MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ (3)
  • Başlıq: MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ (3)
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 20:15:24 1-10-1403


MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ (3)

Bir müddətdən sonra ruhun kəmala yetişdiyinin şahidi oluruq. Artıq ruh əvvəlki dostları ilə həmsöhbət ola bilmir və özünə yeni dost axtarır. Və bu zaman fərəh dostu hüsnə ruh haqqında danışır və hüsn onu görmək sevdasına düşür. Fərəh ruhun yanında əqlin olduğunu və bu sevdanın baş tutmayacağını söyləyir. Lakin hüsn bildiyi əfsunla ruhu ələ ala biləcəyini qətiyyətlə söyləyir və fərəh hüsnü ruhun yanına aparır. Bədən ölkəsi hüsnün xoşuna gəlir, əfsun ilə ruhu ələ alır. Ruhun hüsnə vurulduğunu bilən eşq özünü bədən diyarına yetirir. Eşq ruhu tərif edir, ruh onun söhbətini bəyənib özünə yaxın bilir və ondan hüsnü soruşaraq onu tanımağına kömək etməsini xahiş edir. Eşq anlayır ki, ruh qafildir. Səfa güzgüsünü onun əlinə verir. Ruh güzgüdə öz əksini görüb heyrətdə qalır. Bir müüddət xəyal ilə yaşayan ruh nəhayət vüsal təmənnasına qərq olur və eşqdən çarə istəyir. Eşq ona bu yolun çətinliyini söyləyir, lakin onun təkidi ilə ruhu əvvəlcə Məşuqluq səhrasına, sonra isə Aşiqlik ölkəsinə aparır. Yolda onlar çox gözəl yerlər görür, cənnətməkan yerlərdən keçib, nəhayət tutqun, zülmət bir yerə çatırlar. Sonra Məşuqluq diyarından keçərək Aşiqlik ölkəsini dolaşırlar. Nəhayət gəlib bir ölkəyə çatırlar. Ruh görür ki, bu həmin bədən ölkəsidir. Ruh baxdıqca hər yerin xaraba qaldığını, Səhhətə xələl yetirildiyini görür. Ruh bunların səbəbini eşqdə görərək: niyə mənim xanımanımı dağıtdın?, deyə ona acıqlanır? Eşq isə cavabında: bütün bəlalar sənin özündədir, deyir. Sonra o zaman xəyalın çəkdiyi surətə baxmasını təkid edir. Ruh həmin Səfa aynasına baxdıqda orada zəif, arıq bir vücud görüb, onu qəbul etmir. Bu zaman eşq deyir ki, ey ruh, bu lövhə Səfa aynasıdır, orada gördüyün birinci surət də sən idin indiki surətdə sən özünsən. O vaxt sən özünə baxanda qafil idin,indi isə kamilləşmisən həm aşiqliyə məhzər sənsən, həm də məşuqluğa zinət sənsən! Mərifət, aşinalığın sürməsidir və bu mənzilə yaxınlaşmaq üçün əlaqələrdən ayrılmaq lazımdır!. Sonra gözlərinə aşınalıq sürməsi çəkən ruh aynasızda özünə baxıb hər şeydən ehtiyatsız bir gözəl görür. Bu məqama çatan ruh yenidən "cəbərut" və "lahut" aləmlərini görür.

Əsər boyu biz ruhun bədən diyarında qarşılaşdığı əzab-əziyyətin şahidi oluruq. Ruh bilərəkdən qarşıdakı çəyikliklərin olacağını eşitdikdən sonra belə irəliləyir.Onu bu cəhətlərə sövq edən eşqdir. Şair burada göstərir ki, ruhun kamilliyə çatması üçün mütləq onun bədən mülkünə səyahəti lazımdır. Bədəndən kənarda ruhun hissetmə və dərketmə qabiliyyəti olsa da, bədənsiz o kamilliyə yetişə bilmir. Biz bunun doğruluğunu Quranda buyurulan Allah sözündə də görürük: "cinləri və insanları ona görə yaratdım ki, mənə ibadət etsinlər". Hədisi qüdsidə buyurur: "Mən bir gizli xəzinə idim, istədim tanınam: insanları yaratdım ki, tanınam". Deməli, Allah Taalanın dərk olunması üçün insanın yaranması, yəni ruhun bədən diyarına daxil olması, gərək idi. Əgər ruh bədəndən kənarda da öz hissetmə və dərketmə qabiləyyətini göstərə bilsəydi, yəqin ki, onun bədən mülkünə düşməsinə, yəni insanın yaranmasına ehtiyac olmazdı.

Fizuli bu əsərdə ruhun bədən mülkünə girdiyi andan oranı tərk etdiyi ana kimi keçdiyi sınaqları qeyd edir və onun məhz bədən mülkündə kamilləşdiyini göstərir. Əlbəttə, ruhun keçdiyi sınaqlar yəqinki Fizulinin bildiyi miqdarda deyildir. Çüki, insan beyni ruh haqqında çox kiçik bir şeyi dərk etmək, hiss etmək qabiliyyətinə malikdir. Həqiqətən isə yalnız Allah bilir! Əsərdən göründüyü kimi ruhu kamilləşdirən eşqdir. Eşq, aşiq, mey, saqi və s. Bu kimi məfhumlar klassik şerdə tez-tez müraciət olunan obyektlərdir. Fizulinin qəzəllərində də tez-tez aşiq-məşuq münasibətinə təsadüf edilir. Əlbəttə klassik şerdəki eşq də bizim adi həyatda qarşılaşdığımız məhəbbət macərası deyildir. Burada Allaha olan İlahi eşqdən bəhs edilir. Aşiq öz sevgilisinə nail olmaq üçün, yəni yaradanına qovuşmaq üçün vüsal həsrəti ilə müəyyən mərhələlərdən keçir. Biz bunu "səhhət və mərəz" əsərində müşahidə edirik. Bu yolda dörd mərhələ ayırd edilir: Şəriət, təriqət, mərifət və həqiqət. "səhhət və mərəz" də ruhun məşuqluq diyarını və aşiqlik ölkəsini dolaşdıqdan sonra mərifətə çatması, gözlərinə aşinalıq sürməsi çəkib həqiqəti dərk etməsinin şahidi oluruq. Qeyd edilən dörd mərhələ sufi təriqətində də olduğu üçün çox vaxt Fizulini sufi şair hesab edirlər. Və yaxud da onun əsərlərində təsəvvüflə bağlı bir çox fikirləri varlığın sübut etməyə çalışırlar. Hətta bu barədə elmi əsərlərdə yazılır. Lakin zənnimcə Allahın dərk edilməsi yolları islam dinində də eynilə bu kimidir. Lakin müsəlman təriqətləri sufilərdən fərqli olaraq, mücərrədliyi deyil, Qurani kərimdə göstərilən istiqamətlə kamilləşib Allahı dərk etməyi düzgün yol hesab edirlər. Yəqin ki,özünü istər yaşadığı dövrdə, istərsə də əsərlərində əsl şiə kimi tanıdan Fizuli də belə düşünmüşdür. Əgər bu cür düşünmüşdürsə, deməli, heç zaman öz yaradıcılığında sufiliyə meyl edə bilməz. Klassik şerdə işlənən mey, aşiq, məşuq kimi sözlər isə klassik şer nümunəsi yaratmaq üçün bir növ vasitələrdir. Hal-hazırda da tarix boyu olduğu kimi şairlər əsərlərində həmin şairlər arasında təsəvvüf anlayan və anlamayan, onu qiymətləndirən və ya onu rədd edənlər vardır. Amma klassik üslubda yazan şairlərin hamısı təsəvvüflə bağlı olan fikirləri şerə gətirir. Bu səbəbdən Fizulini sufi kimi qələmə vermək doğru deyil.