmxanasının içindən belə etiraz və ağlamaq səsləri ucaldı. Bu etiraz və ağlamaqların hər biri Yezidin başına dəyən bir çəkicə bənzəyirdi ki, onu işrət yuxusundan oyadırdı. O, başa düşdü ki, əgər Peyğəmbərin varislərini bir az da öz sarayında saxlasa, qiyam başlanar və o zaman da Yezid həlak olar. O, özünü xalqın etiraz və qəzəb dənizində qərq olunmuş bir vəziyyətdə görür, o yan bu yana baxaraq özünə bəraət qazandırmaq üçün çıxış yolu axtarırdı. Birdən qışqırıb dedi: «Allah bu Ibni Ziyada lənət eləsin. Mən Hüseyni öldürmək və ailəsini əsir aparmağa razı deyildim.». Lakin artıq iş işdən keçmişdi və hamı bilirdi ki, əsl cinayətkar onun özüdür. Buna görə də rüsvayçılıq artmasın deyə dərhal əmr etdi ki, əsirləri qabaqcadan onlar üçün hazırlanmış xüsusi yerə aparsınlar. Peyğəmbərin övladlarını həmin yerə apardılar. Lakin onlar orada da sakit durmayıb xalqa Yezidin cinayətləri barədə məlumat verirdilər. Hətta imam Hüseynin üç yaşında olan qızı Rüqəyyə də bu mübarzədə iştirak edirdi.

IMAM ŞAM MӘSCIDINDӘ

Bir gün Yezid məğlubiyyətini aradan aparmaq üçün hökmdarlığı və qüdrətinin mərkəzi olan Şam məscidində təntənəli bir məclis qurub satqın natiqlərə əmər etmişdi ki, onu mədh edib Peyğəmbərin ailəsinə yaraşmayan sözlər desinlər. Bununla da xalqın qarşısında bəraət qazanıb Peyğəmbərin övladlarını təqsirkar göstərmək istəyirdi. Imam Səccad əleyhissalam məscidin bir küncündə oturub Yezidin natiqini dinləyirdi. Natiq Yezidi mədh edib, Peyğəmbərin xanədanına pis sözlər dediyi vaxt, o həzrət (ə) uca səslə fəryad etdi: «Vay olsun sənin halına ey satqın muzdur! Yezidi sevindirmək üçün Allahı qəzəbləndirdin, özün üçün isə cəhənnəm qazandın».

Sonra Yezidə tərəf dönüb buyurdu: «Qoy bu taxtaların üstünə çıxım və Allah ilə xalqı sevindirən bir söz danışım».

Yezid əvvəlcə əhəmiyyət verməyib icazə vermək istəmədi. Lakin məclisdə olanlar Yezidin imama icazə verməsini istədilər. Yezid çarəsiz qalıb icazə verdi, lakin bu işin axırından qorxurdu.

Imam (ə) minbərə çıxıb Allaha həmd və səna etdikdən sonra buyurdu: «Ay camaat! Allah-taala bizə elm, dözüm, səxavət, şücaət, iman və pəhrizkarlıq əta etmişdir. Bilin ki, islam Peyğəmbəri bizdəndir, Әli (ə) və Cəfəri Təyyar bizdəndir, Həmzə Seyyidüş-şühəda və Peyğəmbərin qəlbinin meyvələri olan imam Həsən ilə imam Hüseyn (ə) bizdəndirlər».

Birdən-birə xalq özünə gəlib, qəlblər sinələrdə çırpınmağa başladı və bütün gözlər imama zilləndi.

Demək bizə yalan demişdilər ki, bunlar hökumət əleyhinə qiyam edən xaricilərdir. Bunlar Allahın yer üzündəki ən yaxşı bəndələridirlər.

Imamın sonrakı cümlələri xalqı daha da ayıltdı. Imam (ə) belə buyurdu: «Mən Məkkənin, Minanın övladıyam, mən zəmzəm və səfanın övladıyam (yəni onlar bizə aiddir). Mən meraca getmiş bir şəxsin övladıyam, mən Allah Peyğəmbərinin övladıyam, mən Әliyyi-Mürtəzanın, Fatimeyi-Zəhranın övladıyam, mən Kərbəlada günahsız öldürülən Hüseynin övladıyam».

Birdən onlar qəhərlənib, kişili-arvadlı ağlamağa başladılar. Özünü mühasirədə hiss edən Yezid «azanverənə azan vermək əmrini verin» - dedi. Azan səsi yüksəldi «Allahu Әkbər». Həzrət (ə) buyurdu: «Әn böyük Allahdır.» Azanverən dedi: «Әşhədü ənla ilahə illəllah». Həzrət (ə) belə buyurdu: «Әtim, dərim və sümüklərim də buna şahiddir». Azan verən dedi: «Әşhədü ənnə Muhəmmədən Rəsulillah». Həzrət (ə) buyurdu: «Ey azançı! Adını çəkdiyin Peyğəmbərə görə bir az döz dayan.» Sonra Yezidə xitab edərək buyurdu: «Ey Yezid! Adını çəkdikləri bu peyğəmbər mənim babamdır yoxsa sənin baban? Әgər «mənim babamdır» - desən, yalan deyibsən və əgər «sənin babandır» - desən, onda nə üçün Kərbəlada oğullarını öldürüb uşaqların əsir etdin?»

Yezid cavab verə bilməyib xalqı aldatmaq üçün tez namaza qalxdı. Imam isə Şam əhalisindən bir dəstə ilə birlikdə etiraz nişanəsi olaraq məscidi tərk etdi.

Bu sözlər, bu kəlamlar o qədər təsiredici idi ki, Yezid Peyğəmbərin Әhli-beytini ehtiramla Mədinəyə göndərmək məcburiyyətində qaldı. Bu etirazlar xalqın qəzəb və nifrətini Yezid və Әməvi dövlətinə qarşı inqilab bayrağını dalğalandırdı. Artıq Mədinə Yezid əleyhinə üsyan və qiyama başlamışdı.

Yezid qiyamı qırğınla yatırtmaq istəyirdi, amma artıq bunun heç bir faydası yox idi. Buna görə də Müslim ibni Әqəbə adlı murdar bir kişinin sərkərdəliyi altında Mədinəyə hərbi bir hissə göndərdi. O da üç gün əsgərləri ilə birlikdə xalqın evinə soxulub var-dövlətlərini talan edərək, təxminən on min nəfər öldürdü. Lakin bunların heç biri fayda vermədi və ondan sonra Yezid bir gün görmədi.

Nəhayət hicri 64-cü ildə Yezidin həyatının qara kitabı bağlanıb dünyadan getdi və oğlu ikinci Müaviyə onun yerində oturdu. Lakin qırx gündən sonra atasının cinayətləri və xanədanının abırsızlığına görə vəzifəsindən istefa verdi. Illərlə xəlifəlik məqamına göz tikən Abdullah ibni Zübeyr Məkkədə qiyam edib hakimiyyəti ələ keçirdi. Şamda isə Mərvan qüdrətə çatdı. Hakimiyyət uğrunda mübarizə başlandı. Ikisi də bir-birlərini aradan aparmaq üçün hazırlaşırdılar. Çox kemədi ki, Mərvan öldü və oğlu Әbdülməlik onun yerində oturdu.

O, hakimiyyəti ələ keçirdikdən sonra hicri 73-cü ildə Məkkəni mühasirə edib Abdullah ibni Zübeyri öldürdü.

Әbdülməlik xəsis və alçaq bir adam idi. Ondan insanlıq və mərhəmətdən bir əsər belə yox idi. Belə ki, bir gün Müsəyyibə «yaxşı işlər xoşuma gəlir» - deməsi tarixi bir həqiqətdir. Әbdülməlikin ən böyük cinayətlərindən bir də Həccacı Kufəyə və Bəsrəyə hakim təyin etməsidir. Həccac çox rəhimsiz və daşürəkli bir adam idi və qısa bir müddət ərzində həzrət Әlinin ardılıcıllarından təxminən yüz iyirmi min nəfəri öldürüb çoxlarını da zindana saldı.

Әbdülməlik həzrət Səccad əlehyissalamı nəzarət altında saxlayır və bir bəhanə axtarırdı ki, o həzrəti tutdursun. Nəhayət onu tutdurub Şama gətirtdi. Lakin xalqın etirazı nəticəsində həzrəti Mədinəyə qaytarmaq məcburiyyətində qaldı.

IMAM SӘCCADIN HIŞAMLA OLAN ӘHVALATI

Әbdülməlik illərlə davam etdiyi cinayətlərindən sonra öldü və oğlu Hişam atasının taxtında oturdu. O, həcc günlərinin birində Məkkəyə, özü demişkən, Allahın evini ziyarət etməyə gəlmişdi. Bununla da sadəlövh insanları aldatmaq istəyirdi. Bununla da sadəlövh insaların aldatmaq istəyirdi. Təvaf zamanı izdiham çox olduğuna görə təvaf edə bilmədiyindən məcbur qalıb bir küncdə oturdu. Birdən imam Səccad (ə) hərəmə girdikdə camaat o həzrəti saxlamayaraq onun rahat təvaf etməsi üçün yol açdılar.

Həzrət (ə) təvaf etdikdən sonra Həcərül-əsvədə tərəf getdi ki, ona əl sürtsün. Bu əhvalatı görən Hişam bərk narahat olub etinasızlıqla soruşdu: «Bu kişi kimdir? Onu tanımıram.» Azad bir şair olan Fərəzdəq tez Hişama tərəf dönüb dedi: «Ey Hişam, onu tanımamağın çox təəccüblüdür. Qulaq as onu sənə təqdim edib tanıtdırım.

Bu Məkkə yurdu və Allahın hərəminin tanındığı bir şəxsdir.

Bu elə bir şəxsdir ki, islam Peyğəmbəri onun babasıdır və Allah həmişə onlara salam göndərir. Bu, Allahın bəndələrinin ən xeyirlisinin oğludur. Bu həmin məşhur pəhrizkar insandır. Sənin «onu tanımıram» - deməyin, ona heç ziyan yetirməz. Әgər sən onu tanımasan da, bütün ərəb və əcəm onu tanıyır».

Hişam Fərəzdəqin sözlərindən qəzəblənib onu zindana aparmalarını əmr etdi.

Imam Səccad (ə) zindanda ona hədiyyə göndərərək çəkdiyi zəhmətlərinə görə təşəkkür edərək nəhayət, onu zindandan azad etdirdi.

IMAM SӘCCAD (Ә) VӘ SӘHIFEYI-SӘCCADIYYӘ

Imam Səccad (ə) nəzarət altında olduğu üçün təbliğat vəzifəsini dua şəklində bəyan etmək məcburiyyətində qalmışdı. O həzrətin dualaranın külliyyatı «Səhifeyi-Səccadiyyə» adlı bir kitabda toplanıbdır. Bu kitab riyaziyyat, biologiya, astrontomiya, əxlaq, siyasət və sairə bu kimi elmləri ehtiva edir.

Әslində isə bu kitab həqiqətləri, çətinlikləri və dərdləri ifadə edir. Biz burada nümunə olaraq həmin kitabdan bir neçə qısa və sadə cümlənin tərcüməsini sizlərə təqdim edirik.

1. «Ey Allah! Qəzəbin və paxıllığın həddini aşmasından, dözümlülüyün azlığından və həyatda iftar etməkdən sənə pənah gətirirəm».

«Ey Pərvərdigara! Ömrüm Sənin bəndələyində və Sənə itaət etməklə keçdiyi müddətdə məni diri saxla; Şeytanın otlağına çevrildikdə isə məni Özünə tərəf apar və canımı al».

2. «Ey övlad! Ata-anana hörmət göstər. Çünki ata olmasaydı, sən də yox idin. Səni bütün varlığın ilə qoruyan anana bax. O, səni qidalarndıraraq ac qalmasından qorxmur; səni geyindirərək özünün paltarsız qalmasından qorxmur, səni kölgədə saxlayaraq özünün gün altından qalmasından çəkinmir. Sən onun zəhmətinin əvəzini verməyə qadir deyilsən. Bu işi yalnız Allah görə bilər».

3. «Övladına yaxşı bax. Çünki yaxşı halda da, yaman halda da səndən asılıdır və sən ona təbriyə vremək və doğru yol göstərməyə məsulsan.»

4. «Bacı-qardaşlarınla mehriban ol. Çünki onlar sənin izzətin və qüdrətindirlər. Düşmən qarşısında onlara yardım et və həmişə onların xeyrini istə».

5. «Müəllimə hörmət bəslə və o olan yerdə sən də ədəbli ol və onun sözlərinə qulaq as».

6. «Qonşuna ehtiram göstər və ona yardım et. Әgər onun bir eybini görsən, aşkar etmə, səhv etdikdə isə ona nəsihət ver».

7. «Yoldaşınla insafla davran və o səni necə istəyirsə, sən də onu elə sev».

«Әgər günah etmək istəsə, ona mane ol. Onunla həmişə qəzəbli deyil, mərhəmətlə davran».

HӘZRӘTIN ŞӘHADӘTI

Nəhayət o böyük imam (ə) hicri 95-ci ilin Məhərrəm ayının 25-də, 57 yaşında ikən, bir çox narahatçılıqlar və zəhmətlər çəkdikdən sonra Hişam ibni Әbdülməlik tərəfindən zəhərləndirilərək şəhid oldu. Bəqi qəbristanlığında imam Həsən əleyhissalamın yanında dəfn olundu. Bu gün mübarək və müqəddəs məzarı yolunun aşiqləri və ardıcıllarının ziyarətgahına çevrilmişdir.

AŞAĞIDAKI SUALLARA CAVAB VERIN

1. Həzrətin xüsusiyyətləri haqqında nə bilirsiniz?

2. Imam nə üçün xəstələndi?

3. Imam Səccad (ə) Kufə və Şamda hansı mövzuları izah etdi?

4. Fərəzdək nəyə görə imam Zeynül-abidini məhd etdi?

5. Zalım hökmdarlar nə üçün imamı nəzarət altında saxlayırdılar?